Jurnalistlərə “qıcıqlı” Ənvər Seyidov unudulmaq istəyir - Reaksiya

17-05-2019, 12:18 468 dəfə baxılıb

Jurnalistlərə “qıcıqlı” Ənvər Seyidov unudulmaq istəyir - Reaksiya

Bakı Ağır Cinayətlər Məhkəməsinin məşhur - daha dəqiqi, bir sıra qalmaqallı proseslərdə adı keçən hakimi Ənvər Seyidov 70 yaşı tamam olduğu üçün təqaüdə göndərilib.

Ə.Seyidov modern.az saytına açıqlamasında 70 illiyi ilə bağlı filmə çəkildiyini vurğulayaraq, yazılı mətbuata açıqlama verməkdə maraqlı olmadığını dilə gətirib: “Mən jurnalistlərə, açıqlamalara qıcıq oluram. Artıq açıqlamanın, bağlamanın vaxtı keçib. Xahiş edirəm, bundan sonra məni narahat etməyin. Barəmdə nəsə yazılmasını istəmirəm. Şərt deyil ki, qəzetdə də mənim barəmdə yazı çıxsın, televiziyada 70 illiyimlə bağlı film çəkilir. Bu, mənim bəsimdir”.

Əslində Ənvər Seyidovun jurnalistlərə “qıcıq olması” haradasa məntiqə uyğundur. Çünki hörmətli Seyidovun hakim kimi yol verdiyi qanunsuzluqlar barədə mətbuat zaman-zaman yazıb. Onun adı sifarişli hökmlər çıxaran hakimlər sırasında çəkilib. Bu faktları da jurnalistlər davamlı olaraq işıqlandırıblar. Bu mənada Ənvər Seyidov qıcığının səbəbini özündə axtarmalı idi...

İctimai-siyasi proseslərdə iştirak edən şəxslər də Ənvər Seyidov haqqında müsbət fikirdə deyillər.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirib ki, Seyidov hüquqa, qanuna hörmət etməyən, istənilən sifarişi nöqtə-vergülünə qədər yerinə yetirib, bir qədər də üstünə qoyan insandır: "Şəki hadisələri ərəfəsində bizim partiyanın Şəki rayon təşkilatının üzvlərinə qeyri-qanuni olaraq, uzunmüddətli həbs cəzası vermişdi. Əslində həmin ərəfədə (2000-ci il) bizim üzvlər xalqı sakitləşdirməyə çalışırdı. Onların heç birinin günahı yox idi. Ümumilikdə, müxalifət camiyəsində hər kəs onu qanunları pozan, siyasi sifarişləri yerinə yetirən ən ədalətsiz cəza verən bir adam kimi tanıyır".

Ənvər Seyidovun adı həm də “MTN çetesi” ilə bağlanıb. Ə.Seyidovun MTN-in sabiq rəhbəri Eldar Mahmudovla da sıx əlaqəsi olub. Bu barədə də xeyli məlumatlar var. Onun 2016-cı ildə Eldar Mahmudova yazdığı məktub mediada və sosial şəbəkələrdə böyük rezonansa səbəb olmuşdu. Həmin zaman Seyidovun qanuna sayğısız əməlləri ilə bağlı “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Məmmədəliyev bildirib ki, mətbuatda “Səidin dəstəsi” şərti adı ilə məşhurlaşan cinayət işinin ibtidai istintaqını aparan hakim Ənvər Seyidov sifarişi qanundan ötə bilmişdi:

“Ənvər Seyidov həmin gənclərin yaxınlarına hələ məhkəmə zamanı günahsız olduqlarını söyləmişdi. Demişdi ki, övladlarının günahsız olduğunu bilir...

Amma bu, Ənvər Seyidova 2-3 universitet bitirmiş və ittiham üzrə günahsızlıqlarına şübhə olmayan gənclərə 10-14 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarmağa mane olmadı. Ənvər Seyidov onu da bilirdi ki, “Səidin dəstəsi” şərti adı altında bir araya cəmləşdirilmiş, dəstə şəklinə salınmış gənclərdən Emin Məmmədov toyuna 1 ay qalmış, həbsdə ikən işgəncələrə məruz qalaraq öldürülüb, digərləri isə ən ağır, qeyri-insani işgəncələrə məruz qalıblar.

Ənvər Seyidovun karyera yolu da qəribədir. O, İncəsənət Universitetinə Adil İsgəndərovun rəhbərliyi dövründə ilk cəhddə qəbul edilib. 1949-cu ilin 29 martında Oğuz rayonunda anadan olan Ə.Seyidov diplomlu aktyor ola bilməyib. Müsahibələrindən birində etiraf edib ki, onu hüquq fakültəsinə yönləndiriblər. Aktyorluq bacarığı onun dadına məhkəmə zalında, məhkəmə binası qarşısında təqsirləndirilən şəxslərin yaxınları ilə görüşündə gəlir. Bu gün onu lənətləyənlərin bunun üçün kifayət qədər əsasları var. “Səidin dəstəsi”nin işində Ənvər Seyidov tutulan günahsız gənclərin valideynlərini məhkəmə gedişatı dövründə o dərəcədə inandırmışdı ki, kimsə valideynləri hakimin ədalət mühakiməsi adına biabırçı hökm çıxaracağına inandıra bilməzdi.

Valideynlərə “övladlarınız günahsızdır” deyən Ənvər Seyidov digər tərəfdən Eldar Mahmudova yaltaqca məktub yazaraq, həmin valideynlərin övladlarını əsassız olaraq böhtan atıb həbs edən, ağır işgəncəyə məruz qoyan MTN-in Anti-Terror Mərkəzinin bir qrup əməkdaşının mükafatlandırılmasını xahiş etmişdi. Üstəlik, hakimin belə bir məktub yazması qanunda nəzərdə tutulmur. Ənvər Seyidovun bu məktubu qanundan kənardır.

Ənvər Seyidov Eldar Mahmudovun sifarişi ilə yazılmış saxta ittiham aktlarını hökmlərə köçürməklə də ad çıxarıb. “Səidin dəstəsi” şərti adı altında məhkəmə qarşısına çıxarılan, Ənvər Seyidovun hökmü ilə məhkum edilmiş gənclərin bir çoxunun valideynləri övladlarına qarşı haqsızlıqlara dözməyərək dünyalarını dəyişiblər. Bu haqda danışan Səid Dadaşbəylinin bacısı Türkan Dadaşbəyli demişdi ki, Ənvər Seyidov ədalətsiz hökmə imza atmaqla qardaşı və digər həbs edilmiş şəxslərə qarşı faktiki olaraq böyük qanunsuzluğa yol verib: “Onun o qanunsuz hökmündən sonra anam onkoloji xəstəlik tapdı, atam hazırda onkoloji xəstədir. Haqsızlığa dözə bilmədilər. Bunlar hamısı stressdən, haqsızlıq və ədalətsizlikdən yaranan depressiyadan oldu. Oğul böyüdüblər, 4 ali təhsil veriblər. Səidin 52 ölkə ilə işgüzar münasibəti vardı. Qardaşım İqtisad Universitetini, Harvard Universitetini fərqlənmə ilə bitirib, Kanadanın vətəndaşı olub. Onun günahı yox idi. Və günahı olmaya-olmaya Ənvər Seyidov onu 14 il azadlıqdan məhrum etdi. Qardaşımın məhkum olunması, digər uşaqların valideynlərinin ölümü Ənvər Seyidovun üzərindədir...”

Ənvər Seyidovun haqqında bu kimi faktların siyahısını kifayət qədər uzatmaq olar. Təsadüfi deyil ki, bu gün siyasilərin, yolu Ənvər Seyidovun hakimliyi ilə baş tutan məhkəmədən keçən şəxslərin Seyidova qarşı böyük antipatiyaları var. Onun öz dili ilə desək, bu gün Ənvər Seyidova qarşı qıcıq olan insanların sayı ölçüyə gəlməz qədərdir...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR