Məktəblərdə “Əxlaqsız təkliflər”... – "İsti kabinetdə idarəetmə olmur"

10-06-2021, 15:37 167 dəfə baxılıb

Son vaxtlar Azərbaycan məktəblərində baş verən biabırçılıqlar tərbiyə ocaqlarında problemin daha dərin olduğunu deməyə əsas verir. Pedaqoqların şagirdlərə davranışı, müəllim və valideyn münasibəti, məktəblərdə nəzarət və təhlükəsizlik boşluqları, cinayət, intihar olaylarının artması, eləcə də təhsil işçilərinin, yaxud şagirdlərin əxlaqsız durumda yaxalanmaları vəziyyətin kritik olduğunu göstərir.

Bu günlərdə Ucarda məktəb direktorunun azyaşlı şagirdə əxlaqsız təklifi yuxarıda qeyd olunan olaylara təkan vermis oldu. 60 yaşlı direktor Tapdıq İsayevin nəvəsi yaşında olan 8-ci sinif şagirdinə seksual davranışı, xüsusilə hadisənin tərbiyə ocağında yaşanması təhsil müəssisələrində köklü islahatların aparılmasına, eləcə də kadr nizamlanmasına böyük ehtiyacın olduğuna zəmin yaradır.

Qeyd edək ki, təhsil ocaqlarında buna bənzər və daha dəhşətli olaylar zaman-zaman baş versə də, aidiyyəti qurumlar əxlaqsız əməl sahiblərinə qarşı sərt tədbir görməyiblər.

Ən yaxşı halda şagirdlərinə qarşı seksual hərəkət nümayiş etdirəm müəllim və ya direktorların cəzalanması intizam, yaxud xəbərdarlıq tənbehi ilə kifayətlənib.

Buna nümunə olaraq 2017-ci ildə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbini göstərə bilərik. Məktəbin keçmiş əməkdaşı Gülnar Ələsgərova direktor Allahverdi Vəliyevin əxlaqsız təklifinə "yox” cavabı verdiyi üçün işdən çıxarılmışdı. Hadisə araşdırıldıqdan sonra isə direktora sadəcə intizam təhbehi verilmişdi.

Bundan əlavə Xaçmaz rayonunun Arzu kənd məktəb direktoru 62 yaşlı Gülfəz Alxasovun 12 yaşlı şagirdə qarşı seksual hərəkətlərə yol verdiyi açıqlanmışdı.

Sonradan direktorun günahsız olduğu deyilsə də, Təhsil Nazirliyi bu hadisənin əsl astarını ortaya çıxarmağa belə tənəzzül etmədi.

Vaxtaşırı Bakı məktəblərində yaşanan intihar və cinayətlər, azyaşlının müəllimindən hamilə qalması, şagirdlərin intim videoları və s. kimi biabırçılıqları salamalamaqla bitməz.
Bəs, təhsil müəssisələri nə zaman tərbiyə ocağına çevriləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov təhsildə tez-tez islahatların aparılmasını vacib addım saymayıb:

"Məsələn Fransanın təhsil standartları və qaydaları 1804-cü ildə qəbul edilib. Görün nə qədər vaxt keçib, amma dəyişməyib. Bu, dünyada oturuşmuş bir sistemdir. Azərbaycanda isə hər 2 ildən bir normalar, qaydalar qoyulur. İnsanlar artıq buna uyğunlaşmır.

Bu gün Azərbaycanda təhsil sistemi qeyri-ciddi xarakter daşıyır. Təhsil hərbi qədər strateji bir sahədir. Hərbi elə bir sahədir ki, onu xaricdən silah, sursat və ya döyüşçü belə gətirib düzəltmək mümkündür. Təhsil millidir, yəni özünsən. Türkiyəyə baxın, heç bir nazir yoxdur. Təhsil Nazirliyinin adı Milli Eyitim Bakanlığı gedir. Təhsil ciddi şəxslərin olması gərəkən sahədir. Yoxsa, kiminsə xalasıqızı, dostu və ya qohumunu vəzifəyə qoymaqla nə köklü islahat aparmaq, nə də nəyəsə nail olmaq mümkündür”.

Ekspert hesab edir ki, məktəblərdə əxlaqsızlıq halları ona görə baş verir ki, təhsil sistemində hesabatlılıq və nəticəyönümlülük yoxdur:

"Nə vaxt görmüsüz ki, Nazirlikdən məktəblərə ani yoxlama gəlsin? Təbii ki, səhnə qurulmuş, görüntülü yoxlama istisna… Anidən hansı bölgə məktəblərinə yoxlamaya gedilib? İsti kabinetdə idaretmə olmur. Təhsil sistemində qorxu yoxdur. Şikayətlər baş qaldırır, ictimailəşəndən sonra hansısa məsələ üzə çıxır. Bu hallar ona görə baş verir və verəcək ki, bu sahədə ciddiyyət itib. Türkiyə, Latviya və ya Litva təhsil nazirlərinə baxın, hr gün məktəbləri gəzirlər. Görüntü xatirinə işləmək lazım deyil. Düzdür, Sovet dövründə də buna bənzər hallar olub. Amma bu qədər çox olmayıb. Şəxs bilməlidir ki, addımıma görə məni hansı cəza gözləyir. Yoxsa ki, filankəs tapşıracaq, mənə heç nə olmayacaq üsulu ilə vəziyyətdən sıyrılmaq olmaz”.

Ekspertin fikrincə, təhsil sistemində nə qədər ki, qeyri-peşəkarlar və 2014-cü ildə qəbul edilmiş təhsil işçilərinin etik davranış qaydalarını bilməyənlər olacaq, məktəblərdə əxlaqsızlıqlar adi hala çevriləcək:

"Hər kəs yoxlanılmalıdır. Test imtahanından keçmək sənin ora layiq olmağın demək deyil. İstər müəllimlər, istərsə də direktor və onun müavinləri yoxlamalardan keçməlidir.

Bu gün ölkədə 4440 məktəb var. Hansını yoxlamışıq? Yuxarı sinif şagirdlərinin davamiyyətində problem var. Şagird direktora pu verir, dərsə gəlmir. Sonra məlum olur ki, ailə qurub. Ər evində olan şagirdlər var ki, adı məktəbdə və dərsdə gedir. Pul verib qiymətini yazdırırlar. Bu baxımdan məktəblərdə mütəmadi yoxlamalar aparılmaldır ki, hər kəs yerini bilsin”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR