“Bu o demək deyil ki, sonu bəlli olmayan müddətə gözləməliyik” - TƏHLİL

20-06-2019, 11:09 311 dəfə baxılıb

“Bu o demək deyil ki, sonu bəlli olmayan müddətə gözləməliyik” - TƏHLİL

Azərbaycan ordusu istənilən an 2016-cı ilin aprel qələbəsini təkrar etməyə hazırdır. Bu barədə müdafiə naziri Zakir Həsənov bildirib. Nazir bəyan edib ki, Azərbaycan ordusu hərbi əməliyyatlar keçirib torpaqlarımızı erməni işğalından azad etmək gücündədir. Amma hələlik beynəlxalq şərait bunu etməyə imkan vermir, dövlət başçısı isə münaqişənin sülh yolu ilə nizamlanması üzrə böyük işlər aparır.

Zakir Həsənov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri daim möhkəmlənir, yeni silah növləri əldə edir, müntəzəm olaraq döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şəraitdə irimiqyaslı təlimlər keçirilir.

Qeyd edək ki, beynəlxalq şəraitin müharibəyə başlamağımıza imkan vermədiyi məhz müdafiə nazirinin dilindən ilk dəfədir səslənir. Bu tipli açıqlamaları indiyə qədər adətən xarici işlər naziri, diplomatlar, politoloqlar, deputatlar veriblər.

Bəzi ekspertlərin fikrincə, müdafiə naziri səviyyəsində bu cür açıqlamanın verilməsi məsələnin daha da ciddiliyindən, qonşuluğumuzda olan iri dövlətlərin Qarabağda hərbi əməliyyatların başlanmasına mane olduqlarından xəbər verir.

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başlamaq hüququ var və bundan istədiyi vaxt istifadə edə bilər. Hazırda dünyada, regionda mövcud olan beynəlxalq vəziyyət mürəkkəb olsa da, Azərbaycan bu hüququnu özündə saxlayır: “Aydındır ki, Azərbaycan problemin sülh yolu həllini ATƏT-in Minsk Qrupuna həvalə edib və tərəflərə problemin müharibə vasitəsilə həllindən çəkinmək tövsiyə olunur. Görünür, müdafiə naziri həm də bu məqamı nəzərdə tutur. Amma bu o demək deyil ki, sonu bəlli olmayan müddətə gözləməliyik. Bu gün biz hərbi əməliyyatlarla torpaqlarımızı azad etməyə başlasaq, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar təbi ki, bizi qınayacaqlar, növbətçi bəyanatlar verəcəklər və sair. Amma bundan o yana da getməyəcəklər. Çünki onlar problemin tarixini gözəl bilirlər və işğal olunmuş əraziləri Azərbaycanın tərkib hissəsi kimi qəbul edirlər. İkincisi isə Cənubi Qafqazda strateji maraq baxımından hələlik Rusiya öndə olduğundan bəlkə də hərbi əməliyyatlar həmin dövlətlərin, güclərin maraqları çərçivəsində olacaq. Bu heç kimə sirr deyil ki, bu günə qədər torpaqlarımızın azad edilə bilməməsinin əsas səbəbi Rusiya təhdididir. Yəni bizim müharibəyə başmağımıza imkan verməyən Rusiyadır. Aprel döyüşləri zamanı Kremlin münasibəti dediklərimi bir daha təsdiq edir. Əgər Rusiya tərəfdən təhdidlər ortada olmasaydı, məsələ çoxdan öz həllini tapmışdı. Hazırda dünyada baş verən beynəlxalq proseslərin içində Dağlıq Qarabağ məsələsi çox kiçik görünür. Orada hərbi əməliyyatların başlayacağı halda Rusiya istisna olmaqla, digər dövlətlərin ciddi reaksiyalarını gözləmirəm”.

“Bəlkə general İranla bağlı yaranmış vəziyyəti, Rusiyanın Qarabağda əməliyyatların başlamasını istəmədiyini nəzərə alır və dolayısı ilə bunlara işarə edir” sualına E.Mustafayev belə cavab verdi: “Bütün bunlara rəğmən belə hallar varsa, adı ilə deyilməidir. İranla ABŞ arasında olan gərginlik, bu gərginliyin regionda qaynar fazaya keçməsi təhlükəsi 10 illərdir ki, var və bu gün də davam edir. Göründüyü kimi, hələ də müharibə yoxdur. Yox, əgər belə bir müharibə olarsa, həmin ortamda bizim hərbi əməliyyatlara başlamaq istəyimizlə bağlı fərqli fikirlər söyləmək olar. Amma yenə də bizə mane olan əsas qüvvə və səbəb Rusiyadır. ABŞ-Rusiya qarşıdurmasında Moskvanın geri çəkilməsi, yaxud zəifləməsi daha qabarıq ortada olarsa, məlum təhdidlərin ortadan qalxmasının şahidi ola bilərik”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR