DİN generalının işiylə bağlı şok təfərrüatlar

23-06-2015, 00:15 2029 dəfə baxılıb

DİN generalının işiylə bağlı şok təfərrüatlar Gündəmə damğasını vurmuş olaya - DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi, general Emin Şəkinskinin keçmiş həyat yoldaşına və qeyrilərinə qarşı qaldırılan cinayət işinin məhkəmə istintaqı ictimailəşəndən dərhal sonra Moderator.az-a yeni məlumatlar daxil olub.

Belə ki, təqsirləndirilən şəxslərdən biri-Namiq Camalovun müdafiəçisi olmuş tanınmış vəkil Bəhruz Bayramovun saytımıza bildirdiyinə görə, Emin Şəkinskinin guya keçmiş həyat yoldaşının ona məxsus seyfdən 60 min manatı da oğurlaması epizoduna görə təqsirləndirlən şəxslərə 177.3.2 maddəsiylə ittiham elan olunmasının heç bir əsası yoxdur:

"Namiq Camalov sadəcə bir sürücü olub və taksi fəaliyyəti göstərərək həmin ailəni ona təklif olunan pulun müqabilində Gürcüstana keçirib. Bu zaman Azərbaycan - Gürcüstan sərhəddindəki nəzarət - buraxılış məntəqəsində onun sənədləri yoxlanılanda heç bir çatışmazlıq və ya saxtakarlıq üzə çıxmayıb. Ona görə də Namiq Camalova qarşı 318. 2 maddəsiylə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) ittiham irəli sürmək absurddur. Digər tərəfdən, generalın keçmiş həyat yoldaşının oğurluqda ittiham edilməsi də məntiqdən tamam uzaqdır. Həmin mənzil Gülnarə Şəkinskayaya məxsus olub və həmin qadının xüsusi mülkiyyətində olaraq səhv etmirəmsə içindəki əşyalarıyla birlikdə təxminən 200 min manata satılıb. Üstəlik, mənzil satılandan xeyli əvvəl bunların arasında bir neçə məhkəmə çəkişməsi olub və generalın öz yüksək statusundan istifadə edərək övladlarını əlindən alacağından qorxuya düşən qadın hələ xeyli əvvəldən yeganə çıxış yolu kimi ölkədən qaçmağı nəzərdə tutub. Aralarında aylarla çəkən məhkəmə mübahisəsi olduğu halda generalın keçmiş həyat yoldaşına məxsus mənzildə seyfinin və içərisində də külli kiqdarda pulun saxlanılmasına kimi inandırmaq olar? Eyni zamanda məndə olan məlumata görə general heç sonuncu övladının ümumiyyətlə üzünü görməyib. Onun mütəmadi gedib uşaqlarına baş çəkdiyini iddia etməsi də anlaşılan deyil. Məsələ belə olub ki, əvvəl boşanıblar və keçmiş həyat yoldaşının və keçmiş qaynının vəhhabi təriqətinə mənsub olmasını əsas gətirərək övladlarının hamısını Gülnarə Şəkinskayadan alınaraq onun himayəsinə verilməsiylə bağlı məhkəmə iddiası qaldıran general sonda onların hamısının ölkədən baş götürüb qaçmasına səbəb olub.
Mən demirəm ki, Namiq Camalovun hərəkətlərində cinayət tərkibi yoxdur və ona elan olunan maddələrin heç birinin əsası yoxdur. Sadəcə ona qarşı elan olunan ittihamların bir çoxu ağılasığmazdır. Yəni ona elan olunan 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittihamlar absurddur. Əgər bu adam sərhədi qanuni sənədlə keçibsə və bu zaman ona heç bir irad belə bildirilməyibsə, eyni zamanda Gülnarə Şəkinskaya özünə məxsus mənzili əşyalarıyla bilrikdə satıbsa ona oğurluq maddəsiylə ittiham elan etmək hansı məntiqə sığır? Sənəd saxtalaşdırlmasında da ona ittiham elan olunmasının əsası yoxdur. O sadəcə sürücülük fəaliyyətini həyata keçirib və kimin hansı sənədə sahib olmasından, bu sənədlərin qanuni və ya saxta olmasından xəbəri olmayıb.

Qeyd edim ki, cinayət işinin DİN Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində istintaqının aparılması da qanun pozuntusudur. Çünki işdə zərərçəkmiş kimi adı keçən Emin Şəkinski DİN-də yüksək post tutan generaldır və ona görə ibtidai istintaqda Namiqin vəkili olsam da işin qanuni baxılacağına heç bir ümidim olmadığına, işin perspektivsiz olduğunu nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsində Namiqin müdafiəsinə qatılmaqdan və ailəsiylə yeni müqavilə bağlamaqdan imtina etdim.

Maraqlıdır ki, 2008-ci ildə boşanan Gülnarə Şəkinskaya övladlarıyla ölkəni bir dəfə də tərk edibmiş, amma valideynlərindən birinin ağır xəstəliyi ilə əlaqədar geri qayıtmağa məcbur olub. Görünür, general keçmiş həyat yoldaşının niyyətindən xəbər tutaraq onunla məsələni birdəfəlik həll etmək istəyib, amma keçmiş həyat yoldaşının diribaş tərpənməsi DİN rəsmisinin istəyinə nail olmasını əngəlləyib..."


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR