Sorosun Qarabağa qarşı Bakıda “inqilab ssenarisi” - Gizlinlər

11-11-2020, 15:19 255 dəfə baxılıb

Prezident İlham Əliyev noyabrın 8-də, Şuşa şəhərinin işğaldan azad edildiyini Şəhidlər Xiyabanında elan edərkən mühüm məqama toxundu.

Ola bilsin ki, Şuşanın azad olunması müjdəsindən böyük coşqu yaşayan cəmiyyət bu məsələyə bir o qədər diqqət yetirmədi. Lakin dövlət başçısı ismarış verdi ki, bəzi xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirmək istəyiblər, sadəcə, xalq buna imkan verməyib.

“Belə planlar var idi, belə cəhdlər var idi. Əgər xalqın birliyi olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi” - sitatın sonu.

“Yeni Müsavat” bildirir ki, əslində ölkə başçısı rəngli inqilabların sponsoru kimi tanınan, Gürcüstan və Ermənistanda siyasi çevrilişlərə nail olan “Soros” Fonduna işarə verirdi. Azərbaycanda bir neçə il əvvəl fəaliyyəti dayandırılan fondun dünyanın müxtəlif ölkələrində hakimiyyətlərin devrilməsində madd-siyasi, eləcə də liberallara dəstəyi danılmazdır. İ.Əliyev də bu məsələlərə diqqət çəkərək bildirmişdi ki, hansısa kənar təsirlərin mövcud iqtidarı kənarlaşdırmaq niyyəti olub, lakin reallaşmayıb.

Əlbəttə, siyasi hakimiyyət dəyişikliklərinin təşkilində müxalifət, vətəndaş cəmiyyəti, sərt tənqidçi media, o cümlədən müxtəlif qeyri-ənənəvi ideoloji qruplar mühüm rol oynayır. Prezident də açıqlamasında ad çəkmədən son illər belə cəhdlərin olduğunu diqqətə çatdırıb və müxalifətin bu cür tələlərə düşdüyünə eyham vurub.

Söhbət Qərbin müxtəlif fondlarına bağlı siyasi təşkilatlardan, habelə Avropada mənzillənmiş ayrı-ayrı dərnəklərdən, iqtidarlara təzyiq rıçağı üçün təsis edilmiş maliyyə fondlarından asılı mühacirlərdən gedirdi.Amma nədən ibarət idi, bu planlar? Nə etmək istəyirdilər?

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməməsi sağalmaz yara idi. Onun fikrincə, Prezidentin apardığı siyasət bundan sonra həm iqtisadiyyatı gücləndirəcək, həm də beynəlxalq aləmdə ölkənin mövqeyini möhkəmləndirəcək. Deputat hesab edir ki, Ordumuzun qələbələri ilə xalqı sevindirməsi xaricdəki düşmənləri bir qədər də azğınlaşdırırdı, müxtəlif dairələrdən təzyiqlərə səbəb olurdu: “Bu təzyiqlər müxtəlif siyasi liderlər, beynəlxalq təşkilatlar səviyyəsində, o cümlədən qərəzli xarici media müstəvisində müşahidə olunurdu. Amma Prezident peşəkar siyasətçi kimi xarici təzyiqlərin hamısını məharətlə neytrallaşdırmağı bacardı. Cənab İlham Əliyevin müsahibələrində yüksək səviyyəli cavabları dünya tərəfindən heyrətlə izlənildi, ədalətli mövqeyimiz qəbul olundu. Bundan əlavə, Ordumuzun gücü də xarici təzyiqlərə təsir etdi. Həmçinin Türkiyənin siyasi dəstəyi, qardaşlıq münasibəti, mənəvi yardımı xarici təzyiqlərin azalmasına gətirib çıxardı”.

Deputat hesab edir ki, bütün xarici təzyiqlərə, çirkin kampaniyalara və müəyyən məkrli planlara baxmayaraq, Prezidentin vurduğu dəmir yumruq sayəsində Ermənistan tarixində ən biabırçı vəziyyətə düşdü, şərtərimizlə razılaşdı, hərbi kapitulyasiyaya imza atmalı oldu: “Xalqımız bu qələbəni qeyd edir və bu xəbərin arxasında Prezidentin, Ordumuzun igid oğullarının apardığı rəşadətli mübarizə dayanır. Bu baxımdan heç bir kənar təzyiq bizə təsir etmədi, 30 illik intizara son qoyuldu, üzərimizdən məğlub ölkə adı götürüldü”.

A.Badamovun sözlərinə görə, heç bir kənar qüvvə və təzyiq Azərbaycanı öz müstəqil siyasətindən, yolundan döndərə bilməz.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR