NÖVBƏDƏNKƏNAR SEÇKİDƏ MƏCBURİ SEÇİM – Bu dəfə necə olacaq?...

11-12-2019, 10:32 246 dəfə baxılıb

NÖVBƏDƏNKƏNAR SEÇKİDƏ MƏCBURİ SEÇİM – Bu dəfə necə olacaq?...


Müxalif cameədə növbədənkənar parlament seçkilərinin boykot olunması təklifi bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən qərar veriləndən dərhal sonra irəli sürülmüşdü. Milli Şuranın (MŞ) açıqladığı bəyanatında hakimiyyətin qarşısında seçki islahatları ilə bağlı tələblər irəli sürülüb və bütün müxalifətə bu tələblərin həyata keçirilməsi üçün birgə mübarizə təklif olunmuşdu.

Amma aradan keçən qısa zaman göstərdi ki, seçki prosesi tamamilə fərqli istiqamətdə gedəcək. Milli Şuranın ortaya qoyduğu mövqe digər müxalifət partiyaları tərəfindən qəbul olunmadı. Ötən ay keçirilən dəyirmi masada razılaşdırılan əməkdaşlıq memorandumu da ilk sınaqdan keçə bilmədi, siyasi qruplar öz maraqlarını təmin etmək üçün fərqli qərarlar verdilər. Artıq məlumdur ki, AXCP və tanınmış iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) istisna olmaqla, müxalifət düşərgəsindəki əksər partiyalar növbədənkənar seçkilərdə iştirak edəcəklər. ADR-in bu barədə siyasi qərarı olmasa da, təşkilatın prosesdə iştirak etməyəcəyi gözlənilir.

Belələliklə, gözləntilər olsa da, boykot təşəbbüsü bütün müxalifət düşərgəsini əhatə etmədi. İndi ortada parlament təmsilçiliyini qazanmaq istəyən xeyli sayda partiyalar, müstəqil namizədlər var. Onların gündəliyində seçkiqabağı situasiyanın liberallaşdırılması uğurunda mübarizə yox, deputat mandatı əldə etmək var. Bu vəziyyət hakimiyyəti tamamilə qane edir. Çünki seçki prosesinə inzibati, siyasi hüquqi nəzarət onun əlindədir, loyal iddiaçılar nə qədər çoxdursa, manevr imkanları da o qədər genişlənir. Paralel olaraq özünə qarşı barışmaz müxalifətin yaratmaq istədiyi daxili və beynəlxalq təzyiqi neytrallaşdırır.

Yaranmış vəziyyətdə Milli Şuranın mövqeyini dəyişəcəyi az ehtimaldır. Çünki liderlər seçkiyə getməyin nə qədər ziyanlı olduğu, hakimiyyətin bundan necə yararlanacağı barədə müxalif auditoriyaya geniş izahatlar verirlər. Buradan geri çəkilib tamamilə əks arqumentlərlə çıxış etmək artıq mümkün deyil. Ona görə, MŞ qarşısında bir yol dayanır – mümkün qədər növbədənkənar seçki prosesinin cəmiyyət tərəfindən boykotuna, orada iştirak edən siyasi qüvvələrin ictimai rəydə tamamilə sıradan çıxmasına nail olmaq. Sosial mediada, internet kanallarında bu istiqamətdə ciddi təbliğat kampaniyasına artıq start verilib. Milli Şuranın boykot mövqeyində dayanması hakimiyyətin ona qarşı sərt münasibəti ilə bağlıdır. Müşahidəçilərə aydındır ki, seçkilərə qatılsa belə fövqəladə bir hadisə baş verməsə, MŞ nümayəndələrinin parlamentə düşməsi mümkün deyil. Hakimiyyət bu qüvvələri anti-milli adlandırır, var gücü ilə siyasi sistemdən sıxışdırıb çıxarmağa çalışır. Hər iki qüvvə arasında siyasi düşmənçilik o həddə çatıb ki, başqa partiyalar, siyasi qruplar bu qarşıdurmada mövqe tutub əzilmək istəmirlər. Boykotun bütün müxalifət düşərgəsini əhatə etməməsinin əsas səbəblərindən biri budur. Həmçinin, indiki şərtlərdə seçki islahatları uğrunda mübarizə aparmaq üçün ciddi media və insan resurslarına malik olmaq şərtdir. Seçkiyə qatılmağı məqbul hesab edən partiyaların heç birində belə imkanlar mövcud deyil. Onları qayğılandıran əsas məsələ hakimiyyət tərəfindən siyasi sistemdə təmsilçilik hüququnun verilməsidir. Bir mandatla olsa belə, onlar üçün vacib nailiyyət sayılar.

Boykot qərarı cəmiyyətdə də birmənalı qarşılanmadı. Bu da uzunmüddətli təcrübələrlə bağlıdır. Milli Şura və bəzi partiyalar 2013-cü ildən sonra keçirilən heç bir seçkidə iştirak etməyib. Passiv boykot qərarları gözlənilən effekti yaratmayıb. Seçki prosesi tənqid olunsa da, parlament beynəlxalq təşkilatlarda qəbul olunub, Azərbaycanın əsas tərəfdaşları ilə əməkdaşlığında hər hansı suallar yaranmayıb. Habelə, cəmiyyətdən də ciddi təpki olmayıb. Doğrudur, parlamentin dövlət idarəçiliyində rolu xeyli zəifləyib, amma etimad böhranına uğradığı barədə birmənalı ictimai rəy ortalıqda olmayıb.

Milli Şura ötən təcrübələrdən bilir ki, boykot qərarı adekvat deyil, siyasi mübarizədə bu üsulla hakimiyyətə zərbə vurub onun daxili və xarici mövqelərini sarsıtmaq ideyası iflasa uğrayıb. Amma vəziyyət elə gətirib ki, onu seçməkdən də başqa yol qalmayıb: Seçkiyə getsə, heç nə qazana bilməyəcək, əksinə, müxalifətdəki partiyalar bu ab-havadan faydalanacaq, hökumətin də əlinə yeni arqumentlər veriləcək. Ona görə, “saxtakarlığa şərik olmamaq, hakimiyyətin diqtə etdiyi şərtlər daxilində seçkiyə qatılmamaq, seçki islahatları uğurunda mübarizə aparmaq” kimi əks arqumentləri irəli sürüb cəmiyyətdən dəstək almaq ən yaxşı yol hesab edilir. Burada xüsusi bir məqam da var: Azərbaycanda son 25 ildə keçirilən bütün seçkilərdən sonra müxalifət düşərgəsində məğlubiyyətin yaratdığı apatiyadan toparlanmaq üçün fasilə dövrləri yaranır. Bəzən bu müddəti keçmək üçün az, bəzən isə illərlə vaxt lazım olub. Uzun müddət davam edən bu vəziyyət ona gətirib çıxarıb ki, nə müxalifətin özü, nə də onu dəstəkləyən protest elektoratının növbəti məğlubiyyəti yaşayıb, onu adladıb toparlanması çox çətindir. Uzun, ağır, məşəqqətli mübarizə insanları yorub, əldən salıb. Ən əsası, düşərgədəki bu yorğun əhval-ruhiyyə cəmiyyətə də mənfi təsir göstərir və apatiyanı gücləndirir. Milli Şura tərəfdarlarını əvvəldən görünən bu məğlubiyyət sindromuna soxmaq istəmir. Gözləniləndir ki, növbədənkənar seçki prosesində tərəfdarları ayaqda tutmaq üçün aksiyalar gündəmə gəlsin, beynəlxalq birliyə davamlı müraciətlər ünvanlansın və ya başqa addımlar atılsın.

Amma bütün bunların bir nəticəsi olacaqmı? Uzun illərin təcrübəsi göstərir ki, boykot taktikasının müxalifətə hər hansı faydasının olacağı gözlənilmir.
“AzPolitika.info”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR