Azərbaycanda yeni qurum yaradılır – Fərman

22-10-2015, 14:18 747 dəfə baxılıb

Azərbaycanda yeni qurum yaradılır – Fərman









Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında fərman imzalayıb

Fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılsın.
2. “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibi” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipi tətbiq olunsun.
5. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına həvalə edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
7.1. dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birlikdə ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı özündə yükdaşımaların vahid tariflərini, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını və şərtlərini, o cümlədən müqavilələrin şərtlərini və bağlanma qaydasını, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, yüklərin izlənməsi və daşıma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirən elektron portalın yaradılmasını təmin etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
9. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilir.
10. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat təqdim olunmasını təmin etsin.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR