Sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi... - TƏHLİL

28-06-2019, 18:22 982 dəfə baxılıb

Sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi... - TƏHLİL

Xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə Vaşinqtondakı görüşündən sonra Bakıda keçirdiyi mətbuat konfransında dedikləri müzakirələr yaradıb.

Sitat: “Ermənistan tərəfi hər dəfə ”təhlükəsizlik", “Dağlıq Qarabağın statusu” məsələlərini qaldırır. Təhlükəsizliyə gəlincə, regionda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Həmsədrlər bunun üzərində işləməlidir".

E.Məmmədyarovun sülhməramlılar dedikdə hansı ölkənin hərbiçilərini nəzərdə tutduğu barədə müxtəlif versiyalar səsləndirilir. Bəllidir ki, ermənilərin ən böyük istəklərindən biri regionda Rusiyanın sülhməramlarının yerləşdirilməsidir. Azərbaycanın buna izn verməyəcəyi bəllidir. O zaman XİN rəhbərimizin hansı ölkəni nəzərdə tutduğu barədə sual yaranır.

Politoloq Əhəd Məmmədlinin təxminləri belədir: “Nazirin bu açıqlamasında nə dediyi tam məlum deyil. Bu ciddi bir xəbərdir. Hökmən nazir sülhməramlı qüvvələrlə bağlı fikirlərinə aydınlıq gətirməlidir. Status-kvo dəyişilmədən indiki situasiyada sülhməramlıların Qarabağda yerləşdirilməsi birmənalı şəkildə Azərbaycanın milli maraqlarına ziddir. İndiki halda sülhməramlıların torpaqlarımızda yerləşdirilməsi Qarabağın birdəfəlik itirilməsi deməkdir. Rus sülhməramlılardan, ümumiyyətlə, söz gedə bilməz. Abxaziya, Cənubi Osetiyanın aqibətini unutmayaq. Yalnız o vaxtı sülhməramlı qüvvələrə razı olmaq olar ki, işğal edilmiş bütün ərazilərimiz azad edilir, Bakının nəzarətinə keçir və bu qüvvələr BMT tərəfindən qəbul edilmiş Azərbaycan-Ermənistan sərhədləri boyunca yerləşdirilir. Əks təqdirdə, sülhməramlılarla bağlı istənilən pozisiya Azərbaycan üçün qəbuledilməzdir. Düşünürəm ki, sülhməramlı qüvvələr dedikdə Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini nəzərdə tutur. Bu dövlətlərdən ən azı ikisi-Rusiya və Fransa düşmən Ermənistana Azərbaycandan daha yaxındılar. Rusiya, ümumiyyətlə, Ermənistanın rəsmi müttəfiqidir. Ona görə də rus qoşunlarının Azərbaycan torpaqlarında yerləşdirilməsindən söz gedə bilməz. Abxaziya, Osetiya, Dnestryanıda rus sülhməramlı qüvvələrin yerləşdirilməsinin sonu ilk iki separatçı bölgənin Moskva tərəfindən müstəqilliyinin tanınması ilə nəticələndi. Rus əsgərinin ayağı hara dəyibsə, ən azı onları oradan çıxarmaq üçün on illər lazım olub. Rusları rəsmi şəkildə Qarabağa yaxın buraxmaq olmaz. Zatən işğal edilmiş ərazilərimizdə rus hərbiçiləri var. Rəsmi şəkildə buna izn versək, Qarabağa hərbi müdaxiləmizə öz əllərimizlə qadağa qoyacağıq”.

Hərbi icmalçı Ramil Məmmədli sülhməramlılar yerləşdirilərsə, bunun Azərbaycanın ziyanına ola biləcəyini qeyd etdi: “Münaqişənin həlli ilə bağlı detallardan biri kimi Dağlıq Qarabağ ərazisində sülhməramlı hərbi qüvvələrin yerləşdirilməsinə dair informasiyalar zaman-zaman ictimaiyyətə çatdırılır. Bu məsələdə Rusiyanın fəallığı da aydın görünür. Xatırlayıram ki, 7-8 il əvvəl Rusiyanın təşəbbüsü ilə yaradılan KTMT hərbi blokunun hərbi birliklərinin sülhməramlı statusu ilə Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində yerləşdirilməsi də təkliflər sırasında olmuşdu. Bu günlərdə isə ABŞ-da Azərbaycan-Ermənistan XİN rəhbərlərinin keçirilən görüşündə bu məqam müzakirə olunub. Ermənistan da sülhməramlı məsələsində təşəbbüsləri dəstəkləyir. Əlbəttə ki, bu onların maraqlarına xidmət edir. Lakin nəzərə almaq lazımdır ki, sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi Azərbaycanın gələcəkdə manevr imkanlarını məhdudlaşdıracaq. Hətta bu sülhməramlılar BMT mandatı ilə qeyri-Rusiya hərbi birləşmələri olsa belə...

Məsələ burasındadır ki, sülhməramlıların ərazidə mövcudluğu Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmaması deməkdir. Yəni Qarabağda dövlət maraqlarımızın əleyhinə yarana biləcək təşkilatlanmanın qarşısını almaq üçün biz beynəlxalq razılıq əldə etmək məcburiyyətində qalacağıq. Bu sülhməramlılar Rusiyanın dominantlığı ilə xidmət aparacaqsa, prosesdə heç nə dəyişməyəcək. Əksinə, 1980-ci illərin sonundakı məlum ssenarinin ruslar tərəfindən təkrarlanmayacağını heç kim sığortalaya bilməz. Bu baxımdan ərazidə istənilən xarici qüvvələrin hərbi birləşmələrinin mövcudluğu ərazi bütövlüyümüzə təhdid olacaq. Türkiyənin bu məsələdə iştirakı da arzuolunan olmayacaq. Çünki ermənilər buna razı olmayacaqlar. Bir sözlə, Qarabağda sülhməramlıların mövcudluğu Azərbaycana təhdidin başqa formasıdır. Əgər buna razılıq verilərsə, biz ərazilərimizi tam azad etmək şansından məhrum ola bilərik. Bunu isə gələcək nəsillər bizə bağışlamaz”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR