İnformasiya müharibəsinin hədəfindəki Azərbaycan...

31-05-2019, 08:46 328 dəfə baxılıb

İnformasiya müharibəsinin hədəfindəki Azərbaycan...




İnformasiya texnologiyalarının inkişafı dövlətlərarası münasibətlərə təsir edib. Artıq dövlətlər savaşmaq yerinə informasiya müharibəsinə əl atırlar. Azərbaycan da tez-tez düşmən ölkə və onun tərəfdarlarının informasiya hücumları ilə üzləşir. Sonuncu belə hadisə mayın 29-da Avropa Liqasının final qarşılaşmasının - “Çelsi”-"Arsenal" oyununun Bakıda keçirilməsi ərəfəsi də yaşandı.

Bəs informasiya müharibəsində Azərbaycan necə savaşmalıdır? İnformasiya dünyasında düşmən tərəfə necə cavab verilməli, ölkəmizin mövqeləri necə dünyaya çatdırılmalıdır?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran politoloq Elxan Şahinoğlu vurğuladı ki, bu işlə dövlət strukturları məşğul olmalıdır: “Xarici İşlər Nazirliyi, Prezident Administrasiyasının müvafiq şöbələri, Diaspora Komitəsi və yeni yaranan iki mərkəz - Beynəlxalq Təhlil Mərkəzi və Sosial Araşdırma Mərkəzi, yəni 5 struktur bu işlə məşğul olmalıdır. Və ya ortaq bir komissiya yaradılmalıdır, müstəqil ekspertlər cəlb edilməlidir. Biz öz səviyyəmizdə ekspertlər, politoloqlar olaraq, nə isə etməyə çalışırıq. Ancaq bu dövlət səviyyəsində görüləcək bir işdir. Çünki Azərbaycan müharibə şəraitindədir. Müxtəlif ölkələrdən informasiya hücumları ilə üzləşirik. Son hadisələr də bunun bariz nümunəsidir. Bu sistemli bir iş olmalıdır. Mən belə sistemli bir işin aparıldığını görmürəm. Hansısa dövlət qurumu nə isə edir, ancaq əlaqəsiz iş görülür. İnformasiya savaşında Azərbaycan üçün təhlükə böyükdür. Mayın 29-da ”Arsenal" komandasının erməni əsilli futbolçusu Henrix Mxitaryanın formasını geyinən iki azarkeşin polis tərəfindən yolda saxlanıb, məsələ aydınlaşdırıldıqdan sonra buraxılması , yəni 20 saniyəlik bir kadr iki gündür dünyanın ən məşhur kanallarında və Youtube-da yayımlanır. Bundan Azərbaycana qarşı istifadə edirlər".



Politoloqun sözlərinə görə, belə məsələlər araşdırılmalı, “biz nə etməliyik” sualına cavab tapılmalıdır: “Əgər məni bir müstəqil ekspert kimi dəvət etsələr, mən də əlimi daşın altına qoymağa hazıram. Dövlət bu işi nəzarətə götürməlidir. Ermənistan hökuməti bu işi erməni lobbisi ilə birgə görür. Ermənistan hakimiyyəti, Qarabağ separatçıları, erməni lobbisi və Qərbdə onlara dəstək verən mərkəzlər - yəni 4 struktur Azərbaycana qarşı birləşib. Azərbaycana qarşı nə qədər iyrənc yazıların dərc edildiyini hamınız gördünüz. Doğrudur, oyun və təşkilatçılıq yüksək səviyyədə oldu. Ancaq bu cür hücumları da neytrallaşdırmaq üçün iş aparılmalıdır. Özümüz hücuma keçməliyik. Çünki informasiya savaşı Qarabağ savaşının əsas tərkib hissələrindən biridir”.

E,Şahinoğlunun sözlərinə görə, hücum olmasa belə, bizim də müəyyən taktikalarımız olmalıdır: “Araşdırmalıyıq ki, qarşı tərəfi necə zəiflədək, necə daha böyük zərbə vuraq. İnformasiya savaşı ilə göstərməliyik ki, bu hadisələrdə əsl günahkar kimdir. İşğal olunmuş torpaqlarımızdan şəkillər yayımlanır ki, ermənilər yenə də Kəlbəcərdə emal zavodu açıblar. Bu artıq iş tələb edir. Biz dünyaya göstərməliyik ki, Azərbaycan bütün planlara görə işğaldan azad olunmalıdır, niyə orada belə bir zavod tikirlər, niyə köçürmə əməliyyatı həyata keçirilmir. Bunu dünyada tanıtdırmaq lazımdır. Bu, sistemli iş tələb edir. Bu işi görmək üçün müxtəlif dövlət komitələri çalışmalıdır, müstəqil ekspertlər cəlb olunmalıdır. Onların da müəyyən təklifləri ola bilər. Onlar ayda 1-2 dəfə yığışıb müzakirələr etməlidirlər. Ali bir struktur da olmalıdır. Bütün dövlətlərdə informasiya savaşı aparan mərkəzlər var. Təhlükə ilə üzləşən, informasiya hücumlarına məruz qalan dövlətlər bunu neytrallaşdırmaq və həqiqəti anlatmaq üçün informasiya texnologiyalarının imkanlarından istifadə edirlər. Böyük Britaniyada ”The İndependent" qəzeti Azərbaycan haqqında çox iyrənc bir yazı yazdı, onu dünyada oxudular. Biz ona necə cavab verməliyik? Təkcə səfirin təkzib göndərməsi ilə iş bitmir. Başqa işlər də olmalı idi, cavab yazıları yayımlanmalı idi, dünyanın məşhur köşə yazarlarını Bakıya dəvət edib burada yazı hazırlamaqla bilgiləndirmək olardı. Dünya ölkələrindəki səfirliklərimiz jurnalistlərlə, köşə yazarları ilə sıx əlaqələr saxlamalı idilər. Bütün bunlar araşdırılmalı, öyrənilməlidir".

Qeyd edək ki, ilk dəfə “informasiya müharibəsi” terminini 1976-cı ildə amerikalı mütəxəssis Tomas Rona “Boeing” kompaniyası üçün hazırladığı “Silah sistemləri və informasiya müharibəsi” adlandırdığı hesabatında istifadə edib. Rona hesabatında sübut etmişdi ki, son illərdə informasiya infrastrukturu ABŞ iqtisadiyyatının əsas komponentinə çevrilib. “İnformasiya müharibəsi” termini rəsmi olaraq ilk dəfə ABŞ Müdafiə Nazirliyi tərəfindən 1992-ci ildə istifadə edilib. ABŞ-ın Müdafiə Nazirliyinin informasiya müharibəsi haqqında sənədlərində bildirilir ki, informasiya həm silah, həm də məqsəddir: “İnformasiya hücumu isə icazə olmadan istənilən formada informasiyanın köçürülməsi, dəyişdirilməsi və məhvinə, habelə proqram təminatlarına, məxfi informasiyanın saxlandığı texniki qurğulara və insan psixologiyasına yönəlmiş əməliyyatdır”.

ABŞ-da informasiya müharibəsini təsvir etmək üçün çox zaman onu informasiya əməliyyatı ilə müqayisə edirlər. İnformasiya əməliyyatı - məqsədə çatmaq üçün qarşı tərəfin informasiya fəzasına təsir etmək və bu zaman öz informasiya resurslarını qorumaq məqsədilə xüsusi metodlardan və siyasi, iqtisadi, texniki, hərbi vasitələrdən istifadə etməklə həyata keçirilən mübarizə formasıdır. Rusiyanın mütəxəssisləri bu mübarizə formasını informasiya qarşıdurması kimi təsvir edirlər. Amerika tədqiqatçılarının fikrinə görə, informasiya əməliyyatı vasitələrilə realizə olunan informasiya qarşıdurması hərbi qüvvələrin, elmi mərkəzlərin, müxtəlif siyasi təşkilatların hazırlığında və fəaliyyətində informasiya müharibəsi texnologiyalarından geniş istifadəni nəzərdə tutur. İnformasiya qarşıdurmasında əsas məqsəd qarşı tərəfin informasiya da daxil olmaqla, bütün növ resurslarına təsir göstərməkdir. Digər tərəfdən, informasiya qarşıdurmasında demoqrafiya, təbliğat, “beyinlərin yuyulması”, ictimai rəyin və şüurun manipulyasiyası və sair üsullardan geniş istifadə edilir.

Qeyd etmək lazımdır ki, informasiya müharibəsi prosesində kompüter şəbəkəsinə daxil olmaqla, həmçinin internet vasitəsilə qarşı tərəfin həyati əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür. Bu məqsədlə internetdə veb-briqadalar və hakerlər fasiləsiz işləyirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR