Arif Hacılının rəqibləri rayon müsavatçıları ilə görüşlərə başlayıb

25-09-2019, 13:34 326 dəfə baxılıb

Arif Hacılının rəqibləri rayon müsavatçıları ilə görüşlərə başlayıb



Müsavat Partiyasında 9-cu qurultaya hazırlıq prosesi sürətlənib. Oktyabrın 12-də keçirilməsi nəzərdə tutulan qurultayın hesabat-seçki qurultayı olduğu bildirilir. Qurultayda partiya başqanının, mərkəzi nəzarət-təftiş komissiyasının hesabatları dinləniləcək. Təşkilati məsələlərə baxılacaq, partiyanın başqanı, mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri və sərbəst Məclis üzvləri seçiləcək. Eyni zamanda proqram və nizamnaməyə müəyyən dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur.

Müsavat Partiyasının başqanlığına, eləcə də MNTK və Məclis üzvlüyünə namizəd olmaq istəyən şəxslərin müvafiq ərizə ilə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə müraciət etməsinə isə üç gündür başlanıb.

Artıq iki nəfərin-Müsavat Divanının üzvləri Tofiq Yaqublunun və Yadigar Sadıqlının Müsavat başqanlığına namizədliklərini rəsmi şəkildə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə təqdim etdiyi deyilir. Partiyanın sərbəst Məclis üzvlüyünə də iddialı şəxslərdən müvafiq ərizə ilə Təşkilat Komitəsinə müraciət etdiyi əldə etdiyimiz məlumatlar sırasındadır.

Əsas seçki mübarizəsinin isə başqanlıq uğrunda keçəcəyi indidən müşahidə olunur. Hazırkı Müsavat başqanı Arif Hacılı namizədliyini irəli sürdükdən sonra başqanlıq yarışı xüsusilə ciddi fazaya keçəcək.

Tofiq Yaqublu və Yadigar Sadıqlı artıq Müsavat Partiyasının rayon təşkilatlarında görüşlər keçirməyə, öz təbliğatlarını aparmağa başlayıblar. Tofiq Yaqublu Kürdəmir rayonunda müsavatçılarla görüşüb, başqan seçiləcəyi halda partiya idarəçiliyini necə həyata keçirəcəyini düşündüyü barədə fikirlərini partiyadaşlarının nəzərinə çatdırıb.

Yadigar Sadıqlı isə təbliğat görüşünə doğulduğu Lənkəran rayonundan start verib. Dünən Yadigar Sadıqlı Lənkəran şəhərindəki evində Müsavatın rayon təşkilatının üzvləri ilə görüşüb. Görüş başlayan zaman yerli polisin müdaxilə etdiyi barədə məlumat yayılıb. Məlumatda deyilir ki, rayon polis idarəsinin mayor rütbəli zabitlərindən biri bu tipli görüşlər və tədbirlər üçün rayon icra hakimiyyətindən öncədən razılıq alınmalı olduğunu əsas göstərib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR