Mübariz Mənsimov: Ayıb olsun bizə!

21-05-2019, 23:00 520 dəfə baxılıb

Mübariz Mənsimov: Ayıb olsun bizə!



Bir neçə gün bundan öncə Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov həbs olunub.

F.Abbasov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov məsəyə münasibət bildirərkən deyib ki, jurnalistə haqsızlıq edilib:

"Azərbaycanı Rusiyada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorcudur?! Nə edib axı?! Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, orada Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular? Yerin dibinə giriblər?! Niyə belə oğullara sahib çıxmırlar?! Diaspora deyirlər: hanı o Diaspora? Niyə Azərbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyib? Niyə vətəndaşına sahib çıxmır? Millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir. Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də, ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi! Niyə susuruq? Niyə susursunuz?

Mən buradan açıq şəkildə bəyan edirəm: Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!"

Qeyd edək ki, Fuad Abbasovun vəkili Elman Paşayev bildirib ki, jurnalistin saxlanılarkən döyülməsi faktı ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət olunub: "Fuad Abbasov saxlanılarkən vəhşicəsinə döyülüb. Bu qanunsuz haldır. Harada görünüb ki, inzibati məsuliyyətə görə saxlanılan adamla belə rəftar etsinlər, qoluna qandal vursunlar. Ona görə bu məsələ ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət olunub. İstintaq Komitəsinə müraciətdə tələb etmişik ki, Fuad Abbasovla bu cür rəftar edən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən olunsun, barələrində cinayət işi başlansın".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR