Narazılıqlar icra başçılarını həbsə aparır: - Prezident Aparatı və Hesablama Palatasının siyahısında kimlər var?

7-05-2020, 14:46 237 dəfə baxılıb

Narazılıqlar icra başçılarını həbsə aparır: - Prezident Aparatı və Hesablama Palatasının siyahısında kimlər var?

İşdədiyi müddət ərzində xalqı narazı salan, etimadı doğrultmayan, adı daim neqativ işlərdə hallanan məmurlarla bağlı görülən inzibati cəza tədbirləri cəmiyyətin müsbət reaksiyası ilə qarşılanır.

Xüsusilə də işlədiyi bölgədə əhali arasında mənfi imic qazanmış rayon icra hakimiyyəti başçılarının həbs olunmasına xalqın münasibəti birmənalıdır və prosesə birbaşa dəstək ifadə olunur. Qeyd edək ki, bu günə qədər Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılaraq məhsuliyyətə cəlb edilib. İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə bağlı da həbs xəbəri yayılıb. Prosesin davam edəcəyi istisna olunmur.

Cebhe.info xəbər verir ki, siyahıdakı bəzi adlar Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı bir neçə ay əvvəl yayılan məqaləsində əhalinin ən çox şikayət etdiyi icra hakimiyyətləri sırasında çəkilirdi.

“2019-cu ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Kürdəmir, Laçın, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub”,-deyə məqalədə qeyd olunub.

Müraciətlərin çox olmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Narahatlıq doğuran məsələ odur ki, vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar:

“Əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayının real mənzərəni əks etdirən bir göstərici olduğunu nəzərə alsaq, deməliyik ki, Naftalan, Yevlax, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Masallı, Sabirabad, Şəmkir, Ucar, Yardımlı, Zəngilan, Zərdab, digər şəhər və rayonlarda bu rəqəm daha yüksək olub. Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir və bu, onların yaranma səbəblərini aşkarlamağa, lazım gəldikdə, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görməyə və yaxud mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə baxılması, həmçinin qəbulların təşkili ilə bağlı müvafiq tövsiyələrin verilməsinə imkan yaradır”.

Görünən odur ki, əhalinin şikayətçi olduğu “balaca padşah”ların fəaliyyəti nəzarət altındadır və fəaliyyətlərinə uyğun adekvat addımlar atılır. Məqalədə adları çəkilən icra qurumlarından bir neçəsinin rəhbəri isə gənc kadrlarla əvəzlənib. Aparılan islahatlar onu deməyə əsas verir ki, xalqı narazı salan “balaca padşah”ların da qapısını döyüləcək.

Digər maraqlı məqam odur ki, adıçəkilən bəzi icra hakimiyyətləri məhz neqativ hallarla mütəmadi gündəmdə olub. 2017-18-ci illərdə Hesablama Palatasının icra hakimiyyətlərində yoxlamasında bir sıra yerli icra qurumlarında yeyinti faktı aşkarlanıb. Belə ki, 14 icra hakimiyyətində dövlət büdcəsinə müxtəlif məbləğlərdə ziyan vurulduğu müəyyən olunub. Beyləqan, Şamaxı, Sabirabad, Şəmkir, Xızı, Mingəçevir, Lənkəran, İsmayıllı, Gədəbəy, Bərdə və digər rayon icra hakimiyyətlərində maliyyə nöqsanları üzə çıxarılıb. İcra hakimiyyətlərində olan yeyinti faktları isə əsasən əlavə ştat yerlərinin yaradılması, lüzumsuz xərcləmələr, xidmətlərin və alınan mal-məhsullarının dəyərinin həddindən artıq yüksək göstərilməsi, hər hansı bir işin görülməsi üçün dövlət tərəfindən ayrılan vəsaitin İcra Hakimiyyətinə tabe olan qurumlar tərəfindən mənsimsənilməsi ilə bağlıdır.

Görünən odur ki, yerli icra orqanları ilə bağlı problemlər uzun müddətdir gündəmdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər dəfə icra başçılarına sərt xəbərdarlıq edir və onları düzgün işləməyə, xalqa xidmətə çağırır:

“Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR