Kremlin ikibaşlı silah siyasəti: Qarabağa nə gətirəcək?

1-07-2019, 12:19 383 dəfə baxılıb

Kremlin ikibaşlı silah siyasəti: Qarabağa nə gətirəcək?


Rusiyanın Ermənistana silah yardımı etdiyi heç kimə sirr deyil.

Bir müddət öncə Rusiya işğalçı ölkəyə silah yardımı etmək üçün 200 milyon dollar dəyərində müqavilə imzalamışdı. Bu müqavilə çərçivəsində artıq Ermənistana müəyyən silahlar göndərilib. Hətta Rusiya Ermənistana “İsgəndər” raket komplekslərini də verib. Bu günlərdə Ermənistanın daxili işlər naziri David Tonoyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib ki, Ermənistan və Rusiya silah və döyüş sursatlarının Ermənistana tədarükü üzrə bir neçə müqavilə imzalayacaq.

Onun sözlərinə görə, iri tədarüklər artıq bu ilin sonunda və gələn ilin əvvəlində başlayacaq. Həmçinin aviasiya texnikası və silahların alışı üzrə danışıqlar aparılır.

Qeyd edək ki, D.Tonoyan Moskva bölgəsində keçirilən “Ordu-2019” beynəlxalq sərgidə iştirak edir. O, sərgi çərçivəsində Rusiyanın hərbi sənaye kompleksinin bir sıra müəssisə rəhbərləri ilə görüşlər keçirib. Rusiyanın Ermənistanı silahlandırması məsələsinə isə fərqli yanaşmalar var. Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya tərəfindən silahlandırılması beynəlxalq hüquq normalarına uyğun deyil. Digər tərəfdən Rusiyanın Ermənistanın Gümrü şəhərində hərbi bazası var. Ekspertlər hesab edir ki, Rusiyanın Ermənistanı silahlandırmasının əsas iki məqsədi var. Bunlardan biri Ermənistanın hərbi hərbi gücünün artırılmasıdır. İkinci məqsəd isə Rusiyanın böyük rəbiblərinə qarşı ehtiyat tədbirləridir. Rusiya Ermənistana silah yığmaqla həm də özünün təhlükəsizliyini qorumaq haqqında düşünür.
Qərb mediası yazır ki, Rusiya strategiyasının ikinci istiqaməti Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmaqdır. Rusiya münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana silah satır. Hazırda Azərbaycanın hərbi gücü Ermənistanı xeyli üstələsə də, rus hərbiçiləri İrəvanı Qarabağda müharibəni alovlandırmağa həvəsləndirə bildi.

Rusiya Ermənistana tarix boyu strateji müttəfiq olaraq yanaşıb. Azərbaycan bu müttəfiqliyin mənfi nəticələrini bütün dönəmlərdə hiss edib. Paşinyan hökuməti ilə münasibətlərin gərgin olduğu təqdirdə də hərbi əməkdaşlığın davam etməsi məhz bu strateji müttəfiqliyin davamıdır. Görünən odur ki, bu məsələdə mövqe hakimiyyətlərə münasibətdən asılı olmayaraq dəyişməz qalır.

Ermənistan mətbuatı da yazır ki, rəsmi İrəvanla Rusiya arasında Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra yaranmış problemlər arxada qalıb və Moskva regiondakı müttəfiqini güzəştli kreditlər hesabına silahlandırmaqda davam edəcək.

Politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Rusiya Ermənistana silah verməklə bölgədə hərbi balans yaratmaq istəyir: “Rusiya Ermənistana silahı kreditlə verir. Bu kreditin Ermənistan tərəfindən nə zaman təmin olunacağı isə bəlli deyil. Digər tərəfdən düşünürəm ki, Rusiya bununla regionda müəyyən balans yaratmaq istəyir. Çünki burada Gürcüstan, Azərbaycan və Ermənistan üçbucağı Rusiyanın maraq dairəsindədir. Rusiya ona görə çalışır ki, burada balanslı vəziyyət yaransın və geositrateji maraqlar çərçivəsində bundan istifadə etsinlər”.

Politoloq hesab edir ki, Rusiyanın Ermənistana silah verməsi birbaşa geosiyasi maraqlar çərçivəsindədir: “Burada digər məqam isə ondan ibarətdir ki, Azərbaycana satılan silahlar konkret məbləğədir, heç bir güzəşt olunmur. Gürcüstana isə son zamanlar, ümumiyyətlə silah satılmır. Görünən odur ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsində öz yerini bərkitmək üçün bundan səmərəli şəkildə istifadə edir. Aydın məsələdir ki, Rusiya Ermənistana silahı onlara böyük məhəbbəti olduğu üçün vermir. Sadəcə olaraq, bu, maraqlar çərçivəsində edilir. Səbəblər isə aydındır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR