Minsk Qrupu necə yarandı: Nazirin səhvi, yoxsa reallıq?

25-09-2019, 15:27 550 dəfə baxılıb

Minsk Qrupu necə yarandı: Nazirin səhvi, yoxsa reallıq?

Beynəlxalq Srateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin sabiq köməkçisi Eldar Namazovun ATƏT-in Minsk Qrupunun yaradılması ilə bağlı açıqlaması son günlər ciddi müzakirə predmetinə çevrilib.

Qeyd edək ki, redaktor.az saytına müsahibə verən Eldar Namazov 1992-ci ildə Minsk Qrupunun təşkilinə Azərbaycanın razılıq verməsini siyasi səhv kimi qiymətləndirib. Politoloq bildirib ki, həmin dövrdə Azərbaycan belə bir formatın yaradılmasına razılıq verməməyi qərara aldığı halda, xarici işlər naziri Tofiq Qasımov sonradan heç kiminlə razılaşdırmadan mövqeyini dəyişib:

“Ciddi arqumentlər var idi ki, Azərbaycan ATƏT-də Minsk qrupunun yaradılmasına razılıq verməsin. Mənim də arqumentim dünya təcrübəsinə söykənirdi. ATƏT hələ bu günə kimi heç bir konflikti həll etməyib. Digər tərəfdən, ATƏT-ə bu mandatı verməklə biz faktiki olaraq, öz ərazilərimiz üzrə suverenliyimizin bir qismini beynəlxalq təşkilatlara vermiş olurduq. Deməli, biz artıq özümüz öz suveren hüquqlarımızı məhdudlaşdırırdıq. Bu, çox böyük təhlükə idi və gələcəkdə bizim üçün çox ciddi problemlər yarada bilərdi. Mənim bu arqumentlərimdən və mətbuatın XİN-ə ünvanladığı suallardan sonra səfərə yola düşərkən Tofiq Qasımov bəyan etdi ki, biz Minsk Qrupu formatının yaradılmasına razılıq verməyəcəyik. Hətta mətbuat işçiləri bununla bağlı zəng edib məni təbrik də etdilər. Təəssüflər olsun ki, 1-2 gündən sonra xəbər gəldi ki, ATƏT-in Minsk Qrupu formatının yaradılmasına Azərbaycan razılıq verib. Təbii ki, biz şokdaydıq. Tofiq Qasımov səfərdən qayıdanda jurnalistlər elə aeroportdaca ona “hücum” etdilər və məsələyə aydınlıq gətirilməsini istədilər. Tofiq Qasımovun izahatı belə idi:

“Bəli, biz düşünürdük ki, buna razılıq vermək olmaz. Amma konfrans zamanı ABŞ-ın Dövlət katibi mənə yaxınlaşıb, əlini çiynimə qoydu və dedi ki, siz yaxşı oğlanlarsınız. Buna razılıq verin və biz bu formatı yaradaq. O, bizə söz verdi ki, bu işlərdə bizə kömək edəcək. Mən də onun bu xahişini nəzərə alıb, ATƏT-in Minsk Qrupu formatının yaradılmasına razılıq verdim”.

Eldar Namazov onu da bildirib ki, ATƏT-in Minsk Qrupunun yaradılmaması münaqişənin nizamlanmasında həlledici məqamlardam biri olardı.

Lakin məsələni “Cümhuriyət” qəzetinə şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, problem yalnız Tofiq Qasımovla bağlı deyil. Çünki Azərbaycan 1990-cı illərin əvvəlində münaqişənin aradan qaldırılmasında ATƏT-in fəaliyyətinə ümidlə yanaşırdı:

“1991-ci ilin dekabr ayında ATƏT vasitəçiliyinə dair konfrans olmalı idi. Yəni Azərbaycan ATƏT-in vasitəçiliyinə Tofiq Qasımovdan əvvəl razılıq verib. Həmin dövrdə məlum olduğu kimi, bu təşkilat ATƏM adlanırdı. 1992-ci il martın 24-də isə Minsk konfransının mandatı qəbul olunub. Yəni konfransın çağırılması qərara alınmışdı və bu tədbirdə həmin məsələlər müzakirə olunmalı idi. Azərbaycan buna razılıq vermirdi. Amma may ayında Şuşa və Laçın işğal olundu. Həmin dövrdə ATƏM-in yüksək səviyyəli məmurların iclası adlanan xüsusi qurumu fəaliyyət göstərirdi. Bu qurum Şuşanın və Laçının işğalına qarşı qərarlar çıxarıb. ATƏT-in rəyinə görə, bu işğalların qısa müddətdə aradan qaldırılması üçün təcili tədbirlər görülməli idi. Nəticədə, vəziyyət Minsk konfransının açılışı üçün uyğun olmalı idi. Lakin sonra Azərbaycan ərazilərinin işğalı davam etdi. Ona görə də Minsk konfransı çağırılmayıb. 1992-ci il mayın 28-29-da Lissabon şəhərində ATƏT-in tədbiri keçirilimişdi. Orada ABŞ-ın dövlət katibi Uorren Kristofer Tofiq Qasımovla görüşüb və ona Minsk Qrupu adlanan bir format yaratmaq istədiklərini deyib. Uorren Kristofer təklif edib ki, işğallara son qoymaq üçün fövqəladə, müvəqqəti danışıqlar prosesi yaratmaq lazımdır. Doğrudan da, iyun ayının 4-5-də təcili belə bir danışıqlar çağırıldı. Mən də orada iştirak etdim. Əsas məqsəd Şuşanın və Laçının işğalının aradan qaldırılmasına nail olmaq idi. Amma sonra ermənilər bu vəziyyətdən istifadə edərək müzakirələri uzatdılar. Hazırkı vəziyyət də göstərir ki, işğal məsələsi o qədər gündəmdə deyil. Nikol Paşinyanın da “Dağlıq Qarabağ Ermənistandır” bəyanatından sonra da bu danışıqlar davam edir. Hətta Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü də danışıqların davamlı olduğu görüntüsünü yaradır. Yəni belə qənaətə gəlmək olar ki, danışıqların heç bir mandatı, mənası yoxdur. Bu baxımdan, aparılan danışıqlar Azərbaycanın xeyrinə deyil”.

“Tofiq Qasımovun ATƏT-in Minsk Qrupunun yaradılmasına razılıq verməsi nə qədər doğru addım idi” sualını cavabında Tofiq Zülfüqarov bildirdi ki, 1992-ci ildə rəsmi Bakının sözügedən formatdan imtina etməsi münaqişənin həlli prosesində ciddi dəyişikliyə səbəb ola bilməzdi. Bu da həmin dövrdə siyasi şəraitin fərqli olması ilə bağlı idi:

“O vaxt başqa imkan yox idi. Mən inanmıram ki, Azərbaycan münaqişənin həllinə hazır idi. Daha doğrusu, bu mürəkkəb məsələ idi. Biz hamımız elə düşünürdük ki, beynəlxalq təşkilatlar nəyisə həll edə biləcək gücdədir. Yalnız biz deyil, gürcülər də, digər münaqişə bölgələrində də problemə bu cür yanaşma mövcud idi. Hətta keçmiş Yuqoslaviyada da baş verən fəallıq məhz ATƏT-in vasitəsilə həyata keçirilirdi. Yəni ümid edirdilər ki, beynəlxalq təşkilatlar post-sovet və post-kommunist məkanında hansısa məsələləri həll edə bilər. Təəssüflər olsun ki, bu problemlərin həll olunmadığını görürük. Digər tərəfdən, mən bu və ya digər məsələlərə hazırkı şəraitdən baxmağın tərəfdarı deyiləm. O vaxt siyasi, hərbi və iqtisadi şərait fərqli idi. Hesab edirəm ki, Tofiq Qasımovun razılığı Azərbaycanın beynəlxalq vasitəçiliyə razılıq verməsini nəzərdə tuturdu. Yəni Azərbaycan problemlərin beynəlxalq vasitəçiliərin köməyi ilə həllinə etiraz etmirdi. Bu da Azərbaycanın sülhməramlı siyasətindən irəli gəlirdi. Əgər Azərbaycanın gücü olsa idi, Rusiya Çeçenistan münaqişəsini həll edən kimi aradan qaldırardı və vasitəçilərə də ehtiyac qalmazdı. İndi təzədən bu və ya digər məsələlərin doğru və ya səhv olduğunu müzakirəyə çıxartmaq hesab edirəm ki, düzgün deyil. Nəzərə almaq lazımdır ki, o vaxt nə ordu var idi, nə də erməni işğalçılarını qovmaq üçün elə güclü imkanlarımız var idi. Hamı başa düşürdü ki, ermənilərin arxasında birbaşa Rusiya dayanır. Rusiyanı neytrallaşdırmağın yeganə yolu beynəlxalq təşkilatlardır. Kim zəmanət verə bilər ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun yaradılmasına razılıq verməsə idi, münaqişə bizim xeyrimizə həll olunacaqdı? Mən bu proseslərdə iştirak edən kimi deyə bilərəm ki, bizim daha ciddi problemlərimiz var idi. Danışıqlara gedəndə bizə təlimat da vermirdilər. Heç Romadan zəng etmək mümkün deyildi. Həmin dövrdə birbaşa telefonlar da işləmirdi. Sovet dövründən qalmış telefonlarla zəng edirdik və bizi Odessadan Bakıya birləşdirirdilər. Bakıya zəng edəndə nə isə soruşmaq üçün heç kimi tapmırdıq. Yəni vəziyyət çox gərgin idi. İndi kim nə deyir desin, o zamankı situsiyanı nəzərə almalıyıq. Azərbaycanın valyutası belə yox idi. Bizim xərclərimizi ATƏT ödəyirdi. Danışıqlara getmək üçün səfər xərclərini ödəməyə pul yox idi”.

Diplomat qeyd etdi ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar heç bir fayda verməyib. Ona görə də Azərbaycan Minsk Qrupundan imtina etməsə də münaqişədə dönüş yarada biləcək addımlar atmalıdır:

“Minsk Qrupunun fəaliyyətindən imtina etməyə ehtiyac yoxdur. Amma Azərbaycan Ermənistanla aparılan danışıqları taktiki baxımdan, dayandırmalı və öz mövqeyini açıqlamağı tələb etməlidir. Ermənistan münaqişəni necə həll etmək istədiyini göstərməlidir. Yəni Ermənistan ya Madrid prinsipləri əsasında nizamlanmanın tərəfdarı olduqlarını təkrarlamaqla pis vəziyyətdə qalmalıdır. Bundan istifadə etmək lazımdır. Biz birmənalı şəkildə başa düşməliyik ki, ermənilər danışıqlar yolu ilə torpaqlarımızı qaytaran deyil. Amma təbliğati baxımdan, daha səmərəlıi istifadə etmək üçün mənim təklif etdiyim daha əlverişli olardı. Xarici işlər nazirlərinin Nyu-York görüşünə getmək lazım deyildi”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR