“Toy və digər kütləvi tədbirlərin keçirilməsinə icazə verilə bilər, lakin...” - AKTUAL

19-01-2021, 18:26 213 dəfə baxılıb

Yanvarın 18-dən etibarən ölkədə sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb. Belə ki, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən ölkədə yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

Yumşaldılma mərhələli şəkildə davam edəcək. Yanvarın 25-dən etibarən böyük ticarət mərkəzləri istisna olmaqla, digər ticarət mərkəzlərinin, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, muzey və sərgi zallarının fəaliyyəti, həmçinin şəhərlərarası və rayonlararası hərəkəti bərpa olunacaq. Daha bir yumşalma isə kafe və restoranlarla bağlı olacaq. Belə ki, fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.

İndi çoxlarını daha çox bu sual düşündürür: yaxın vaxtlarda toy və digər kütləvi tədbirlərin də keçirilməsinə icazə verilə bilərmi?

Xatırladaq ki, Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə icazə verilmir.

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb:

“Ölkədə tətbiq edilən sərt karantin rejimində xeyli yumşalmalar var və bu yumşalmaların mərhələli şəkildə davam etməsi gözlənilir. Əlbəttə ki, bu halda mütləq şəkildə müəyyən qorunma tədbirlərinin də davam etməsi lazımdır. Nəzərə almaq lazımdır ki, yumşalmalarda qismən məcburiyyət var. Çünki insanların uzunmüddətli karantin rejimində qalması, SMS icazə ilə çölə çıxması və sairə, bütün bunlar psixoloji vəziyyətə, ümumi iqtisadi fona təsir edir. Ona görə də hökumət, Operativ Qərargah davamlı surətdə müəyyən yollar axtarır ki, yumşalmalar olsun. Digər tərəfdən, artıq təcrübəmizdə var ki, yumşalmalar olanda yoluxma sayında artım baş verir. Bu səbəbdən karantin rejimindəki ciddi mərhələliliyi başa düşmək olur. Yəqin ki, növbəti həftələrin statistikası bu addımların nə qədər davam etməsinin mümkünlüyünü ortaya qoyacaq.

Təbii ki, burada hər zaman ən böyük məsuliyyət vətəndaşın üzərinə düşür. Bütün yumşalma və sərtləşdirmələrdə üç məsələni unutmamalıyıq: tibbi maska taxmaq, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək. Əlbəttə ki, yumşalmadan sonra yoluxma sayı artarsa, normal həyata dönməklə bağlı arzularımızda müəyyən sıxıntılar yaşana bilər. Doğrudur, artıq ölkəmizdə vaksinasiya prosesi də başladılıb. Lakin vaksinasiya ilə birlikdə qaydalara da ciddi əməl etməliyik. Yalnız bu zaman müsbət nəticə əldə etmək olar.

Kütləvi tədbirlərə gəldikdə isə xüsusən toylar üçün onu deyə bilərəm ki, bu cür tədbirlərin keçirilməsi üçün də müəyyən müvafiq təlimatlara ehtiyac var. Məsələn, 500-600 nəfərlik deyil, 50-60 nəfərlik qonaqlarla toyların keçirilməsinə icazə vermək olar. Məlum olduğu kimi, indi demək olar ki, bütün şadlıq saraylarının 1000 nəfərlik salonları var. Bu cür salonlarda 50-60 nəfərin toplanması düşünürəm ki, bir problem yaratmaz. Məlum məsələdir ki, bir ilə yaxındır insanlar toy mərasimləri keçirmirlər. Nəzərə alsaq ki, pandemiyanın davam etməsi ilə bağlı fikirlər də qeyri-müəyyəndir, onda insanları bu tədbirdən davamlı məhrum etməyin onların şəxsi həyatında ciddi narahatlığa səbəb olacağını düşünmək olar. Bunun gələcəkdə həm də demoqrafik məsələyə də müəyyən təsiri olacaq. Bu baxımdan hesab edirəm ki, kütləvi tədbirlər üçün də müəyyən təlimatın olması lazımdır ki, insanlar konkret məhdud saylarla toy məclislərini keçirə bilsinlər.

İnsanların kütləvi ola biləcəyi digər yerlərlə bağlı suallara cavab vermək isə çox çətindir. Əlbəttə, insanların əvvəlki həyat rejiminə geri dönməsi, ticarət mərkəzlərində alış-veriş etməsi, həmin yerlərdə işləyən insanların işinin bərpa olunması, beləliklə, həm psixoloji, həm də iqtisadi-nöqteyi nəzərdən hesab etmək olar ki, bu yaxşı addım ola bilər. Lakin burada da yenə diqqət edilməlidir ki, iri mərkəzlərə məhdud sayda insanlar daxil olsun. Məsələn, Yeni il bayramı ərəfəsində şahidi olduq ki, alış-veriş yerlərində sıxlıq həddindən artıq çox, insanların bir-birinə toxunacağı şəkildə idi. Yəni iri ticarət mərkəzlərinin də fəaliyyətinə icazə verilərsə, mütləq şəkildə limit nəzərdə tutulmalıdır.

Bəli, həkim kimi sərt karantin rejiminin tərəfdarıyıq. Lakin həyat təkcə tibbi baxışdan ibarət deyil, həyatın başqa istiqamətləri də var. Pandemiyanın da bu cür uzanmasını nəzərə alaraq, gec-tez normal həyata dönəmin vacibliyini anlayırıq. Bu normal həyata dönmək üçün isə məlum qaydalara ciddi əməl etməliyik".
0


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR