Xocalı caniləri harada və necə mühakimə olunacaq? - Vəkil detalları açıqlayır

25-11-2020, 16:21 197 dəfə baxılıb

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu, həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların müasir dövrdəki təzahürü olub.

Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin zəfərlə bitməsi Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcı kimi dəyərləndirilir. 30 illik işğala son verildikdən sonra bu illər ərzində Dağlıq Qarabağda, xüsusilə Xocalıda insanlıq əleyhinə qətliam törədən erməni cəlladlarının mühakimə edilməsi təkrar aktuallaşıb. Xocalı soyqırımının təşkilatçısı və icraçılarından olan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarksiyan, sabiq müdafiə naziri Seyran Ohanyan, Akop Movseyan gec-tez layiqli cəzalarını alacaqlar. Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Seyran Ohanyanı beynəlxalq axtarışa verib. Cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.

Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.

28 il əvvəl, 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıları, qadınları, körpələri qətlə yetirən canilərdən biri Conik Tevosyan Xocalı soyqırımına görə axtarışa verilənlər siyahısında 45-ci sırada dayanır. Conik Tevosyan Sumqayıtda yaşayıb, sonradan Dağlıq Qarabağa köçüb və oradakı erməni separatçılarına qoşulub. Xocalı qətliamında iştirak edib və müharibədən sonra Şuşada yaşamağa başlayıb. Vətən müharibəsində o, Şuşada əsgərlərimiz tərəfindən əsir götürülüb. Conik Tevosyan özünü dinc sakin kimi təqdim etmək istəsə də, məlum olub ki, Xocalı soyqırımının aktiv iştirakçısı olub.

Beləliklə, Azərbaycanın hüquq-mühafizə orqanları Xocalı soyqırımı təşkilatçı və icraçılarının hüquq çərçivəsində mühakimə edilməsi ilə bağlı hərəkətə keçib. Xocalı canilərini hansı cəza gözləyir? Azərbaycan onların beynəlxalq məhkəmədə cəza almasını təmin edə bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan vəkil Fariz Namazlı proseduru belə izah edib:

“Əslində onların ölkə daxili məhkəmələrdə məsuliyyətə cəlb olunması ilə bağlı cinayət işi başlayıb. Orada əsasən müharibə cinayətlərinin törədilməsi, mülki əhalinin qırılması, soyqırım və s. maddələr yer alır. Azərbaycan o şəxslərin məsuliyyətə cəlb olunmasına çalışır. Konkret olaraq bu faciəni törədən şəxslərlə bağlı əməliyyat-axtarış və istintaq hərəkətləri keçirilir. Təyin olunur ki, konkret hansı şəxslər soyqırımın həyata keçirilməsində iştirak edib. Sonra onların barəsində axtarış elan olunur. Səhv etmirəmsə, bu canilərdən yalnız bir nəfəri tutulub və daxili məhkəmədə mühakimə ediləcək”.

Vəkil qeyd edib ki, Azərbaycan caniləri beynəlxalq məhkəməyə verə bilmir:

“Bundan Avropa Məhkəməsinə şikayət vermək olmur. Xocalı hadisəsi 1992-ci ildə baş verib. Amma Azərbaycan Avropa Konvensiyasını 2002-ci ildə radifikasiya edib. Avropa Məhkəməsi 2002-ci ildən əvvəl baş vermiş işlərə baxmır. Bu baxımdan, caniləri Azərbaycan özü məsuliyyətə cəlb etməli, yaxud da tribunal yaradılmalıdır. Necə ki, İkinci Dünya Müharibəsindən sonra Nürenberq tribunalı yaradıldı. Yuqaslaviya, Tokio Tribunnaları var. O tribunallar vasitəsilə də canilər məsuliyyətə cəlb etmək olar. Hazırki mərhələdə Azərbaycan öz məhkəmələri vasitəsilə onları məsuliyyətə cəlb edə və barələrində hökm çıxara bilər”.

Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılmasına toxunan vəkil əlavə edib ki, şəxs başqa ölkədədir və o, “İnterpol”a verilməlidir:

“Tutaq ki, şəxs Ermənistandadırsa, heç bir halda düşmən ölkə o şəxsi Azərbaycana verməyəcək. Amma başqa ölkəyə getsə, ola bilsin ki, “İnterpol” vasitəsilə şəxs Azərbaycana təhvil verilsin. Belə şəxslər üçün 103-cü maddədə 14 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs nəzərdə tutulur. Əgər başqa ölkədə həbs olunsa, onun Azərbaycana ekstradisiya olunması haqda danışıqlar getməlidir. Elə ölkə ola bilər ki, onu qaytara bilməz. Əgər o ölkə hesab etsə ki, bu şəxsin tutulmasında müəyyən siyasi məqsədlər var, o zaman şəxsi heç bir halda Azərbaycana göndərməyəcəklər.

Yəni Azərbaycan məcburi şəkildə o ölkədən şəxsin bura göndərilməsini tələb edə bilməz. Şəxs məsələn, deyə bilər ki, Azərbaycan bizə düşmən ölkədir və ora ekstradisiya olunmağım daha pis şəraitdə saxlanmaq, yaxud işğəncələrə məruz qalmaq təhlükəsi yarada bilər. Hətta bu halda şəxs Avropa Məhkəməsinə də müraciət edə bilər ki, Azərbaycana göndərilməsinin qarşısı alınsın. Əgər Avropa Məhkəməsi hesab etsə ki, şəxs Azərbaycana göndərilsə, onu təhlükə gözləyir, həmin ekstradisiyanı Konvensiyaya zidd hesab edəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR