Nazirlər parlamentdəki büdcə müzakirələrinə niyə qatılmamışdı?

4-06-2019, 09:49 304 dəfə baxılıb

Nazirlər parlamentdəki büdcə müzakirələrinə niyə qatılmamışdı?

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hökumətin bəzi üzvlərini tənqid etdi.

“Təəssüf ki, dövlət büdcəsinin qəbulu ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə hökumətin bütün üzvləri faktiki iştirak edir, amma büdcənin icrası ilə bağlı iclasda belə deyil”, - deyə V.Əhmədov bildirdi. Ardınca deputat parlament müzakirələrinə həssaslıqla yanaşan nazirlərin də adını çəkdi: “Sanki büdcə yalnız Şahin Mustafayev (İqtisadiyyat naziri), Mikayıl Cabbarov (Vergilər naziri) və Samir Şərifova (Maliyyə naziri) aiddir. Hesab edirəm ki, büdcənin icrası geniş müzakirə obyekti olmalıdır. Çünki müəyyən xərclər olur və bunları millət vəkilləri bilməlidir, araşdırmalıdır. Hesab edirəm ki, büdcənin icrası zamanı hökumətin bütün üzvləri iştirak etməlidir. Büdcənin icra vəziyyəti, ümumiyyətlə, geniş müzakirə edilməlidir. Burada ciddi məsələlər var”.



Milli Məclisin sədri Oqtay Əsədov isə reaksiya verərək bildirdi ki, hökumət üzvlərinin hamısının plenar iclasda iştirak etməməsinin səbəbi Polşa prezidentinin Azərbaycana səfəridir: “Hökumət üzvlərinin bəziləri dövlət rəhbərlərinin görüşlərində iştirak edir (Səfər artıq başa çatıb - red.)”

Qeyd edək ki, bundan əvvəl də parlamentarların bəziləri hökumətin bəzi üzvlərini tənqid ediblər. Hətta ötən illərdə deputatların telefonlarını qaldırmayan nazirlərdən də bəhs olunub.



Milli Məclisdən “Yeni Müsavat”a bildirdilər ki, dövlət büdcəsinin müzakirəsi zamanı Nazirlər Kabinetinin bütün tərkibi iştirak edir. Amma büdcənin icrasının müzakirəsində ancaq iqtisadi blok parlamentə gəlir. Sonuncu müzakirələrdə hökumət üzvlərindən yalnız dördünün iştirakına gəldikdə, Milli Məclisdən bildirildi ki, iclas günü Polşa prezidenti Azərbaycana səfər etdiyi üçün bir sıra hökumət nümayəndələri onunla görüşdə iştirak edirdilər. O da qeyd olundu ki, nazirlər özləri hansısa üzrlü səbəbdən müzakirələrə qatıla bilmədikdə müavinlərini parlamentə göndərirlər. “Bu dəfə də iştirak edə bilməyən nazirlərin müavinləri iclasa qatılmışdı” - Milli Məclisin səlahiyyətli şəxsi qəzetimizə bildirdi.

Maraqlıdır, parlamentdəki müzakirələrlə bağlı dəvətlər hansı şəkildə göndərilir? Araşdırma zamanı məlum oldu ki, Nazirlər Kabinetinin hesabatı zamanı siyahı Nazirlər Kabinetinin rəhbərliyi tərəfindən hazırlanır və Milli Məclisə təqdim edilir. Amma dövlət büdcəsinin müzakirəsi zamanı dəvət parlamentdən göndərilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR