Ziya Məmmədovdan sonra növbə Kəmaləddin Heydərovundur?

15-10-2015, 14:06 733 dəfə baxılıb

Ziya Məmmədovdan sonra növbə Kəmaləddin Heydərovundur?










Nəqliyyat naziri Ziya Məmmədovdan sonra hədəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gələcək

Bu haqda “Azadlıq” qəzeti məlumat yayıb. Qəzet yazır ki, redaksiyaya daxil olan xəbərdə Ziya Məmmədovla bağlı başlayan prosesin əslində hakimiyyətdəki “oliqarx ovu” planının tərkib hissəsi olduğu qeyd olunur. Mənbə bildirib ki, Kəmaləddin Heydərov da böyük gücə malik və həm də böyük iddiaları olan məmurdur. Ölkə başçısı İlham Əliyevin bir neçə gün əvvəl Nazirlər Kabinetində keçirdiyi iclasda idxalda monopoliyanı açıq mətnlə vurması əslində Kəmaləddin Heydərovun da sıradan çıxarılacığının mesajı sayıla bilər.
Qəzet yazır ki, təsadüfi deyil İlham Əliyevin bu çıxışından sonra deputat Yevda Abramov “idxal mafiyası”nı “vurub”. O, bildirib ki, Rusiya tərəfi Azərbaycana istənilən qədər məhsul gətirməyə icazə verir. Amma Azərbaycan sərhədindən 10 kq-dan artıq məhsul keçirməyə qoymurlar: “Niyə icazə verilmir? 10 kilodan çox olanda nə olar ki? Bu sənin insanındır. Sərhəddə balıqların başı kəsilir, kolbasalar kəsilir, artıq yüklər orada yerə atılır. Eyni zamanda, bu il ”Kənd təsərrüfatı ili”dir. Rayonların çoxunun deputatı buna çıxışında toxunmadı, yəqin hiss etməyiblər. Şəmkirdən xiyarı aparıb Rusiyada satmaq istəyir, amma neçə gündür sərhəd məntəqəsindən keçə bilmir, nəticədə onu 2 qəpiyə verir. Bu il qara gavalının qiyməti 10 qəpikdən yuxarı qalxmadı. Mən də deyirəm ki, iş yerləri açılsın. SSRI dövrünün tədarük məntəqələri bərpa edilsin”.
Deputat Fəzail Ağamalı da həmkarının fikirlərinə dəstək verib. Deputat deyib ki, Azərbaycana idxal olunan məhsulların kimlərin razılığı olmadan keçirilə bilmədiyini yaxşı bilir: “Azərbaycan xalqı qabiliyyətli xalqdır. Ona imkan verilsə, problemlərini özü həll edə bilər. O zaman heç neftə də ehtiyac qalmaz. Biz prezidentimizlə bərabərik. Bizim sədaqətimizə şübhə yoxdur. Prezidentin müşavirədə səsləndirdiyi çağırışa səs verməliyik. Kim buna səs vermirsə, o xəyanətkardır, Azərbaycan əleyhinə koalisiyasının tərkibində yer alır”.
Ölkədə idxalın Kəmaləddin Heydərovun nəzarətində olduğu sirr deyil. Güman ki, Fəzail Ağamalı və Yevda Abramov da bunu bilir. Bu halda onların səsləndirdiyi fikirlərin müstəqil mövqe olduğunu düşünmək sadəlövhlük olardı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR