“Son illərdə beynəlxalq aləm Azərbaycan həqiqətlərini də eşidir”

30-05-2019, 10:52 273 dəfə baxılıb

 “Son illərdə beynəlxalq aləm Azərbaycan həqiqətlərini də eşidir”


Dövlət başçısı müstəqilliyimizə dil və əl uzatmaq istəyənlərə “Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!” cavabını verdi
Azərbaycan prezidenti İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışı zamanı mühüm mesajları dilə gətirib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı müsəlman aləmində ilk dəfə olaraq demokratik respublikanın qurulmasını xüsusi vurğulayıb. “Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər” - prezident deyib. Ölkə başçısı qeyd edib ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilib: “Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər”. Prezident qeyd edib ki, məhz buna görə Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur: “Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Keçən il isə ölkəmizdə ”Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilmişdir".



Sovetlərin dağılmasından sonra müstəqilliyimizin bərpasından, ərazilərimizin işğala məruz qalmasından bəhs edən, həmçinin mərhum prezident Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara diqqət çəkən ölkə başçısı qeyd edib ki, dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. “Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik” - prezident Əliyev əlavə edib: “Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcəkdir. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq”.

Ölkə başçısı digər vacib məsələlərdən də bəhs edib.



Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, dövlət başçısı İlham Əliyevin Cümhuriyyətin 101-ci ili ilə bağlı çıxışındakı əsas tezisləri bu şəkildə qruplaşdırmaq olar: “Birincisi, prezident Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıraraq 23 ayda qazanılan uğurları bir-bir sıraladı. İlham Əliyev bu sırada milli ordunun və Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsindən tutmuş Bakı Dövlət Universitetinin təsis edilməsinə və qadınlara səsvermə hüququnun verilməsinə qədər bəndləri sadaladı. 23 ayda 200-dən çox qanunun qəbul olunduğunu xatırladan prezident çıxışının Cümhuriyyətlə bağlı hissəsini belə yekunlaşdırdı kı, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur və onların xatirəsi bizim qəlbimizdə yaşayır”.

E.Şahinoğlu çıxışın bu hissəsindən ortaya çıxartdığı nəticəni də bölüşdü: “Düşünürəm ki, prezidentin sərəncamı ilə bir neçə il əvvəl Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması kifayət deyil. Prezidentin də çıxışından yola çıxaraq Cümhuriyyət qurucularına və Bakının işğaldan azad olunmasında mühüm rol oynayan Nuru Paşaya paytaxtda möhtəşəm abidənin ərsəyə gətirilməsi vacibdir. İkincisi, prezident həmişə olduğu kimi yaxın tariximizə ekskurs etdi, vaxtilə hakimiyyətdə olan müxalifəti yarıtmaz fəaliyyətdə ittiham etdi. Bunu siyasi mübarizənin elementi kimi anlamaq olar. Novxanıda çıxış edən müxalifətin müxtəlif simaları da prezidenti tənqid etdilər. Əslində Cümhuriyyət günü birliyə ehtiyac var. Məsələn, qardaş Türkiyədə kəskin siyasi mübarizəyə baxmayaraq, Cümhuriyyət günündə Cumhurbaşqanı ilə ana müxalifətin lideri bir yerdə dayanır, şəkil çəkdirirlər. Bu ənənənin nə vaxtsa Azərbaycanda da yaradılması vacibdir”.

Üçüncü digər mühüm məqama diqqət çəkən politoloq dedi ki, prezident Azərbaycan ordusunun artan gücündən danışdı və nümunə kimi son illərdə həyata keçirilən uğurlu hərbi əməliyyatlardan və azad olunan torpaqları göstərdi: “Bu siyasətin davam etdirilməsinə ehtiyac var və dövlət başçısının çıxışından aydın oldu ki, hərbi qüdrətimiz artdıqca hərbi əməliyyatlar davam edəcək. Prezidentin ”biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib" sözləri də bundan xəbər verir".

E.Şahinoğlu prezidentin informasiya müharibəsinin bəzi detallarına toxunmasını da vacib məsələ kimi vurğuladı: ““Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir” deyən dövlət başçısı Azərbaycan haqqında yalan və uydurma məlumatların artmasına diqqət çəkdi. Son nümunə göz qabağındadır. Erməni futbolçu Henri Mxitaryan Bakıda UEFA kubokunun final matçına qatılmadı. Halbuki ona bütün təhlükəsizlik təminatları verilmişdi. Ancaq erməni lobbisi və Ermənistan hakimiyyəti məsələni elə qoydu ki, guya Mxitaryana Bakıda təhlükə var və təəssüf ki, Qərbdəki bəzi yazarlar erməni lobbisinin yalanına inandılar və dəstək verdilər. Buna baxmayaraq, son illərdə beynəlxalq aləm Azərbaycan həqiqətlərini də eşidir və buna uyğun münasibətlər qururlar. Yəni Azərbaycan müstəqilliyimizin ilk illərində olduğu kimi artıq informasiya blokadasında deyil. Blokada yarılıb, sadəcə, təbliğat işini daha da gücləndirməyə ehtiyac var".

Dövlət başçısı sözügedən tədbirdəki çıxışında onu da vurğulayıb ki, bizim qarşımızda bir çox vəzifələr dayanır: “Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan öz müstəqil siyasətini aparmalıdır. Xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və öz seçimimizi edə bilmirdik. Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”

Bu, Azərbaycanın dostlarına və düşmənlərinə, müstəqilliyimizə dil və əl uzadanlara yönəlik vacib, həmçinin tutarlı mesajdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR