Dövlət qurumları Bakıdan kənar bölgələrə köçürülə bilərmi?

18-09-2020, 16:32 153 dəfə baxılıb

Zaman-zaman Bakının həddindən artıq yüklənməsi və bunun üçün də universitetlərin, dövlət qurumlarının Bakı şəhərindən kənar bölgələrə köçürülməsi məsələsi müzakirə olunur. Pandemiya zamanı bu yükləmə Bakı şəhərində yoluxmanın artmasına səbəb oldu. Dövlət qurumları və universitetlər Bakıdan kənar bölgələrə köçürülə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Bakı şəhərinin həddindən artıq yüklənməsi ilə bağlı mətbuatda, eləcə də ictimaiyyət arasında müxtəlif fikirlər gəzir:

“Amma mən bu fikirlərlərlə tam razı deyiləm. Bakı şəhərinin inzibati ərazisi, burada daha çox insanın yaşamasına imkan verir. Dünya praktikasına nəzər salsaq, Bakı ilə müqayisədə dəfələrlə çox sıxlıq təşkil edən şəhərlər vardır.

Məsələ ondadır ki, şəhərsalma baxımından buraxılmış bəzi səhvlər üzündən paytaxtın mərkəzi hissəsində çoxsaylı yüksək mərtəbəli binaların tikilməsi həddindən artıq yüklənmələrə səbəb olmuşdur. Sadəcə, həm yaşayış binalarının, həm də sosial obyektlərin tikintisində qanunla müəyyən olunmuş proporsiyalar gözlənilməlidir. Əhalinin sıxlıq təşkil etdiyi ərazilər, daha seyrək yerlərə köçürülməli və yeni məskunlaşan bölgələrdə sosial obyektlər inşa olunmalı, yeni iş yerləri, biznes mərkəzləri yaradılmalıdır. İctimai nəqliyyatın hərəkəti düzgün tənzimlənməlidir. Eyni zamanda içməli və texniki suların istehlakı və idarə olunması müasir standartlara cavab verməlidir. Nəzərə almaq lazımdır ki, əksər universitetlər, digər təhsil müəssisələri də əsasən mərkəzdə yerləşir. Azərbaycanda demoqrafik vəziyyət müsbətdir. Əhalinin sayı da artmaqdadır. Urbanizasiya problemləri də dünyanın bütün ölkələrinə xasdır”.

Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə icra olunan “Regionların sosial-iqtisadi inkişafı” proqramı nəticəsində bölgələrdə qlobal işlər həyata keçirilib, artıq insanlar şəhərdən bölgələrə axın etməyə başlayıb:

“Dövlət qurumlarının və universitetlərin şəhərdən kənar ərazilərə köçürülməsi məsələsi ilə demək olar ki, “SOCAR”, “AzərSu”, “Neft fondu” kimi dövlət qurumları mərkəzdən köçürülmüş, bir neçə ali məktəb şəhərdən kənarda inşa olunub. Düşünürəm ki, bu proses davam etdiriləcəkdir. Ancaq dünya iqtsadiyyatının durğunluq dövrünü yaşadığı, maliyyə böhranının davam etdiyi bir zamanda bu, mümkün deyil. Əvvəllər şəhər mərkəzindən ali məktəblərin çıxarılması və tələbə şəhərciyinin yaradılması ideyası olmuşdur. Bu tipli layihələrin maliyyə tutumu milyardlarla ölçülür. Ələlxüsus, müharibə şəraitində əsas imkanlar ordunun gücləndirilməsinə yönəlməlidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR