Həbs olunan icra başçısı kimlərdən rüşvət alıb? - İLGİNC FAKT

29-03-2021, 10:56 160 dəfə baxılıb

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevin bəzi cinayət əməlləri üzrə detallar məlum olub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda həbsdə olan İ. Vəliyev icra hakimiyyətinin şöbə müdiri olmuş Anar Cəfərov vasitəsilə vəzifələri ilə ələqadar himayədarlıq etmək və əməllərinə laqeydlik göstərmək müqabilində rayondakı digər vəzifəli şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

Belə ki, A.Cəfərov İsmayıl Vəliyevin tapşırığı ilə rayonun Xıllı qəsəbə bələdiyyəsinin sədri Muxtar Rəsulovdan 2015-ci ildə maneəsiz fəaliyyət göstərməsinə görə 2 min manat rüşvət alaraq icra başçısına verib. Adıçəkilən şəxs eyni məbləğdə pulu həmin adamdan oxşar məqsəd üçün 2020-ci ildə də tələb edərək alıb.

Bundan başqa, A.Cəfərov rayonun Tatarməhlə kənd bələdiyyəsinin sədri Qabil Mehdiyevin xidməti fəaliyyətində edəcəyi hərəkətlərə laqeydlik göstərmək və himayədarlıq etmək üçün ondan 6 min manat rüşvət alaraq İsmayıl Vəliyevə verib. A.Cəfərov Q. Mehdiyevdən 2020-ci ildə də himayədarlıq məqsədilə 6 min manatı təkrar alaraq icra başçısına verib.

Həmin kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Nəzirov da oxşar məqsədlər üçün icra başçısına Anar Cəfərov vasitəsilə 6 min manat rüşvət verib.

Qeyd edək ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyevlə birgə onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov da saxlanılıb.

Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR