Rusiya Gümrüdəki bazanı bağlaya bilməz - TƏHLİL

25-12-2018, 16:24 495 dəfə baxılıb

Rusiya Gümrüdəki bazanı bağlaya bilməz - TƏHLİL

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazanı bağlaması ancaq dövlət başçıları səviyyəsində həll oluna bilər.

Bu sözləri Axar.az-a Rusiyanın Ermənistandakı bazasını bağlaya biləcəyi ilə bağlı iddiaları şərh edən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Paşinyanın seçkilərdə qələbəsi təsdiqlənəndən sonra Rusiya Prezidentinin onu təbrik etməməsi, Lavrovun Ermənistanla bağlı səsləndirdiyi fikirlər və KTMT-nin üzvü olan digər dövlət başçılarının verdiyi bəyanatlar Paşinyan hakimiyyətinin atdığı addımlarla onların razı olmadığı qənaətinə gəlməyə əsas verir:

“Məhz buna görə də bir sıra rus politoloqlar bu istiqamətdə açıqlamalar veriblər. Ancaq unutmayın ki, Rusiya və NATO-nun sərhədi məhz Ermənistan-Türkiyə sərhədində yerləşir. Ona görə də həmin bazanın oradan götürülməsi Rusiyanın həm regionda nüfuzunu itirməsi, həm də sərhədlərin müdafiəsiz qalması deməkdir. Buna görə də düşünmürəm ki, Rusiya belə addım atar. Belə məsələlərlə bağlı kiminsə bəyanat verməsi qeyri-ciddi görünür”.

Politoloq vurğulayıb ki, Paşinyan hökuməti formalaşdırdıqdan sonra onunla müvafiq danışıqlar aparılacaq:

“Hətta Lavrov da bir neçə gün öncə müsahibələrinin birində digər ölkələrə aid bazaların Ermənistanda yerləşdirilməsinin mümkünsüzlüyünü səsləndirdi. Bu, əslində, Qərbin, ABŞ-ın hərbi qüvvələrinin orada gələcəkdə baza yaratmaması üçün bir mesaj idi. Yəni bununla bağlı müqavilələr də imzalanacaq. Orada Rusiyanın hərbi bazasından başqa bazalar olmayacaq”.

Politoloqun sözlərinə görə, bu gün Rusiyanın Gümrüdəki hərbi bazasını bağlayıb oradan çıxması Dağlıq Qarabağ münaqişəsinə təzyiqin azalmasına da gətirib çıxarar:

“Digər tərəfdən, Gürcüstan ərazisində baş verən hadisələrdə də Ermənistanda yerləşən rus bazasının mühüm rolu olub. Ona görə də Rusiya Gümrüdəki hərbi bazasını birmənalı şəkildə saxlayacaq”.

Qeyd edək ki, “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı jurnalist Vladislav Şurıqin Gümrüdəki 102-ci hərbi bazanı Ermənistanda saxlamağın mənasız olduğunu bildirib.
0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR