Pandemiya zəncirin halqalarını qoparır – Artıq “əl əli yumur”

1-03-2021, 11:28 248 dəfə baxılıb

Karantin tədbirlərinin yumşaldılması və şəhərlərarası nəqliyyatın bərpası ilə bir çox paytaxt sakini bölgələrə tətilə getməyə qərar verdi. Dörd divar arasında oturmaqdan bezən insanlar təbiətə səyahətlərə, yeni təəssüratlara can atırlar.

Bu cür fəallığa otellər yalnız sevinə bilər, çünki bunun sayəsində işsiz qaldıqları vaxtdan gələn itkiləri, ən azı müəyyən dərəcədə kompensasiya edə bilərlər. İndi istirahət günlərində bir çox otellərdə boş yer yoxdur və qarşıdan gələn Novruzda yerli turistlərin sayı xeyli artacaq.

Bu arada turist sayı artdıqca otellərlə bağlı şikayətlərin sayı da artır. Deməli, əsas şikayətlərdən biri də qiymətlərin çox baha olmasıdır. Xüsusilə, turistlər rezervasiya vaxtı onlara bir qiymət verildiyindən, ancaq gəlişdən sonra qiymətin daha yüksək olduğundan şikayət edirlər. Otellər bunu otel dolu olduqda, qalan otaqların qiymətinin artması ilə izah edir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) İdarə Heyətinin sədri Rüfət Hacıyev AYNA ilə söhbətində, daxili turizmin canlandığını və bunun müsbət dəyişiklik olduğunu deyib: "Qışda Şahdağ və Tufandağ xizək kurortları xüsusilə populyardır. Həftəsonları demək olar ki, onlarda 100%-lik dolma olur. Şamaxı, Şəki və Qəbələ də eyni dərəcədə populyardır”.
Artıq otellər Novruz tətilində qonaqları qəbul etməyə hazırlaşır. Hacıyevin sözlərinə görə, indi turistlər otellərin özündən onları sevindirəcək Novruz təklifləri paketlər alırlar: "Ancaq problemlər də var: indi turizm şirkətləri və otellər arasında böyük bir sədd meydana gəlib. Pandemiyadan sonra otellər turizm şirkətlərini işə qoşmadan, özləri pul qazanmağa çalışır”.

"Əvvəllər turizm agentlikləri müqavilələr və müvafiq olaraq komissiya haqqı alırdı. İndi bir çox otel müştərilərin onsuz da birbaşa gəldiyini qeyd edərək, bundan imtina edir. Beləliklə, otellər daha çox pul qazanacaq, lakin turizm şirkətləri ilə əməkdaşlıqdan imtina etmələri turizm sənayesinə mənfi təsir edə bilər. Bu çətin anda turizm şirkətlərinə dəstək verilməsə, ayaqda qala bilməyəcəklər, işçilərinə ödəməyə belə, vəsaitləri olmayacaq”, - həmsöhbətimiz bildirib.

Onun dediyinə görə, otellər, sərhədlər açıldıqda və ölkəyə xarici turistlər gəlməyə başladıqda turizm şirkətləri ilə əməkdaşlığa davam edəcəklərinə ümid edir: "Ancaq bir çox turizm şirkətinin o zamana qədər fəaliyyətini dayandırmayacağına dair heç bir zəmanət yoxdur. Və sonra turizmin sıfırdan bərpa edilməsi lazım olduğu ortaya çıxacaq”.

ATAA rəhbəri qeyd edib ki, pandemiyadan əvvəl turizm şirkətləri vasitəsilə turlar təşkil etmək daha sərfəli idi: "Çünki onlar ucuz idi. Bu, həm faiz alan turizm şirkətləri üçün, həm də pula qənaət edə bilən turistlər üçün yaxşı idi”.

Otaqların qiymətinə və turistlərin bahalaşma ilə bağlı şikayətlərinə gəldikdə, Hacıyev söyləyib ki, otellərdəki otaqların qiymətlərində, təxminən 10-15% artım müşahidə edilir: "İndi çox sayda otel dinamik qiymətlərə keçir, doluluğundan asılı olaraq qiymət dəyişə bilər. Bu, otelin qaydalarında qeyd edilir və deyək ki, 5-7 otaq qalıbsa, qiyməti artır. Turizm şirkətlərinin müqavilə qiymətləri vardı və onlar bütün il üçün - yüksək və aşağı fəsillər üçün keçərli idi. Və otel paketçilərindən bir il əvvəl aldığımız qiymətlərə əsasən, turpaketləri hazırlaya bilirdik. Turist səyahətin ona konkret hansı məbləğə başa gələcəyini sifariş zamanı bilirdi. İndi müqavilə qiymətləri olmadan vəziyyət dəyişdi. Bu gün turistə bir qiymət deyirik, sabah fərqli ola bilər. Bunun üçün turizm agentliyi günahkar deyil, ancaq turistlər arasında anlaşılmazlığa və inamsızlığa səbəb ola bilər”.

Müsahibimiz qeyd edib ki, Dövlət Turizm Agentliyi (DTA), turizm sektoru ilə bağlı şikayət və təkliflərin qəbul ediləcəyi, eyni zamanda orada lazım olan məlumatların əldə ediləcəyi bir "qaynar xətt açmağı planlaşdırır.

DTA-nın İctimaiyyətlə əlaqələr və media sektorunun müdiri Kənan Quluzadə də AYNA-ya deyib ki, hazırlıq işləri aparılır və "qaynar xətt” bu il ərzində yaradılacaq: "Bu, turizmə böyük bir kömək mərkəzi layihəsinin bir hissəsidir. Otellərin turistlərdən pul qazanmaq istəyi başadüşüləndir, lakin bu cür obyektlərin seçimi indi daha çoxdur. Bir turist bir oteldə qiymət siyasətindən razı deyilsə, manatını başqa oteldə xərcləyəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR