Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Zəfər sevincini yaşayır

26-03-2021, 12:53 218 dəfə baxılıb

 
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Zəfər sevincini yaşayır
 


 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə, xüsusi ilə Şuşaya səfəri böyük əhəmiyyətə malikdir. Bu gün bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Çünki Azərbaycan öz qüvvəsinə söykənərək beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olub. Bütün dünya Ermənistanın bir vaxtlar işğal altında saxladığı ərazilərdə törətdiyi vəhşilikləri, barbarlığı öz gözləri ilə görür. Dünya ictimaiyyəti bir daha yəqin oldu ki, işğalçı Ermənistan bu ərazilərdə yaşayış üçün heç bir şərait yaratmayıb.

Doğma və tarixi torpaqlarına qovuşan ölkəmiz çox qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə start verib və burada tezliklə insanların sivil qaydada yaşayışı təmin olunacaq. Bu istiqamətdə çox mühüm işlər görülür- yollar çəkilir, infrastruktur layihələri həyata keçirilir, ayrı-ayrı şəhərlərin baş planları hazırlanır. Təbii olaraq, bunların içində mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin yenidən qurulması xüsusi yer tutur. Şuşa Azərbaycanın mədəniyyət tarixini əks etdirən bir şəhərdir. Mənfur düşmən nə qədər əlləşib-vuruşsa da Şuşanı dünyaya öz şəhəri kimi təqdim etməyə müvəffəq ola bilmədi və edə bilməzdi də. Çünki Şuşa bizim canımız, qanımız, ürəyimizdir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Şuşaya dəfələrlə səfər edib və dövlətimizin başçısı hər səfərində Şuşa ilə bağlı görüləcək işlər, planlar barədə ictimaiyyətə öz mesajlarını verib. Prezident cənab İlham Əliyev Şuşada Novruz tonqalını alovlandırması ilə dünya ictimaiyyətinə yeni mesajlar verdi. Dövlətimizin başçısı mesaj verdi ki, "Azərbaycan öz tarixi torpaqlarını qorumaqda və heç kəsə verməməkdə qətiyyətlidir. Bir daha bəyan edildi ki, artıq münaqişəyə son qoyulub və Dağlıq Qarabağ deyilən problem yoxdur. Ölkəmizin başçısı bildirdi ki, müxtəlif xalqların nümayəndələri bərabər hüquqlara malikdirlər. Onlar Azərbaycanda heç bir maneə olmadan sərbəst yaşayırlar və bundan sonra da belə olacaq”.

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Zəfər sevincini yaşayır. Böyük Qələbəmiz Prezident cənab İlham Əliyevin düşünülmüş, müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Biz torpaqlarımızı dövlətimizin iqtisadi və siyasi gücü, Azərbaycan gənclərinin mərdliyi, qəhrəmanlığı sayəsində azad etdik. Dövlətimizin başçısının vurğuladığı kimi, Vətən müharibəsində torpaq üçün ölümü gözə alan gənclərimiz məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla davam etdirilən gənclər siyasətindən bəhrələniblər. Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Bu gün Vətən müharibəsinin iştirakçıları olan gənclərimiz bizimlə çiyin-çiyinə çalışırlar.

Prezident İlham Əliyev Şuşaya növbəti səfəri ilə bir daha Azərbaycanın öz taleyinə və müqəddəratına sahib ölkə olduğunu dünyaya göstərdi. Ölkəmiz dünya birliyində layiqli yeri olduğunu sübut etdi. Azərbaycan bundan sonra da dünyanın gözündə daim müasirliyə, yeniliyə yelkən açan, tolerant və sivil ölkə kimi tanınacaq və seviləcəkdir.

 

 

 

Aytən Hüseynova,

Salyan şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimi



loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR