Bakının güc nümayişi və İrəvanın özünə qarşı işləyən atəşkəs arxayınlığı

19-05-2020, 11:03 250 dəfə baxılıb

Bakının güc nümayişi və İrəvanın özünə qarşı işləyən atəşkəs arxayınlığı

Azərbaycan Ordusu dünəndən növbəti və daha genişmiqyaslı hərbi təlimlərə başlayıb. Mayın 18-dən 22-dək, 4 gün çəkəcək əməliyyat-taktiki təlimlərə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Budəfəki təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq. Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur. Bundan əlavə, müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunlarımızın praktiki fəaliyyətləri yoxlanılacaq. Hərbi manevrlər eyni vaxtda Naxçıvan Muxtar Respublikasında da keçiriləcək.

*****

Əlbəttə, genişmiqyaslı təlimlər tezliklə real hərbi əməliyyatların, daha dəqiqi, antiterror əməliyyatının başlayacağı anlamına gəlmir. Hər necə olmasa, müharibə qərarı qabaqcadan elan edilmir və hərbi sirr kimi saxlanılır. Lakin təlimlərin işğalçı tərəfə güc nümayişi olduğu zərrəcə şübhə doğurmur. Üstün hərbi güc isə danışıqlar masası arxasında qarşı tərəfə mühüm təzyiq vasitələrindən biri, işğalçını hərbi güclə təhdid hesab olunur.

Bu xüsusda ərazisinin 20%-i illərdir işğal altında olan Azərbaycanın öz hərbi və döyüş potensialını bundan sonra da artıracağı, müharibə hazırlığını gücləndirəcəyi qətiyyən şübhə doğurmur. Bununla belə, rəsmi Bakı sülh danışıqları prosesinə də sadiq qalmaqdadır - erməni tərəfi dinc nizamlamaya olan ümidlərin üstündən, faktiki, xətt çəksə də.

Belə olan surətdə danışıqları davam etdirməyin mənası qalırmı?

BAXCP sədri, deputat Qüdrət Həsənquluyev hesab edir ki, nə qədər ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə qərarı verməmişik, nəticə olmasa belə, danışıqları davam etdirməliyik. “Əks halda, beynəlxalq birliyin ciddi təzyiqləri ilə üz-üzə qalıb, daha əlverişsiz vəziyyətə düşə bilərik”, - deyə o qeyd edib (Axar.az).

Onun sözlərinə görə, regionun böyük dövlətləri də münaqişənin danışıqlar yolu ilə həllini istədiklərini söyləyirlər, lakin həqiqətdə işğalçıya heç bir təzyiq göstərməməklə münaqişənin saxlanılmasında maraqlı olduqlarını nümayiş etdirirlər.

Bəs o zaman nə etməli, əgər savaş yolu də müəyyən risklər vəd edirsə? Biz daha neçə il torpaqların işğal altında qalması ilə barışmalıyıq?

“Mən hər zaman söyləmişəm ki, oturub möcüzə gözləməməli, xalqla səmimi davranılmalı, münaqişənin danışıqlar yolu ilə həllinə dair onda heç bir illüziya yaradılmamalı, münaqişənin həllində əsas söz sahibi olan Rusiya ilə danışmalı, regionun digər böyük dövlətləri olan Türkiyə və İrandan kömək istəməliyik. Əgər Rusiya ilə danışıqlar baş tutmasa, onda torpaqlarımız uğrunda ölüm-qalım savaşına başlamalıyıq. Qısa müddətdə güclü iqtisadiyyat və güclü peşəkar ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etməliyik. Amma bu mənim və BAXCP-nin mövqeyidir. Bütün xalqımız bu mövqedən çıxış edəndə torpaqlarımızı mütləq və böyük itkilər hesabına da olsa, işğaldan azad edəcəyik”, - deyə partiya sədri əlavə edib..

*****

Müharibə sözsüz ki, həmişə insan itkiləri deməkdir. Heç kim itki istəməz. Amma “Torpaq uğrunda ölən varsa, vətəndir”. Artıq bir şey dəqiqdir ki, düşmən Azərbaycanın hərbi gücünü zaman-zaman öz üzərində əyani hiss etmədikcə sülh danışıqlarında konstruktiv mövqeyə köklənməyəcək. Söhbət lokal hərbi əməliyyatlar vasitəsilə vaxtaşırı erməni qüvvələrini ciddi maddi-texniki və canlı itkiyə məruz qoymaqdan, Ermənistanı işğalçı siyasətə peşman eləməkdən gedir. Hər gün əsgər tabutu alan düşmən aydan-aya daha aydın şəkildə kəsdirməlidir ki, yad torpaqlarında qaldıqca qat-qat ağır itkilərə tuş gələcək.

Buna da şübhə yox ki, Azərbaycan lokal əməliyyatlarla yanaşı, ildırımsürətli Vətən müharibəsi üçün “qızıl fürsəti” səbirsizliklə gözləyəcək. Hərçənd gözləməyə də bilərik. Ona görə ki, BMT Nizamnaməsi bizə ərazi bütövlüyümüzü istənilən yolla bərpa eləmək haqqı verir. Azərbaycana müharibə haqqını həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair dörd məlum qətnaməsi, digər mötəbər təşkilatların (AŞ PA, Avropa Parlamenti, Qoşulmamaq Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və s.) Ermənistanı işğalçı kimi tanıyan qərar və sənədləri tanıyır.

Bütün hallarda Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağı gün kimi aydındır. Bunu yad torpaqlarda süni məskunlaşdırma aparmaqdan çəkinməyən ermənilər də, onların havadarları da yaxşı bilirlər.

*****

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-cı ildönümünü ilə əlaqədar dünən yaydığı bəyanatdandır.

Bəyanatda həmçinin deyilir: “Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.

Lakin dəyişməyən bir həqiqət var: Laçın və işğal olunmuş Dağlıq Qarabağ və ətraf digər rayonlar da daxil olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır və Azərbaycan ərazilərinin işğalının nəticələri birmənalı şəkildə rədd edilir. Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz".

Azərbaycan XİN bir daha qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların əsas məqsədi münaqişənin nəticələrinin aradan qaldırılması, beləliklə də Azərbaycan torpaqlarının işğalına son qoyulması və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin fundamental hüquqlarının bərpa edilməsidir.

“Beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunan norma və prinsipləri münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin əsasını təşkil edir. Ermənistanın danışıqlar prosesinin əsassız şəkildə, yalan və saxtakarlıqla uzatması cəhdləri qəbuledilməzdir və bölgədə sülhün təmin olunmasına başlıca maneədir. Münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin ayrılmaz hüququdur, - deyə bəyanatda qeyd edilir.

Müharibənin fəsadlarının aradan qaldırılması öz yerində, BMT Nizamnaməsi, digər beynəlxalq sənədlər Azərbaycana öz ərazi bütövlüyünü istənilən vaxt, istənilən yolla, o cümlədən xaricdən hərbi dəstək almaq da daxil, hərbi yolla azad eləmək hüququ tanıyır. Bu, hüququ bizdən heç kim almayıb, ala bilməz. Əgər özümüz ondan könüllü imtina eləməsək. O ayrı məsələdir ki, Azərbaycan “qızıl fürsəti” gözləmək zorundadır. Ona qədər yəqin ki, təcavüzkara qarşı lokal hərbi əməliyyatlar və ya düşməni taqətdən salma taktikasına üstünlük veriləcək...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR