2020-yə miras qalan ağır Qarabağ “yükü”... - TƏHLİL

9-01-2020, 10:49 297 dəfə baxılıb

2020-yə miras qalan ağır Qarabağ “yükü”... - TƏHLİL

Azərbaycan 2020-ci ilə də əfsus ki, həll olunmamış qalan Dağlıq Qarabağ problemi ilə girdi. Ötən il bu münaqişənin nizamlanması həllində heç bir irəliləyiş olmasa da, habelə Qarabağda antiterror əməliyyatı üçün məqbul geosiyasi şərtlər yetişməsə də, Azərbaycan problemin radikal çözümünə zəmin üçün özünün hərbi və iqtisadi qüdrətini daha da artırdı. İşğalçı ölkə üzərində hərbi üstünlüyünü böyütdü.

Düşmən ölkə isə təzə ilə Dağlıq Qarabağ problemi ilə yanaşı, Azərbaycandan fərqli olaraq, daha da ağırlaşan iqtisadi-sosial problemlərlə, getdikcə bir az da sərtləşən təcrid durumu ilə, bütün bunların məntiqi nəticəsi olaraq isə ölkədən kütləvi köçün davam eləməsi fonunda daxil oldu.

*****

“Ermənistanda siyasi hərc-mərclik davam edir. Ölkə ”məxməri inqilab"dan sonra heç cür özünə gələ bilmir - hansı inqilab ki, özünü hələ də heç nədə pozitiv mənada doğrultmayıb".

“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı siyasi analitik Andrey Nikolayev Rosbalt.ru-dakı ilin yekununa həsr olunmuş təhlili məqaləsində yazıb. Onun sözlərinə görə, erməni əhalisini hələ də xaricdən edilən pul köçürmələri xilas edir: “Bu məsələdə Rusiya liderlik edir - bütün pul köçürmələrinin 80%-i onun payına düşür. Ermənistanın yeni rəhbərliyinin inqilabdan sonra ölkəyə xarici sərmayələrin axacağı ilə bağlı vədləri də özünü doğrulmayıb. Əksinə, xarici investisiyalar ciddi şəkildə azalmaqdadır. Bunun bir səbəbi də inqilab sonrası situasiyanın sabit olmaması və bunun da biznes abı-havasına neqativ təsiridir”.

Bundan əlavə, müəllif Ermənistanın Azərbaycan kimi bir rəqiblə müharibə vəziyyətində olmasına xüsusi diqqət yönəldir: “Azərbaycanla konflikt hər an alovlana bilər: keçən il Dağlıq Qarabağ nizamlanmasında heç bir nəticə əldə olunmadı. Münaqişə dondurulmuş vəziyyətdədir, amma bu, olduqca etibarsızdır”.

Rusiyalı ekspert daha sonra yazır: “2019-cu ilin yekunlarından danışan müdafiə naziri David Tonoyan ölkənin yeni növ silah və hərbi texnika alması ilə öyünüb. Ancaq bu uğurdursa belə, yumşaq desək, olduqca şübhəlidir. Daha çox da Rusiyanın səyləri hesabınadır. Çünki Rusiya ”ölümcül silahları" Ermənistana da, Azərbaycana da satır. Birinciyə qəpik-quruşa və güzəştli kredit əsasında, ikinciyə isə baha qiymətə. Ermənistanda isə bir çoxları hesab edir ki, Rusiya silahlarını əldə eləmək naminə Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının mövcudluğuna dözmək olar. Anaq əgər sabah müharibə olsa, hərbi baza çətin ki, Ermənistanın köməyinə gəlsin. Ermənistanın təhlükəsizliyini yalnız onun özü təmin edə bilər - Madrid prinsiplərini əsas götürməklə. Hansı ki, həyata keçmək üzrə idi. Ancaq görünür, inqilabçı baş nazir Nikol Paşinyan qorxdu və indi özünü elə aparır ki, guya bu “prinsiplərin” nədən ibarət olmasından bixəbərdir. Xatırladaq ki, həmin sənədin mahiyyəti belə idi: Ermənistan xüsusi dəhliz vasitəsilə əlaqə saxlayacağı Dağlıq Qarabağın ətrafındakı rayonlardan öz qüvvələrini çıxarır, tanınmayan respublikanın statusu isə sonraya saxlanılır. Hərçənd bütün bu “arxitektura” öz təməli ilə birgə dağıla bilər, əgər Nikol Paşinyanın “Qarabağ Ermənistanındır və nöqtə” ifadəsi söz xətrinə deyilməyibsə".

*****

Ancaq artıq aydındır ki, Paşinyanın ötən il dilə gətirdiyi həmin sərsəmləmə sırf populizm xətrinə, daxili auditoriya üçün verilib və Bakıdan da artıqlaması ilə cavabını alıb. “Dağlıq Qarabağ - Azərbaycanındır və nida işarəsi” şəklində. Azərbaycan prezidenti İlham Əliyevin xalqa Yeni il təbrikində Nikol Paşinyanın həmin ifadəsini nəzərdə tutaraq söylədiyi kimi, populist bəyanat vermək asan, onun arxasında durmaq isə çətindir.

Çıxışdan sitat: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir, orada açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış ”Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilmişdir. Beləliklə, həm tarixi baxımdan, həm beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu “müstəqil dövlət”lə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Əminəm ki, bizim ardıcıl, düşünülmüş siyasət münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır".

*****

Erməni baş nazirin Qarabağla bağlı populizmi qısa zamanda həm də elə özü tərəfindən boşa çıxarılıb. Çünki az sonra o bəyan eləmişdi ki, konfliktin həlli “Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır”. İndi məntiqlə Qarabağ artıq Ermənistanındırsa, o zaman hansı həldən söhbət gedir?

Aydındır ki, bu kimi bir-birinə zidd açıqlamalar Nikol Paşinyanın problemin mahiyyətindən və beynəlxalq hüquqdan bixəbər olması ilə yanaşı, sülh prosesindən çəkinərək vaxtı uzatmaq istəyi ilə bağlıdır. Ancaq nə vaxta qədər? Axı Qarabağ ixtilafı ən çox “qalib” Ermənistana və onun xalqına bəlalar gətirib və gətirməkdə davam edir. İşğalçı ölkənin izolyasiyası məhz Qarabağa görə ildən-ilə güclənir, Ermənistan iqtisadiyyatı böhran durumdan çıxa bilmir.

Ötən illərin, o cümlədən “məxməri inqilab”dan keçən 1 il 8 ayın acı təcrübəsi göstərdi ki, İrəvan ilk növbədə öz əsas qonşuları olan Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmayınca Ermənistan böhran zolağından çıxa, “məxməri” baş nazirin öz xalqına vəd elədiyi “iqtisadi inqilab” reallaşmayacaq. Bir sözlə, möcüzə baş verməyəcək, gözlənilmir. Bu xüsusda 30 ildən 2020-yə qalan ağır “yük”ü yerindən tərpətməkdə ən əvvəl Ermənistan maraqlı olmalıdır. Zaman artıq ona işləmir.

*****

Sözsüz ki, öz hərbi və iqtisadi qüdrətini ildən-ilə artıran Azərbaycan torpaqlarının işğalına sonsuzadək seyrçi qalmayacaq. Başqa sözlə, sülh prosesinin də bir sonu gəlməlidir. Atəşkəs ya böyük sülh anlaşması ilə bitəcək, ya da böyük savaşla. Hər ötən il, əldən çıxan zaman kəsiyi bizi bu nəticələrdən birinə yaxınlaşdırır.

Demək, təzə ildə hərb, yoxsa sülh dilemması daha kəskinliyi ilə gündəmə gələcək. Çünki Qarabağda atəşkəs hədəf deyil, ola bilməz. Hədəf atəşkəsin verdiyi fürsəti daimi və ədalətli sülhə çevirməkdir.

Ümid edək ki, 2020-ci il, nəhayət, bu yöndə tilsimin qırılmasına gətirəcək. Bundan ötrü vasitəçi dövlətlərin, ələlxüsus Rusiyanın üzərinə böyük məsuliyyət düşür. Onlar işğalçını ağla gətirib, ona daşı ətəyindən tökməyə asanca vadar edə bilərlər. Edəcəklərmi?.. //musavat.com//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR