Ev dustaqlığına buraxılan məşhurlara belə nəzarət edilir - TƏFƏRRÜAT

25-09-2020, 18:11 218 dəfə baxılıb

Azərbaycanın məhkəmə-hüquq sistemində aparılan islahatların istiqamətlərindən biri də ağır cəza tədbirlərinin yüngülləşdirilməsi, humanizm prinsiplərinin əsas götürülməsidir. Bu mənada son dövrlərdə həbs-qətimkan tədbirlərinin seçilməsi ilə bağlı müəyyən pozitiv addımların atıldığını, yumşaq qərarların verildiyini qeyd etmək olar. Məhkəmələrin ölkədə tanınan, nüfuzu olan məhbuslarla bağlı cəza tədbirlərini dəyişdirməsi, əsasən ev dustaqlığına qərar verməsi cəmiyyət tərəfindən müsbət qarşılanır.

Bu sırada Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılan sabiq müdafiə naziri Rəhim Qazıyevin ev dustaqlığına buraxılması, ötən həftə Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində kəsilən 4 il, 3 aylıq məhkəmə hökmünün ev dustaqlığı ilə əvəzlənməsi, habelə DTX-nın Xarici İşlər Nazirliyində (XİN) həyata keçirdiyi antikorrupsiya əməliyyatı zamanı saxlanılan Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi xüsusi qeyd olunmalıdır.

R.Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri təqsirli bilinərək saxlanılmışdı. T.Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilmişdi.

F.Bağırov isə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilir. Bununla belə, cəmiyyət tərəfindən həbsi birmənalı qarşılanmayan, o cümlədən istər səhhəti, istər ailə vəziyyəti nəzərə alınaraq dustaqlar barəsində yüngülləşdirici məhkəmə qərarları çıxarılır.

Eyni zamanda məhkəmə-hüquq sistemində az ağır dərəcəli cinayətlərlə bağlı beynəlxalq təcrübəyə, o cümlədən Azərbaycan qanunlarına istinad edərək, daha loyal hökmlərin oxunması gözlənilir. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında qərar 2018-ci il aprelin 15-dən qüvvədədir.

Musavat.com xatırladır ki, 2020-ci ilin birinci yarısında 4 781 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. 3 129 nəfər elektron qolbaq tətbiq edilmiş məhkuma Probasiya Xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Monitorinq Mərkəzi tərəfindən fasiləsiz nəzarət həyata keçirilir, cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1 652 məhkumdan elektron qolbaqlar çıxarılıb.

Dustaqlar üçün nəzərdə tutulan elektron bilərzik 1950-ci ildə Harvard Universitetinin alimləri tərəfində icad edilsə də, ilk dəfə məhkumlar üzərində 1983-cü ildə tətbiq edilib.

Elektron bilərziyin işləmə mexanizmi sadədir. Konfiqurasiyasından asılı olaraq ev dustaqlığına buraxılmış şəxs müəyyən edilən ərazini tərk etdikdə nəzarət orqanına bu haqda siqnal ötürür. Həmin siqnal xüsusi quraşdırılmış monitora verilir və ona nəzarət edən operatora yazılı mesaj - həyəcan siqnalı çatır. Operator da həmin həyəcan mesajını arestantın nəzarətini birbaşa həyata keçirən ərazi üzrə nəzarətçiyə ötürür. Nəzarətçi əvvəl həmin siqnalın hər hansı texniki xəta olub-olmamasını araşdırmaq üçün ev dustaqlığına buraxılanın ev telefonuna zəng edir. Bu halda evdə kabel telefonunun olması ən əsas şərtdir. Ev dustağı zəngə cavab vermirsə, bu dəfə onun evinin qapısı döyülür. Statistika göstərir ki, “elektron ev dustağı” edilmiş şəxslərin 99 faizi bu şərtlərə əməl edir. Elektron bilərziyin tətbiq edildiyi bütün ölkələrdə nəzarət mexanizmi, demək olar ki, bu cür həyata keçirilir.

Prezident yanında Əfv Komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyevin “Yeni Müsavat”a dediyinə görə, az ağır cinayət törətmiş şəxslər barəsində həbs-qətiimkan tədbirinin seçilməsi halları geniş yayılmışdı. Onun fikrincə, bu, düzgün yanaşma deyildi: “Az ağır cinayət törədənlər barəsində həbs-qətimkan tədbiri seçilməsi dünya praktikasında da qəbul olunmur. Bu məsələdə təqsirləndirilən şəxsin ictimai təhlükəlilik dərəcəsinə baxılır. İstintaqdan qaçıb gizlənməyən, cəmiyyətdə şəxsiyyət olaraq nüfuzu olan, törətdiyi cinayətin ağırlığı kimi xüsusatlar nəzərə alınaraq şəxs barəsində ev dustaqlığı seçilir. Eyni zamanda onun şahidlərə təsir etmək imkanları, sübutları məhv etmək təhlükəliliyi, əvvəllər cinayət törədib-törətməməsi kimi hallar nəzərə alınaraq ev dustaqlığı ilə bağlı qərar çıxarılır. Həmçinin Prezidentin 3 aprel 2019-cu ildə imzaladığı məhkəmə-hüquq sistemində islahatlarla bağlı fərmanında humanistləşmə gözlənilir. Bu fərmandan sonra həbs-qətiimkan tədbirin seçilməsi barədə məhkəmə qərarlarının faiz dərəcəsi ortalama 40 faizin üstünə düşüb. Bundan əlavə, qalan cinayətlərlə bağlı başqa yerə getməmək haqda iltizam alınaraq ev dustaqlığına buraxılır. Düşünürəm ki, bütün bunlar humanist yanaşma ilə bağlı məsələlərdir”.

Ə.Nuriyev hesab edir ki, bəzi hallarda cəmiyyətin, ayrı-ayrı hüquq müdafiəçilərinin, deputatların səsləndirdiyi fikirlər də məhkəmə qərarına təsir edir: “Təqsirləndirilən şəxsin cəmiyyətdəki mövqeyi, ailə vəziyyəti, sağlamlığı da nəzərə alınır. Hesab edirəm ki, bu həm də insan hüquq və azadlıqlarının qorunmasında prioritet kimi dəyərləndirilə bilər. Amma belə nəticə çıxarmaq olmaz ki, hər kəsin etdiyi cinayətin dərəcəsinə baxmadan həbs-qətimkan tədbiri seçilməyəcək. Bu, sonra cinayətkarlığın genişlənməsinə gətirb çıxara bilər. Ona görə tarazlığı qoruyub saxlamaq lazımdır”.

Hüquq müdafiəçisi qeyd etdi ki, son günlərdə ev dustaqlığına buraxılan tanınmışlar barəsində məhkəmə qərarları düzgündür: “Cinayətin ağırlıq dərəcəsi, şəxsiyyətin nüfuzu, ailə durumu, səhhəti, cinayət işinə mane olub-olmamaq dərəcəsini nəzərə almalıyıq. Onların bəzisi yaşlıdır, bəzisi torpaqlarımızın azadlığı üçün döyüşüblər. Mən istintaqın nə dərəcədə obyektiv aparıldığını söyləyə bilmərəm. Amma onların ittiham olunduğu cinayət maddəsi az ağır kateqoriyasına aiddir. Ona görə də məhkəmələrdən davamlı olaraq ədalətli qərarlar, işə obyektiv baxılmasını gözləyirik”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR