"Azərbaycan Ordusu arxalana biləcəyimiz yeganə gücdür"

24-10-2018, 18:40 485 dəfə baxılıb

"Azərbaycan Ordusu arxalana biləcəyimiz yeganə gücdür"

Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.

Ölkəmizdə ordu quruculuğunun yeni mərhələsinin başlandığını elan edən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdir ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq: “Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib.”

Heç də təsadüfi deyil ki, Ali Baş Komandanımızın nitqindən dərhal sonra işğalçı Ermənistanın mətbuatı bu çıxışda səsləndirilən hər bir fikri ayrı-ayrılıqda təhlil etməyə başlayıb. Ancaq düşmənin məsələyə hər hansı münasibəti reallığı dəyişmir. Məhz son bir neçə ildə Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atıb ki, artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd- şərtsiz azad etməkdən başqa çıxış yolu qalmır. İndi Ermənistan KİV-ləri və sosial şəbəkələrində Azərbaycanın güclü ordusu haqqında etiraflarını davamlı olaraq dilə gətirirlər.

Ordumuzun Qarabağdakı 2016-cı ilin şanlı Aprel döyüşlərindən sonra Naxçıvanın Günnüt kəndindəki zəfəri də ermənilərdə ciddi narahatlıq yaradıb. Bu, o deməkdir ki, Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru addım-addım irəliləyir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.

Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən çox iri həcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu belə də olmalıdır. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir. Ölkəmizin başçısının da dediyi kimi, ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi erməni terrorçularından təmizləməyə qadirdir. O günə çox az qalıb və biz tezliklə Dağlıq Qarabağda hərbi paradımızı keçirməyə nail olacağıq.

Təbii ki, bunlar gəlişi gözəl sözlər deyildir, real gücə söykənən qəti fikirlərdir. Çünki Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb.

Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün nazirliyin tərkibində müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb. Ən mühüm amil isə odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahlarını xaricə ixrac edir. Artıq 10 ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Son 10 ildə hərbi məhsullarımızın ixrac həcmi 2,7 dəfə artıb

Son 4 ildə dörd hərbi zavodun açılması reallaşıb. 2017-ci ildə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2016-cı illə müqayisədə 7,3 faiz artıb. Ən başlıcası isə nazirliyin müəssisələrində istehsal olunan məhsulların çeşidləri 1200-ə çatdırılıb.

Müdafiə sənayemizin davamlı olaraq böyüməsi ilə ölkəmiz xarici ölkələrin silah-sursat asılılığından azad olur. Bu, müharibə aparan ölkə üçün çox önəmli amildir. Azərbaycan MDB məkanında dörd ölkədən biridir ki, onun müasir tələblərə cavab verən müdafiə sənayesi mövcuddur. Eyni zamanda qürurverici haldır ki, bu gün ölkəmiz ən müasir silahların ixracatçısıdır. Prezident İlham Əliyev iclasda bu barədə deyib: “Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib.”

Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Prezident İlham Əliyev həmin müqəddəs günün uzaqda olmadığının anonsunu verdi.


Analitik Ehtiram Aşırlı


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR