Elə silahlarımız var ki, Qarabağa gələn Paşinyanı səhrada tülkü kimi görə bilir...

13-05-2020, 16:37 174 dəfə baxılıb

Elə silahlarımız var ki, Qarabağa gələn Paşinyanı səhrada tülkü kimi görə bilir...


Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan arvadını da qoltuğuna vurub, yenidən nümayişkaranə şəkildə Azərbaycanın işğal altındakı ərazilərinə gəldi. Paşinyan Şuşanın işğal gününü separatçılarla birgə bayram etməklə illərdir aparılan danışıqların üstündən xətt çəkdi, eyni zamanda İrəvanın konstruktiv mövqe sərgiləyəcəyinə bəslənən ümidləri öldürdü.

Bu azmış kimi, N.Paşinyan Ermənistana qayıdan kimi, ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Qarabağa göndərdi. Erməni mənbələrinin xəbərinə görə, Qriqoryan separatçı rejimin yeni “seçilmiş” qanunsuz “prezidenti” Araik Arutyunyanla qeyri-rəsmi görüş keçirib. Həmçinin o, işğal altındakı Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında sülənərək “təhlükəsizlik məsələlərini müzakirə edib”. Əslində bir müddət öncə Ermənistan XİN başçısı hətta Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına sərt cavab verməsi İrəvanın danışıqlardan sadəcə status-kvonu saxlamaq vasitəsi kimi istifadə etdiyinə şübhə yeri qoymadı. Əgər işğalçı nəinki Dağlıq Qarabağa iddialıdır, hətta Ağdamı “təhlükəsizlik zolağı” adlandırırsa, deməli, danışıqlar sadəcə vaxt itkisidir.

Bu yerdə xatırladaq ki, ötən həftə Nikol Paşinyanın hakimiyyətə gəlişinin ikinci ildönümü tamamlandı. Ermənistanda köhnə rəhbərlik məhz aprel döyüşlərindən sonra mövqelərini əldən verməyə başladı. Serj Sərkisyanın aprel uğursuzluğu onun gedişini şərtləndirdi və nəticədə Qarabağ klanı - “müharibə partiyası” uzun illərdən sonra hakimiyyətdən getdi, yerinə “Soros uşaqları” gəldi. O zaman gözlənti var idi ki, nəinki Qarabağda döyüşməyən, hətta əsgərlikdə belə olmayan N.Paşinyanın hakimiyyəti ələ alması işğalçı ölkənin siyasətində korrektələrə səbəb olacaq. Amma ənənəvi siyasət dəyişmədi. Hətta Paşinyan “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatını verməklə, oğlunu işğal bölgəsinə hərbi xidmətə yollamaqla Qarabağla bağlı güzəştlərə getməyəcəyini isbatlamağa çalışdı.

Əslində onun baş nazir seçiləndən bir gün sonra Şuşaya, Xankəndinə gəlməsi faktının özü nəticə çıxartmaq üçün əsas verirdi. Lakin sonrakı dönəmlərdə Paşinyan Azərbaycan prezidenti ilə MDB çərçivəsində keçirilən görüşlərdə ayaqüstü söhbətlər edərkən konstruktiv libasda görünməyə cəhd edirdi. Lakin sonradan aydın oldu ki, bu, sadəcə, Nikola öz kreslosunda möhkəmlənmək üçün vaxt qazanmaq naminə lazım imiş.

Budur, N.Paşinyan iqtidarı da işğaldakı torpaqlarımızı, xüsusən də Şuşanı öz torpaqları kimi gəzib dolaşır, “Yallı” gedir, hərbi geyimdə parad keçirir. Ancaq belə yanaşmalar var ki, Ermənistan rəhbərliyində dəyişməyən bu həyasızlığın kökü bir az da bizim özümüzdədir. Yəni əgər işğalçı ölkənin rəhbərliyi Azərbaycan torpaqları kimi BMT-də qəbul olunan ərazilərdə bu qədər rahat, təhlükəsiz özlərini hiss edirsə, hətta diplomatik planda Azərbaycan XİN heç bir problem yaratmırsa, o halda düşmən niyə də bu həyasızlıqlarından əl çəksin? Bu cür hərəkətlər Ermənistan rəhbərliyinin xəstə cəmiyyətdə dayaqlarını artırır, problemləri unutdurur, “qələbələri”’ gündəmə gətirir. Əksəriyyət belə düşünür ki, kim olursa-olsun, Azərbaycan onun torpaqlarında belə rahat hərəkət edən işğalçını cəzalandırmalıdır!

Bizə bəllidir ki, ordumuzun kəşfiyyat bölümü daim işğal altındakı torpaqlarımızda hərəkət edir, müxtəlif ünvanlardan düşmənlə bağlı məlumat toplayır, müəyyən tapşırıqları yerinə yetirir. Hesab olunur ki, bu cür peşəkar bölüklərdən birinə tapşırıq belə olmalıdır - Paşinyanı - ya da hər hansı rəhbər ...yanı - vurun, onların halayına, paradına qan qatın! Hətta cəmi bircə dəfə bu cür tədbirlərdə havaya atılmış bir mərmi böyük işlər görə bilər. Qorxaq Paşinyan bir daha Şuşaya o cür rahat gəlməz, əylənməz. Azərbaycanın tarixi torpaqlarını azad etmək istəyən bir çox vətəndaşlarımız, ekspertlərimiz bunu ürəkdən istəyir. Ancaq sual olunur: bunu niyə etmirik?

Fakt budur ki, 2016-cı ilin aprel əməliyyatları Ermənistanı böldü, parçaladı, iqtidarı dəyişdi, hətta bu günə qədər işğalçı ölkədə aprel uğursuzluqları ilə bağlı təfriqələr davam edir, istintaq gedir. Amma təəssüf ki, bizim təpkilərimizin davamı gəlmədi və Paşinyana Ermənistanı “təmir etmək” fürsəti tanındı. Niyə işğalçıya nəfəs dərmək imkanı verdik, bu sualın cavabı çoxlarını düşündürür. Bugünlərdə ordu rəhbərliyinin yenidən cəbhə bölgəsinə səfərlər etməsi müəyyən ümidlər yaratmışdı. Amma görünür, xəbərdarlıqlar düşməni artıq narahat etmir, sarsıdıcı zərbələr endirilməlidir ki, paşinyanlar rahat şəkildə Şuşaya gələ bilməsinlər.

Yeri gəlmişkən, Bişkekdə imzalanan atəşkəs müqaviləsinin 26-cı ildönümündə də cəbhədə atəş səsləri gəlib. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Digər tərəfdən isə düşmən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torplaqlarında süni məskunlaşdırma siyasətini davam etdirir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Kəlbəcər rayonu ərazisində işğalçı ordunun zabitləri üçün inşa olunmuş binada xidməti mənzillər paylanılıb. Mənzillər təmas xəttinin şimal istiqamətində yerləşən hərbi hissənin zabitlərinə verilib. Bütün bu azğınlıqlar Azərbaycanı gecikmədən sarsıdıcı zərbələr endirməyə çağırır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistandakı siyasi-hərbi rəhbərlikdə kim olursa olsun, düşmənə münasibət dəyişməməlidir: “Onlar bizə düşmən olduqlarını bineyi-qədimdən sübut ediblər. Ona görə də Köçəryan getdi, Sərkisyan gəldi, Sərkisyan getdi, Paşinyan gəldi, kimi məsələlər mahiyyəti dəyişmir. Bu yaramaz da gedəcək, bir başqa yan gələcək, bunlar heç vaxt türk milləti ilə dost və ya normal qonşuluq etməyiblər və etməyəcəklər də. Həm də tarixi həqiqət ortada, biz bunları uzun yüzilliklərdir görürük və yaşayırıq. Hər il aprel ayında bunların qondarma ”soyqırım qızdırması" qalxır və nələr danışmır, nələr demirlər... İndi də bu həyasız küçə adamı Paşinyanın növbəsidir ki, Azərbaycanın əsəbləri ilə oynasın. Təəssüf ki, hələ də oynayır. Burda bizim də müəyyən günahımız var və ən böyük məsuliyyət də bivec beynəlxalq qurumların üzərinə düşür. ATƏT-in Minsk Qrupu adlı mafioz təşkilat bu illər ərzində milyonlarla maliyyə vəsaitini göyə sovurub, özləri üçün çox yağlı və dəbdəbəli iş yeri tapıblar və ona görə də münaqişənin həllini deyil, onun uzadılmasını həyata keçirirlər. Paşinyan da onların arzu və istəklərini əvvəlki erməni rəhbərləri kimi ustalıqla həyata keçirir. Nə qədər vəziyyət mürəkkəb və qarışıq olsa, atışma, əsir və ya biz tərəfdən şəhid, düşmən tərəfdən cəhənnəmə vasil olan işğalçılar çox olacaqsa, onlar üçün “toy-bayramdır”. Hansısa narahat bəyanat və ya narahatlıq bunların “gərgin əməyi və zəhmətləridir”. Necə deyərlər, başlarına dəysin! Bu vəziyyətdə biz də məsələni çox uzatmamalı, düşməni etdiyi hərəkətə görə ciddi cəzalandırmalıyıq".

Ü.Cəfərov bildirdi ki, vaxt uzandıqca düşmən lap həyasızlaşır və bizə açıq şəkildə meydan oxuyur, acıq verir: “Hesab edirəm ki, ordumuz əvvəlki qaydada sakitcə düşmənin həm canlı qüvvələrini, həm də işğal altında olan ərazilərdəki mühüm hərbi-strateji obyektlərini sıradan çıxarmalıdır. Yalnız bu yolla biz Paşinyanın ”qazını" azalda bilərik və azaltmalıyıq. O, faktiki olaraq həm etdiyi çıxışları ilə, həm də açıq hərəkətləri ilə Azərbaycana hərbi gücdən istifadədən başqa yol qoymayıb. Biz artıq sözdən əmələ keçməliyik. Bunu bizdən zaman da tələb edir, düşmənin son vaxtlar həyata keçirdiyi siyasət də, əməlləri də buna bizi məcbur edir".

Keçmiş döyüşçü, Qarabağ qazisi Rey Kərimoğlu da qəzetimizə bildirdi ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, onlar ümumerməni maraqlarına qarşı çıxmaz: “Erməninin təpəsinə güllə çaxsan da, ümumerməni maraqlarının əleyhinə getməz. Sabah Paşinyan devrilsə, başqası gəlsə belə, onlar ermənilərin ümumi maraqları naminə bir yerdə olacaqlar və heç vaxt o marağa zidd getməzlər”.

Qeyd edək ki, hələ ermənilərin işğal altındakı ərazilərimizi istismar etməsi, süni məskunlaşma siyasəti aparması ilə bağlı ilk xəbərlər yayılarkən də R.Kərimoğlu qəzetimizdə düşmənə sarsıdıcı zərbələrin endirilməsi təşəbbüsü ilə çıxış etmişdi: “O vaxt da demişdim, indi də bu fikirdəyəm, Azərbaycan həmin istismar olunan ərazilərə zərbələr endirməlidir, ayrı əlac yoxdur. Xüsusi qrup göndərib Paşinyanı orada axtarmasına ehtiyac yoxdur. Bu gün Azərbaycan Ordusunun elə silahları var ki, Qarabağa gələn Paşinyanı səhrada tülkü kimi görə bilir. Yəni istənilən vaxt onu vurmaq olar. Paşinyan Şuşaya gələndə heç olmasa tüstü buraxan mərmi atılmalı idi Qarabağa. Ondan sonra bir köpəkoğlu ora cəsarət edib gəlməz”.

Qarabağ qazisi əmindir ki, Azərbaycan ayağa qalxıb torpaqlarını azad etmək üçün savaşa başlasa, ona heç bir qüvvə mane ola bilməyəcək, o cümlədən ABŞ və ya Rusiya: “Onlar o vaxt da erməniyə dəstək vermişdilər, bu, gizlin deyil ki. Amma biz müharibə etməliyik, ayrı yol yoxdur!”

Bu yerdə qeyd edək ki, Azərbaycanın sülh danışıqlarına sadiq qalması düşməni arxayın salıb. Odur ki, istədikləri vaxt Qarabağda peyda olurlar. ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik koronovirus qorxusundan Qarabağı tərk edib, həmsədrlərdən də soraq yoxdur. Amma N.Paşinyan hətta separatçıların 12 iyunadək “fövqəladə vəziyyət” elan etdiyi Dağlıq Qarabağa gəldi və qayıtdı. Nə həmsədrlərdən, nə də Kasprşikdən reaksiya olmadı. Bütün bunlar Azərbaycan üçün başqa yol qoymur...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR