Azərbaycan bölgədə vazkeçilməz oyunçuya çevrilir - TƏHLİL

25-09-2019, 12:32 296 dəfə baxılıb

Azərbaycan bölgədə vazkeçilməz oyunçuya çevrilir - TƏHLİL


Azərbaycanın iştirakçı olduğu strateji əhəmiyyətli regional layihələrdən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsidir. 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək niyyəti ilə yaradılan bu layihədə ölkəmiz artıq sadəcə, iştirakçı deyil, həm də həlledici tranzit ölkə, layihənin reallaşmasına mühüm töhfə verən və dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirən bir dövlətdir.

“Yeni Müsavat” məlumat üçün bildirir ki, dəhliz vasitəsilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına çatdırıldıqdan sonra qatarlara yüklənməsi və İranın dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılmasını nəzərdə tutur. Hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündürsə, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir. Bu da mal və xidmətlərin maya dəyərinin əhəmiyyətli şəkildə azalması, iqtisadi qazancların və rentabelliyin kəskin artması deməkdir. İqtisadçı ekspertlərin hesablamalarına görə, ilkin mərhələdə “Şimal-Cənub” dəhlizi vasitəsilə ildə 7 milyon, gələcəkdə isə 22-25 milyon ton yük daşına biləcək.

Təbii ki, Azərbaycanın bu layihədə güddüyü hədəf təkcə logistik və tranzit ölkə qismində götürəcəyi iqtisadi dividentlərlə bağlı deyil, həmçinin geosiyasi hədəflərdir. Əvvəla, bu layihədə iştirakla Azərbaycan bir daha bölgədə güvənilən, stabil və balanslı siyasət yürüdən ciddi dövlət olaraq çıxış edir. Doğrudur, son dövrlər ABŞ-İran, ABŞ-Rusiya münasibətlərində yaşanan gərginliklər dolayısıyla sözügedən layihənin işə düşməsi perspektivinə də neqativ planda yansıyır. Ancaq bir şey dəqiqdir ki, bu problem Azərbaycandan qaynaqlanmır. Ölkəmiz gerçəkləşdirilməsi gərəkən bütün infrastruktur layihələrini uğurla həyata keçirib.

Şübhə yox ki, “Şimal-Cənub” dəhlizi də həyata vəsiqə alacaq. Çünki bu layihə təkcə İran və Rusiyadan ibarət deyil. Bu marşrut İran, Hindistan, Rusiya və Azərbaycanla yanaşı, Fars körfəzi və Orta Asiya dövlətlərinin, həmçinin Çinin də marağında olan mühüm projedir. Yəni onun reallaşması dünya əhalisinin az qala, yarısının yaşadığı dövlətlərin iradəsinə və marağına bağlıdır.

Bu maraq ölkəmizin də köklü maraqları ilə üst-üstə düşür. Azərbaycanın marağı ondan ibarətdir ki, dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi bizdən tələb edir ki, iqtisadiyyatımızın neftdən asılılığını azaldaq və onu şaxələndirək, o cümlədən qeyri-neft sektorunu inkişaf etdirək. Bakının layihəyə xüsusi diqqət ayırmasının kökündə öncəliklə bu faktor dayanır.

Mütəxəssislərə görə, layihə dövlət büdcəmizə əlavə vəsaitlər gətirməklə yanaşı, ölkəmizin ixrac potensialını artıracaq, iş adamlarının fəaliyyətini stimullaşdıracaq. Yekun etibarilə ölkəmizin dünya iqtisadiyyatına səmərəli inteqrasiyasına, habelə qeyri-neft sektorunun inkişafına, modernləşməyə və iqtisadi islahatların sürətlənməsinə impuls verəcək.

Daha bir mühüm gözlənti: “Şimal-Cənub” dəhlizinin tam olaraq işə düşməsi region ölkələrinin iqtisadi inkişafına təkan verməklə yanaşı, həmin ölkələrə daxili siyasi sabitlik üçün zəmanət vermiş olacaq. Bütün bunlar konkret olaraq, Azərbaycanın bölgədə və dünyada iqtisadi və geosiyasi çəkisinin daha da artması deməkdir. Nədən ki, iqtisadi bağlar siyasi bağları şərtləndirir, iqtisadi amil siyasi amili doğurur.

Onu da nəzərə alsaq ki, ölkəmiz regionda əsas iştirakçı və moderator olduğu digər strateji əhəmiyyətli nəqliyyat və enerji layihələri ilə - Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu, həmçinin başa çatmaqda olan Cənub Qaz Dəhlizi (TANAP, TAP) ilə Avropanın enerji təhlükəsizliyində də mühüm paya sahibdir, o zaman belə demək olar ki, Azərbaycan əsas problemimiz olan Qarabağ məsələsinin həllində də daha uğurlu beynəlxalq mövqeyə çıxmış olacaq. Paralel surətdə işğalçı Ermənistan bölgədə bir az da “izqoy” duruma düşəcək...

Diqqətə çatdıraq ki, 2005-ci ildən layihənin önəmli parçasına çevrilən Azərbaycan, öz üzərinə götürdüyü bütün vəzifələri, öhdəlikləri icra edib. Belə ki, İran sərhədinədək dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib, Astara (Azərbaycan)-Astara (İran) 8,7 kilometrlik dəmir yolu körpüsünü inşa edilib və istismara verilib. Bütövlükdə Azərbaycan ərazisindən keçən 511 kilometr dəmir yolu artıq hazır vəziyyətdədir. Rusiya ilə Azərbaycanın dəmir yolları isə hələ SSRİ dönəmindən birləşib və o səbəbə əlavə xərc çəkib dəmir yolu inşa etməyə ehtiyac qalmır. Qalır İran.

“Yeni Müsavat” xatırladır ki, keçən ilin martında İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində Astara-Rəşt dəmir yolunun inşasının maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Məsələ ondadır ki, Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəsində maraqlıdır. Bu məqsədlə Bakı yolun Rəşt-Astara hissəsinin tikintisi üçün İrana 500 milyon dollar güzəştli kredit ayırıb. Çünki məhz Rəşt-Astara xətti İranla Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək.

Yeri gəlmişkən, ölkəmizin bu layihəyə ciddi sərmayə yatırması onun beynəlxalq arenada etibarlı tərəfdaş imicini də gücləndirib ki, bu da mühüm geosiyasi hədəflərdən sayıla bilər. Bundan əlavə, son illərdə Bakı-Tiflis-Qars dəmir yolunun, Ələtdə Beynəlxalq Limanının istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması ölkəmizi Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa Birliyi), Cənubi Asiyanı (İran və Hindistan) Şimalla birləşdirən nəqliyyat qovşağına çevirəcək...
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR