Bakı irəli sürülən bu variantı birdəfəlik rədd edib - TƏHLİL

18-12-2018, 13:24 465 dəfə baxılıb

Bakı irəli sürülən bu variantı birdəfəlik rədd edib - TƏHLİL

Dağlıq Qarabağla bağlı gündəmə gətirilən kompromis variantı Bakı birdəfəlik rədd edib.

Bu sözləri Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qarabağa dair bəyanatının Ermənistanın qeyri-konstruktiv mövqeyinin ifşası baxımından əhəmiyyətli hesab edib:

“Paşinyanın KTMT-dəki son uğursuz siyasətindən sonra üzv dövlətlərin Ermənistanla bağlı mövqeyində sərtlik müşahidə olunur. Xüsusilə də Minskin Dağlıq Qarabağ istiqamətində İrəvana təzyiqləri diqqətdən yayınmır”.

Politoloq bununla belə sözügedən bəyanatdakı bəzi məqamlarla razılaşmayıb:

“Danışıqlar və Minsk prosesində dəfələrlə qeyd edilib ki, sülh olacağı və Azərbaycan qəbul edəcəyi təqdirdə bölgəyə sülhməramlı qüvvələr yeridilə bilər. Sülhməramlı missiya Azərbaycana yaxın olan İran, Türkiyə və həmsədr dövlətlərin qoşunlarından ibarət ola bilməz. Bu, illərdir ki, danışıqlar prosesində təsdiq edilmiş bir faktdır. Yəni Dağlıq Qarabağa sülhməramlı qüvvələr adı altında Belarus və Rusiyanın qoşunları heç cür yeridilə bilməz. Bakı irəli sürülən bu variantı birdəfəlik rədd edib”.

Politoloq onu da vurğulayıb ki, Dağlıq Qarabağa keçici statusun verilməsi və yaxud da bölgəyə sülhməramlı qüvvələrin yeridilməsi heç cür Bakının mövqeyinə uyğun deyil:

“Sülh olacağı təqdirdə Dağlıq Qarabağın statusunu Azərbaycan özü müəyyənləşdirəcək. Bakı İrəvana heç bir güzəştə getməyəcək, çünki Azərbaycanın kompromis limiti çoxdan bitib”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın media nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Sərkisyanla söhbətinin məzmununu açıqlayıb.

“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar. Qaytarmamaq üçün nə kimi səbəb ola bilər, axı onlar boş qalıblar. O isə dedi: Əgər qaytarsam, onlar yolu kəsəcəklər, Qarabağı tutacaqlar və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, belə olan halda biz öz qoşunlarımızı yeridər və buna imkan vermərik. Sərkisyan isə dedi: Yox, biz buna getməyəcəyik, bunu istəmirik”, - o bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR