Valideyn kimə inansın? - "Təlaşlanın" deyən baş infeksionistə, yoxsa "təlaşlanmayın" deyən Təhsil Nazirliyinə?

23-09-2020, 13:48 168 dəfə baxılıb

Dünəndən etibarən mətbuat, sosial şəbəkələr məktəblərdə koronavirusa yoluxma ilə bağlı xəbərləri paylaşır. Təhsil Nazirliyi dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlandığını bildirib. Artıq 4 sinifdə distant təhsilə keçilib. Qubanın Qam-qam kəndində isə kütləvi yoluxma olduğu bildirilib.

İndi valideynləri yoluxmanın daha çox olduğu məktəblərlə bağlı açıqlanmayan məlumatlar daha çox maraqlıdır. Valideynin hansı məktəbdə yoluxmanın olmasını bilmək təbii haqqıdır. Ona görə haqqıdır ki, övladının əyani və ya distant təhsil alması məsuliyyəti artıq nə hökumətin, nə Təhsil Nazirliyinin, nə Operativ Qərargahın, nə də məktəbin boynundadır. Bu məsuliyyət qanunla valideynin boynuna yüklənib və övladının başına məktəbdə gələcək hər hansı xoşagəlməz olaya görə mənəvi-maddi bütün məsuliyyəti valideyni daşıyacaq.

Məsuliyyəti valideynin boynuna atan müvafiq qurumlar onu məlumatlandırmağa borcludur. Ancaq bizdə nə baş verir? Baş verən odur ki, valideynlərə sadəcə, statistik rəqəmlər təqdim olunur. Rəsmi qurumlar əlavə informasiya yaymaqdan çəkinir və güman ki, bunun ajiotaj yarada biləcəyini təxmin edir. Məlumatsızlıq şəraitində isə ajiotajın yaranmasına daha münbit şərait yaranır.

Vəziyyətə baxaq.

Valideynlər arasında təlaş var, övladını əyani tədrisə göndərmək niyyətində olanlar da (səbəblər müxtəlifdir- evdə kompüter, internet təminatı yoxdur, yaxud onlayn tədris effekt vermir-E.K.) bu niyyətindən vaz keçir və məktəblərdə iltizam imzalamaqla distant təhsili seçməyi düşünürlər. Bu qərarı verənlərin sayı tədrisin yuxarı siniflərdə əyani bərpa ediləcəyi tarixdən-oktyabrın 1-dən daha da artacaq. Hələlik isə bu qərarı təkcə Bakıda verənlərin sayı 5262 nəfərdir.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov validentlərə müraciətlə deyir:

“Təbii ki, bu məsələ valideynlərin öz ixtiyarındadır. Onların uşaqlarının məktəbə getməsi ilə bağlı müvafiq iltizam qaydası var. Valideynlər iltizam qaydasını imzalamalı və uşaqlarını distant formada evdə tədrisə cəlb etməlidirlər. Bununla da məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Burada daha çox qaydaları gözləmək, fiziki məsafəni gözləmək, gigiyenik qaydalara əməl etmək vacibdir. Hər hansı təlaşa ehtiyac yoxdur. Mən düşünmürəm ki, biz təlaşlanmalıyıq. Daha çox qaydalara əməl edərək, tədris prosesində iştirak etməliyik”.

Yəni narahatlığa ehtiyac yoxdur.

Digər tərəfdə isə ölkənin baş infeksionisti Cəlal İsayev mətbuatın dili ilə desək, həyəcan təbili çalır. Bildirir ki, aşağı siniflərdə koronavirus adətən subklinik səviyyədə keçir ki, bu da onlar üçün xüsusi təhlükə yaratmır:

“Təbii ki, onlara heç bir təhlükə yaratmasa da, daşıyıcı kimi bizim üçün çox böyük təhlükədirlər. Onlar virusu ifraz edir və bu nöqteyi-nəzərdən heç bir kliniki əlamət olmadan cəmiyyətdə dolaşaraq virusu yayırlar. Ona görə də bu məqamın ciddi təhlükə olmasını nəzərə alıb yeni mexanizmlər hazırlanmalıdır. Bu rəqəmlər kifayət qədər çoxdur və yoluxmanın qarşısını almaq üçün mütləq əlavə tədbirlər görülməlidir”.

Baş infeksionist bölgələrdə yuxarı sinif şagirdlərinin də yoluxduğunu deyir:

“Müəllimlərin də səhlənkar davranışları yoluxmalara şərait yaradıb. Şagirdlərə qısa tənəffüs vaxtı ayırıb onların bir-biri ilə sıx ünsiyyətinin qarşısını almaq lazımdır. Təəssüf ki, ibtidai siniflərdə onlayn dərs keçilməsi effekt verməz. Uşaqların gələcəyi üçün də təhsilin dayandırılması düzgün deyil. Ayrı bir mexanizm düşünülməli, tədbirlər görülməlidir. Bakıda sinifdə yoluxma halı çox olub və 4 sinif bağlanıb. Bu məsələ ilə bağlı kollegial müzakirə aparılmalı və tez bir zamanda qərar qəbul olunmalıdır”.

Vəziyyət təxminən aydındır, bu sahə üzrə ekspert artıq əlavə tədbirlərə ehtiyac olduğunu deyir. Tədrisə məsuliyyət daşıyan qurum- Təhsil Nazirliyi təlaşa ehtiyac olmadığını bildirir. Ortada qalan isə üzərinə bütün məsuliyətin de-fakto və de-yure yükləndiyi valideyn olur. Məlumatsız, quru rəqəmlərə inanmaqdan başqa əlindən heç nə gəlməyən, nə övladının və özünün sağlamlığından, nə də təhsilindən vaz keçə bilməyən valideyn.

Görünən odur ki, gözlər yenə Operativ Qərargaha dikiləcək. Ancaq mart ayından bəri Qərargahın dəfələrlə yanlış qərarlarını göz önünə gətirsək, budəfəki qərarın sonda nəyə gətirib çıxaracağını təxmin etmək çətin olmaz.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR