İqtidar müxalifətə əl uzadır: yeni era başlanır?

18-03-2020, 16:09 285 dəfə baxılıb

İqtidar müxalifətə əl uzadır: yeni era başlanır?


Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiyaların rəhbərləri ilə ayrılıqda görüş keçirməsi iqtidar-müxalifət münasibətlərində yeni era kimi dəyərləndirilir.

Partiya sədrlərinin tanışlıq xarakterli görüşlərini ilkin addım kimi qiymətləndirən siyasi şərhçilərin fikrincə, hakimiyyət yeni bir mərhələyə qədəm qoyub. Bu prosesdə müxalifətlə münasibətlərin yeni sistemi qurulacağı proqnozlaşdırılır.

Parlament müxalifəti sayılan AVP-dən deputat Fəzail Ağamalının vitse-spiker seçilməsi, konstruktiv müxalif təşkilatların deputat sədrlərinin Milli Məclisin komitələrində vəzifə tutmaları irəliyə doğru atılmış addımlar olaraq şərh edilir.

Eyni zamanda gözləntilər var ki, parlamentdən kənarda qalan partiyaların dövlət büdcəsindən maliyyələşməsi reallaşa bilər.

Hakimiyyət müxalifətə bir addım atmaq istəyində görünür və ölkədəki ictimai-siyasi poliqonun mənzərəsini dəyişməyə çalışdığı hiss olunur.

O baxımdan partiya sədrlərinin PA-da görüşləri müəyyən ümidlər yaradıb. Bəs partiya liderləri necə düşünür?

AĞ Partiya sədri Tural Abbaslının “Yeni Müsavat”a bildirdiyinə görə, hakimiyyətin son vaxtlar bəzi addımlarını pozitiv mesajlar kimi qəbul etmək olar.

“İstərsə Prezident Administrasiyasında Ədalət Vəliyevlə görüş, istərsə parlamentdə komitə müavinlərinin digər partiyalardan olmasını, vitse-spikerin, hər halda, müxalifət adına seçilməsini müsbət qiymətləndiririk.

Amma bütün bunlar hakimiyyətin iqtidar-müxalifət arasında yeni münasibətlərin qurulması ilə bağlı anonsudur.

Bizim son proseslərə iqtidarla müxalifətin yeni mərhələsi deməyimiz üçün əməli fəaliyyət olmalıdır. Bir görüş istisna, yalnız bəyanatlar, çıxışlar olub, əməli addım yoxdur", - deyən T.Abbaslı belə düşünür.

Partiya sədri arzu edir ki, bu anonslar real icraata yönəlsin: “Hakimiyyət yubanmamalıdır. Nəsə dəyişiklik niyyəti varsa gecikdimək olmaz. Hər anın öz hökmü var. Qlobal dünya siyasətində anbaan proseslər dəyişir. Əgər ölkədəki iqtidar-müxalifət münasibətlərindəki uçurumu aradan qaldırmaq fikri varsa, əməli işlə sübut etməlidir”.

T.Abbaslı parlamentdən kənarda qalan partiyaların dövlətdən maliyyələşməsinə də pozitiv yanaşır: “Rəsmi qeydiyyatı olan partiyalar xaricdən qrant ala bilməz. Onların ianədən başqa gəlir yerləri yoxdur.

İnsanların sosial vəziyyətini nəzərə alsaq, iş adamlarına təzyiqləri əlavə etsək, görərik ki, partiyaların maliyyə vəziyyəti ağırdır. Onların maddi- texniki bazası yoxdur.

Bu da çoxpartiyalı sistemin çöküş səbəbidir. Əgər çoxpartiyalı sistemin uzunömürlü olmasını istəyiriksə, partiyaları ələbaxan etmək lazım deyil, addımlar atılmalıdır.

Partiyalar qanunvericiliklə maliyyələşməli, xalq qarşısında hesabat verməlidir. Bu da ölkənin daxili təhlüksizliyinə xidmət edəcək. Azərbaycanın daxilində milli-siyasi qüvvələr formalaşmalıdır, partiyaları konvert üsulu ilə ələbaxımlı etməyi aradan qaldırmaq lazımdır".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ümid edir ki, son görüşlər siyasi partiyalarla yeni münasibətlərin qurulmasının başlanğıcı kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, PA-dakı görüşlər dialoq yox, tanışlıq xarakteri daşıyırdı. Partiya sədri hesab edir ki, bu görüşlər yeni baxışların meydana çıxmasına xidmət edirdi: “Müəyyən partiyalar görüşdən imtina edə bilər. Amma düzgün olmayan yoldur. Çünki kontaktlar yaranmalıdır, biz bu dövlətdə yaşayırıq”.

Q.Əlibəylinin fikrincə, yeni konturlar cızılıb problemlər tapılandan sonra iqtidarla müxalifətin dialoqu mümkündür:

“Hesab edirəm ki, parlament partiyalarının Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunması irəliyə doğru addımdır. Əslində Milli Məclisin nizamnaməsində çoxpartiyalılıq nəzərdə tutulub.

Düzdür, partiyalar bir deputatla təmsil olunur. Amma rəhbərlik səviyyəsində dəyişikliklə parlamentin işində dönüş ola bilər".

Q.Əlibəyli parlamentdə təmsil olunmayan partiyaların dövlətdən maliyyələşməsini mümkün hesab edir: “"Siyasi partiyalar haqqında” Qanunda parlamentdə təmsil olunmayan partiyaların dövlətdən maliyyələşməsi nəzərdə tutulur. Sadəcə, seçkidə 3 faizdən çox səs toplayan partiyalara şamil edilir. Amma 3 faizlik baryeri aşa bilməyiblər. Ona görə müxtəlif mexanizmlər tapıla bilər. Necə ki, mətbuata dövlətin maliyyə dəstəyi var, eləcə də partiyalar da aid ola bilər".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR