Müxalifət seçkiyə xərcləməyə pul axtarır: - Başqanın cəmi 1000, demokratların 250 manatı var

29-12-2019, 13:29 230 dəfə baxılıb

Müxalifət seçkiyə xərcləməyə pul axtarır: - Başqanın cəmi 1000, demokratların 250 manatı var

9 fevral 2020-ci ilə təyin olunan növbədənkənar parlament seçkilərinə böyük maraq var.

Xüsusilə də müxalif partiyaların seçkidə çox sayda namizədlə iştirak etməsi seçki prosesində aktivliyi ciddi şəkildə artırıb.

Müxalif partiya rəhbərləri parlament seçkiləri üçün nə qədər büdcə nəzərdə tutub?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Cebhe.info-ya açıqlamasında Seçki Fondu yaratmaq üçün danışıqlar apardığını deyib:

“Böyük pullar xərcləməyə imkanımız yoxdur. Hazırda Seçki Fondu yaratamaq üçün təşəbbüs göstəririk. Bəzi yoldaşlarla danışıqlar aparırıq, yardım vəd verən yoldaşlar var. Böyük məbləğ gözləmirik. İmkanımız nəyə yetsə, o qədər xərcləyəcəyik”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiyanın bütün namizədlərinin təşviqatı üçün 6-7 min manat vəsait nəzərdə tutduqlarını deyib.

Nəzərə alsaq ki, ADP seçkiyə 28 namizədlə qatılmaq niyyətindədir, o hesabla əgər bütün namizədlər qeydə alınarsa, hər birinə cəmi 250 manat düşəcək.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə xərclərinin 1000 manatı keçməyəcəyini deyib:

“Yəqin ki, minimum vəsait olacaq. Çünki hazırda təşviqat aparmaq üçün ciddi imkanlar yoxdur. Pullu efir vaxtı həddindən artıq bahadır, ona görə də belə bir imkanımız olmayacaq. Görüşlər keçirmək üçün elə də vəsait lazım deyil. Çünki namizədliyimi irəli sürdüyüm dairənin ərazisində yaşayıram. Plakatlara gəldikdə isə bu materialların da çox yerdə yapışdırılmasına icazə verilmir. Mənim olduğum dairədə cəmi 31 seçki məntəqəsi var. Uzağı 100 plakat çap ediləcək ki, buna da böyük vəsait lazım deyil. Yalnız buklet paylanılması və digər məsələlərə xərc çəkilə bilər. Bununla da yəqin ki, ümumi seçki xərcləri 1000 manatın altında olacaq”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə minimum xərclə maksimum nəticə əldə etməyə çalışacaqlarını deyib:

“Düşünürəm ki, bu məsələni müzakirə etmək hələlik tezdir. Çünki hələ imza toplayırıq. Ondan sonra namizədliyin təsdiq olunması mərhələsi var. Əgər namizədliyimiz təsdiq olunarsa, çalışacağıq minimum xərclə maksimum nəticə əldə edək. Bizim təcrübəmiz çox, pulumuz azdır. Adətən də belə olur. Pulu çox olanın təcrübəsi olmur, təcrübəsi çox olanın isə böyük pula ehtiyacı olmur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə hələlik büdcənin müəyyənləşdirilmədiyini deyib: “Bu, namizədlərin qeydiyyatından, sayından və hansı dairə olmasından asılıdır. Şəhər dairəsi ilə rayon dairəsi fərqlidir. Onu seçki qərargahı hələlik müəyyən etməyib. Yalnız bunlar bitdikdən sonra büdcəmizi müəyyənləşdirəcəyik”.

Qeyd edək ki, namizədlər seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-də başlayacaq və 8 fevral saat 08:00-dək davam edəcək. Qanunvericilikdə namizədlərin təşviqat kampaniyası zamanı xərclərinin minimum və maksimum həddi ilə bağlı heç bir məhdudiyyət qoymur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR