Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

7-12-2018, 11:29 678 dəfə baxılıb

Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM


İyun ayının 2-də Göyçay çayının üzərindəki körpü uçdu və bu hadisə nəticəsində dövlətə milyonlarla manat zərər dəydi. Körpünün uçma səbəbi ilə bağlı aparılan araşdıramanın nəticəsində məlum oldu ki, körpünün uçmasının əsas səbəbi Göyçay çayının yatağının qum-çınqıl karxanasında aparılan qanunsuz istismar nəticəsində dağılılmasıdır. Bundan sonra prezident İlham Əliyev Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinə çay yataqlarında qum-çınqıl istismarı ilə bağlı geniş araşdırılma aparılması göstərişi verdi.

Dövlət başçısının göstərişini yerinə yetirmək üçün Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə nazirlikdə yeni qurum, Mineral Xammal, Analitik və Elmi Tədqiqatlar Mərkəzi yaradıldı. Yeni Mərkəzinin rəhbərliyinə isə ETSN-nin Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev gətirildi.

Bundan sonra Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasında monitorinqlər başladı və bu proses hələ də davam edir. Bu monitorinqlər zamanı isə üzə çıxdı ki, bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartlar, normativlər, qaydalar və lisenziyalaşdırma şərtləri kobud surətdə pozulduğundan ətraf mühitə, infrastruktur obyektlərə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranıb, çay məcraları kəskin eroziyaya məruz qalıb.

Aşkarlanmış qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılmışdır. Bu cinayət işlərinin nəticəsi olaraq bir neçə şirkətin rəhbər şəxsi həbs olundu. Həbs olunanlardan biri də Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” ASC-nin İdarə Heyyətinin sədri Manaf Şirinov idi.

İndi isə məlum olur ki, "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Qusar, Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və digər çaylarda sahilbərkitmə işlərini Avropa-Asiya İnşaat Korporasiyası Evrascon ASC-yə həvalə edib. Məlumata görə, Qəbələ rayonu ərazisində Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və digər çaylarda sahilbərkitmə işlərinə 4 800 000 (dörd milyon səkkiz yüz min) manat büdcə vəsaiti sərf ediləcək. Qusar və Türyançay çaylarında sahilbərkitmə işlərinə də milyonlarla manat büdcə vəsaitinin xərclənəcəyinə şübhə yoxdur.

Çaylarda sahilbərkitmə işlərinin görülməsinə yəqin ki, irad ola bilməz. Ancaq bu işlərin Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” ASC-yə həvalə edilməsi ilə bağlıdır. Çünki, Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” ASC-nin İdarə Heyyətinin sədri Manaf Şirinovun Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub, həbs olunmasından Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov xəbərsiz olmamalı idi.

Bir neçə milyon manat büdcə vəsaitinin sərf olunacağı layihənin Avropa-Asiya İnşaat Korporasiyası "Evrascon” ASC-yə həvalə edilməsinin görünən və görünməyən tərəflərini araşdırmağa çalışdıq və çox maraqlı faktlarla üzləşdik.

Qeyd edək ki, Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON” ASC-i 2013-cü ildə "Azərkörpü” ASC-də keçirilmiş rebrendinq nəticəsində Açıq Səhmdar Cəmiyyətin öz adını dəyişməsinin nəticəsində meydana çıxıb. "Azərkörpü” ASC-i isə 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış ”Körpütikintidəstəsi-100” tikinti idarəsinin 2001-ci ildə keçirilmiş özəlləşdirmə nəticəsində yaranıb və 30.04.2003-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnnamə kapitalı 377 290 manat, Direktorlar şurasının sədri İsmiyev İsmayıl – Əfəndi Hacımurad oğlu, İdarə Heyyətinin sədri Manaf Şirinov olan Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON” ASC-nin səhmlərinin 22 920 ədədi (nizamnamə kapitalının 12,15 faizi) Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı Şərofovaya məxsus olması haqqında hələ bir neçə il bundan əvvəl məlumat yayılıb və bu günə kimi təkzib edilməyib.

İddialara görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Baş nazirin sabiq müavini Abid Şərifov və Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON” ASC-nin Direktorlar şurasının sədri İsmiyev İsmayıl – Əfəndi Hacımurad oğlu ilə çox yaxın dostdurlar. Meliorasiya və Su Təsərrürfatı ASC-nin sifarişi həyata keçirilən və milyonlarla manat büdcə vəsaitinin sərf olunacağı layihələrin Avropa-Asiya İnşaat Korporasiyası "Evrascon” ASC-yə həvalə edilməsini bu üç şəxsin dostluğu ilə əlaqələndirmək və işbirliyi kimi təqdim etməkdən uzağıq. Ancaq Qusar, Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və digər çaylarda sahilbərkitmə işləri kimi əhəmiyyətli və milyonlarla manat büdcə vəsaitinin sərf olunacağı layihələri İdarə Heyyətinin sədri Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs olunmuş bir şirkətə həvalə edilməsinin hansı zərurətin nəticəsi olduğunu Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyinin cəmiyyəti inandıracaq şəkildə əsaslandırmalıdır.

Bu vəzifənin öhdəsindən isə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə "Əməkdar mühəndis” fəxri adına layiq görülmüş "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilovun gələ biləcəyi inandırıcı deyil. Buna görə də, söz "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənindir. Çox istərdik ki, 25 ildən artıq bir müddətdə ölkə iqtisadiyyatının strateji sahələrindən birinə, meliorasiya və su təsərrüfatına rəhbərlik edən Əhməd Əhmədzadə Avropa-Asiya İnşaat Korporasiyası "EVRASCON”-la müdhiş işbirliyi doğuran səbəblərə aydınlıq gətirməkdən çəkinməyəcək.
"Yeni Sözçü”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR