Əli Həsənov da haqq-ədalət axtarışına çıxarmış...

5-02-2020, 19:10 362 dəfə baxılıb

Əli Həsənov da haqq-ədalət axtarışına çıxarmış...

Fevralın 3-də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin birinci yarısında maliyyə yardımı edəcəyi qəzetlərin adlarını açıqlayıb. Siyahıda "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur. Həmin qəzetlərin əməkdaşları maliyyə yardımlarının kəsilməsinə görə Prezident İlham Əliyevə müraciət ediblər.

Bildiriblər ki, “Kaspi” ölkənin ən nüfuzlu çap nümunələrindəndir. Tirajına, məzmununa görə ölkədə çap olunan və fondun maliyyə yardımı ayırdığı digər qəzetləri qabaqlayır.

“Azərbaycan dilində nəşr olunan "Kaspi” qəzetinin 26 nəfərdən ibarət kartla əmək haqqı alan kollektivi var. Bundan əlavə, qəzet 25-dək kənar müəlliflə qonorar əsasında əməkdaşlıq edir. Qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə axşamı günləri "Teatr”, cümə günləri "Gənclik”, şənbə günləri isə "Ədəbiyyat” əlavələri nəşr olunur”.

Müraciətdə bildirilir ki, qəzetin 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “kaspi.az” internet resursu da online fəaliyyət göstərir. Ayrıca ədəbiyyat və mədəniyyət xidmətləri üzrə ixtisaslaşmış “artkaspi.az” saytı var:

“Qəzet rəhbərliyinin təşəbbüsü ilə çoxsaylı layihələr icra olunub. “Kaspi nəşrləri” silsiləsindən 20-dən artıq kitab çap edilib. “Kaspi”nin xətti ilə ötən əsrin əvvəllərində nəşr olunan Azərbaycan qəzetlərinin elektron arxivi Hollandiyadan alınaraq ölkəmizə gətirilib və Mirzə Fətəli Axundov adına Mərkəzi Kitabxanaya bağışlanıb”.

Qəzet kollektivi Prezident İlham Əliyevə müraciətdə 50-yə yaxın jurnalistin işsiz qalmasına göz yummamasını xahiş edib:

“2020-ci il üçün qəzetin 3000-ə yaxın abunəsi vardır. Bu qərar bizi qəzetimizə abunə olanlar qarşısında da çətin durumda qoyur. Kollektiv olaraq Sizdən xahiş edirik ki, belə bir tarixi xidmətləri olan qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına daxil edilməsinə yardımçı olasınız!”

“Kaspi” qəzeti Prezidentin keçmiş köməkçisi Əli Həsənovun ailəsinə məxsusdur. Əli Həsənov “BBC news azərbaycanca”ya açıqlamasında deyib ki, əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın? “Bilirsiz ki, "Kaspi" qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir”.

Əli Həsənov ailə üzvlərinə məxsus olan "Kaspi" və "Kaspiy" qəzetlərinin dövlət yardımından məhrum edilməsinə münasibət bildirmək istəmədiyini deyib:

"Çünki bu sahədə çalışan məmur olmuşam, xüsusilə də KİV- ə Dəstək Fondunu, o yardımları edən məmur olmuşam, ona görə də buna münasibət bildirməyi məqbul hesab etmirəm.

Qəzetin ailə olaraq mənə yaxınlığı yalnız onun təsisçisi ilə bağlıdır, "Kaspi"nin təsisçisi xanımımdır, digərinki Kaspi təhsil mərkəzidir. Amma təsisçinin kimliyi mahiyyət təşkil eləmir. Əsas odur ki, qəzetlərin fəaliyyəti cəmiyyət tərəfindən necə qarşılanır, bu qəzetlər hansı fəaliyyətlə məşğul olur, Azərbaycan ictimaiyyəti, elitası, ziyalıları, elm-təhsil, mədəniyyət adamlar, yazarlar bu qəzetdən necə bəhrələnir, necə istifadə edir və bu qəzetin tarixi, ənənəsi, Azərbaycan dövlətinə, cəmiyyətinə lazımlılığı ilə ölçülür".

Əli Həsənov "Kaspi" qəzetlərinə maliyyə yardımı ayrılmamasının məntiqini anlamadığını da əlavə edib. Amma onun sözlərinə görə, bunun səbəblərini qəzet kollektivi araşdırır:

"Biz hələ araşdıra bilməmişik, - şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə prezidentinə və birinci vitse-prezidentə müraciət ediblər".

O düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyi yalnız müsbət qərar qəbul edə bilər.

Ötən il də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının qərarı ilə xeyli qəzetə ayrılan maliyyə vəsaiti dayandırılmışdı. Yanvarın 31-də açıqlanan siyahıda "Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe” qəzetlərinin adı yox idi.

Bu qərarın nəticəsində 2019-cu il fevralın 1-də Azərbaycanda çıxan gündəlik “Bizim Yol” qəzeti çapını dayandırdı. Qəzetin baş redaktoru Bahəddin Həziyev Meydan TV-yə müsahibəsində qəzetin çapını dayandırmasının səbəbini normal qəzet çıxarmaq üçün şəraitin olmaması ilə əlaqələndirmişdi:

“Yayım sisteminin dağılmış olması, qəzetlərin öz xərcini ödəyə bilməməsi və dövlətin qəzetlərə verdiyi dəstəyin KİVDF vasitəsilə yanlış prinsiplərlə bölünməsi qəzetin çapını dayandırmasına gətirib çıxardı”.

2020-ci ildə KİVDF-nin siyahısında “Yeni Azərbaycan”, “Bakı-Xəbər”, “Yeni Müsavat”, “Səs”, “Mövqe”, “Həftə içi”, “Novoye Vremya” “Azernews”, “525-ci qəzet”, “Xalq Cəbhəsi”, “Paralel”, “Hürriyyət”, “Olaylar”, “Palitra”, “Ədalət”, “Üç Nöqtə”, “Azad Azərbaycan”, “Şərq”, “Oxu məni”, “Unikal”, “Hərbi And”, “Türküstan”, “The Business Times” qəzetləri var. Ümumilikdə 326 min manat vəsait ayrılıb.

Bu qəzetlər içində siyahısında “Yeni Azərbaycan”, “Bakı-Xəbər”, “Yeni Müsavat”, “Səs”, “Mövqe” qəzetlərinin tirajı 3000 nüsxə, satış və abunəsinin cəmi 2000 nüsxədir. Bu qəzetlər həftədə 5 dəfədən az olmayaraq çap olunurlar. KİVDF-nin dəyərləndirməsində 1-ci kateqoriyada yer alırlar və hər birinə 20 min manatlıq maliyyə ayrılıb.

“Həftə içi”, “Novoye Vremya” “Azernews”, “525-ci qəzet”, “Xalq Cəbhəsi”, “Paralel”, “Hürriyyət”, “Olaylar”, “Palitra”, “Ədalət”, “Üç Nöqtə”, “Azad Azərbaycan”, “Şərq” qəzetlərinin tirajı 2500 nüsxə, satış və abunəsinin cəmi 1500 nüsxədir. Həftədə 3 dəfədən az olmayaraq çap olunurlar. KİVDF-nin dəyərləndirməsində 2-ci kateqoriyada yer alırlar. Hər birinə 10 min manat həcmində vəsait ayrılıb.

“Oxu məni”, “Unikal”, “Hərbi And”, “Türküstan”, “The Business Times” qəzetlərinin isə tirajı 2500 nüsxə, satış və abunəsinin cəmi 1500 nüsxədir. KİVDF-nin dəyərləndirməsində 3-cü kateqoriyada yer alırlar. Hər birinə illik 5 min manat maliyyə ayrılıb.

Ötən il maliyyəsi kəsilən “Bizim Yol” qəzeti isə gündəlik 2500 nüsxə ilə həftədə 5 dəfə nəşr olunurdu. “Kaspi” qəzeti isə gündəlik, rəngli formatda, həftəarası günlər 16 səhifə, şənbə günü isə 24 səhifə nəşr edilirdi. 2019-cu ildə qəzet 3800 tirajla çıxıb.

“Bizim Yol” qəzeti 2003-cü ildən nəşr olunurdu. 2005-ci ildən gündəlik nəşrə keçmişdi.

1999-cu il martın 6-dan çapını bərpa edən “Kaspi”nin əsası isə 1881-ci ildə qoyulub. Qəzeti buna görə "Üç əsrin qəzeti” adlandırırlar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR