"Əgər istəyiriksə Ermənistan rəhbərliyi Qarabağa gəlməsin, onda..."

10-05-2020, 21:55 197 dəfə baxılıb

"Əgər istəyiriksə Ermənistan rəhbərliyi Qarabağa gəlməsin, onda..."

Artıq üçüncü 9 maydır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Şuşanın alınması günü münasibətilə bayram şənliklərində iştirak etmək üçün Xankəndinə gəldi və hərbi paltar geyinmiş həyat yoldaşı Anna Akopyanla birlikdə tədbirlərə qatıldılar. Anna bu paltarla bizə meydan oxuyurdu ki, hələ qadın olaraq döyüşə hazırdır, nəinki başqaları. Baxmayaraq ki, birinci ledi statusunu qazananda guya ki, analar toplantısı təşkil edib, “əsgərlər ölməsin” şüarı ilə çıxış edirdi.

Məğlub tərəf kimi isə Azərbaycan həmişə olduğu kimi bu dəfə də erməni liderinin səfərini çox sakit şəkildə izlədi və inanıram ki, ayrı-ayrı vətəndaşlar( onların sayı çox deyil) istisna olmaqla bu faciəni cəmiyyət bütövlükdə yaşamadı. 9 mayda ermənilər öz qələblərini bayram edirdilər, biz də Müslüm Maqomayevin ifasında “Den pobedı” mahnısını bütün efirlərdə səsləndirib nəyə sevindiyimizi bilmirdik. Son vaxtlar isə bütün radio efirlərdə niyəsə uzun-uzadı çəkən “Azerbaydjan” mahnısını dayanmadan səsləndiririk.

Hər dəfə bu səfərlərin görüntülərini izləyən vətəndaşlarımızda belə bir sual yaranır: biz bu səfərlərə mane ola bilərikmi? Niyə mane ola bilmirik? Onların gəldiyi helikopteri elə sərhədi keçən kimi və ya aeroporta enəndə vura bilərikmi? Bu qəbildən xeli suallar narahat vətəndaşlarımızı düşündürür və hər səfərin biz tərəfdən sükutla qarşılanması cəmiyyətə onsuz da hakim kəsilmiş ümidsizliyi bir az da artırır və “biz zəifik, biz qorxuruq, biz bacarmırıq” kimi tezislər laqeydliyin, biganəliyin daha dərin köklər atmasına səbəb olur.

Doğrudan da, Ermənistan rəhbərlərinin helikopterlərini Azərbaycan sərhədini keçəndə vurmaq olarmı? Cavablar müxtəlifdir. Rəsmilərin cavabı yəqin belə olar ki, dünya bu hərəkəti qınayar, erməni diasporu, millətçiləri dünya erməniləri təcili tanınmayan qurumu tanıtmaq üçün bu hadisəni əllərinə düşmüş fürsət kimi dəyərləndirər və ermənini “öz qızı” kimi dəyərləndirən Fransadan tutmuş Ekvadora kimi, Erikyanın az qala idarə etdiyi Argentina və başqa ölkələr tanınmayan Dağlıq Qarabağ rejimini tanıyarlar. Biz Rusiya deyilik ki, Polşanın prezidentinin təyyarəsini qəzaya uğradıb altından da çıxa bilək. Rəsmilər onu da deyər ki, indiki texnika elədir ki, ermənilər cəbhə xəttinə gələn bizim rəhbərləri də görüb nəzarətdə saxlaya bilirlər və bizə qarşı da bu hərəkəti törədə bilərlər. Bu və buna bənzər fikirlər yalnız təxminlərdir.

Bəs, diversiya – kəfiyyat dəstəmiz necə, düşmənin endiyi yerə və ya qatıldığı tədbir məkanlarına girib bu işi həyata keçirə bilərmi? Mümkün olmayan bir şey yoxdur, amma çox çətin əməliyyatdır və nəzərə alın ki, düşmən də belə səfərlərdə təhlükəsizlik tədbirlərini ikiqat gücləndirir və bu da dövlət əməliyyatı hesab olunduğu üçün, çox güman ki, heç bu barədə düşünülmür də.

Mülki vətəndaşlarımız, keçmiş hərbiçilərimiz və kəşfiyyatçılarımız necə, onlar öz təəbbüsləri ilə düşmənin içinə girib helikopteri partlada bilərlərmi? Bu da ciddi hazırlıq tələb edən və çox şərtlərlə zəngin olan işdir və Dilqəmlə Şahbazın tutulmasından sonra müəyyən çəkingənlik yaradıb.
İmkanlar tükənmiş kimi görünür? Əlbəttə yox! Əgər, istəyiriksə Ermənistan rəhbərliyi Qarabağa gəlməsin, qarşı tərəfə sərt şəkildə xəbərdarlıq edilməlidir. Ermənistanın prezidenti, baş naziri, müdafiə naziri, xarici işlər naziri, təhlükəsizlik xidmətinin rəhbəri, parlamentin spikeri səfər etdiyi halda onların gəldiyi helikopter və digər nəqliyyat vasitəsinin məhv ediləcəyi ( ümumiyyətlə, münaqişə həll ediləndək Azərbaycanın ərazisinə daxil olduqda), məsuliyyətin də Ermənistan tərəfin daşıyacağı bütün dünyaya bildirilməli və əməl olunmadığı halda həyata keçirilməlidir. Bu, ciddi çəkindirici faktordur, düşmənlə düşmən dilində danışlmaq lazımdır. Və yaxud, istisna hallarda- Azərbaycan tərəfin də iştirak edəcəyi beynəlxalq tədbirlərdə- Azərbaycandan rəsmi icazə alması şərt kimi irəli sürülməlidir.

Yoxsa, bütün bu səfərlər, qarşı tərəfin bayram tədbirləri millət olaraq bizi daha da kiçildir, acizliyimizlə barışdırır, natamamlıq kompleksi yaradır. İndiki durumda xalq olaraq qürur duyacağımız heç nə yoxdur.

İlham İsmayıl


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR