GUAM-ın “guruldaya” bilməməsinin səbəbi...

20-05-2020, 14:40 161 dəfə baxılıb

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət yaradılan birliyin-GUAM-ın gücə çevrilə bilməməsi hər zaman müzakirə mövzusudur. 23 ildir fəaliyyət göstərən qurumun yarandığı ilk dövrlərdə qarşısına qoyduğu hədəflərə çata bilmədiyi göz önündədir.

Ekspertlərin GUAM-ın güclü təşkilata çevrilə bilməməsi barədə ən müxtəlif mövqelərinə, ehtimallarına rast gəlirik. Çoxları quruma daxil olan dövlətlərin hər birində olan ərazi problemi məsələsini səbəb kimi qabardır. Dörd dövlətin xarici siyasətdə tutduqları xətti də səbəblərdən biri kimi çəkənlər az deyil. Bu fikirlərdə müəyyən qədər həqiqət payı görmək olmur. Hər kəsə bəllidir ki, Azərbaycan müstəqil, balanslı siyasətə daim üstünlük verir. Gürcüstan və Ukraynada isə durum tamamilə fərqlidir. Rusiya tərəfindən 2008-ci ildə Gürcüstan və bundan 6 il sonra Ukrayna ərazilərinə edilən təcavüzdən sonra hər iki ölkə qərbyönlü xətt tutmağa başladı. Bu da həmin illərə qədər iki dövlətə Rusiyanın olan təsirini çox zəiflətdi. GUAM-ın son hərfini tamamlayan Moldova xarici siyasətdə orta xəttə üstünlük verir.

Politoloq Elçin Mirzəbəyli öncəliklə təşkilatın tarixindən söz açdı: “GUAM Demokratiya və İqtisadi İnkişaf naminə təşkilatın ciddi gücə çevrilməsi, bütün üzv ölkələrin maraqlarına uyğun olsa da, təəssüf ki, bir çox səbəblərdən bu, baş vermədi. Bu səbəbləri aşkara çıxarmaq üçün öncə təşkilatın yaranma tarixinə nəzər salmağı vacib hesab edirəm. GUAM-ın yaradılması ilə bağlı Kommunike 1997-ci ilin oktyabrında Strasburqda imzalansa da, təşkilatın ilk zirvə toplantısı 2001-ci ildə baş tutdu. Təxminən 4 il sonra... Təkcə bu faktın özü GUAM-ın ideya olaraq ortaya çıxdığı ilk gündən ona qarşı maneələrin kifayət qədər çox olduğunu göstərir. Təşkilatın fəaliyyətindəki aktivlik isə 2007-2008-ci illəri əhatə edir. Yəni GUAM ilk zirvə toplantısından 6 il sonra beynəlxalq arenaya çıxmağa cəhd göstərib. Onu da qeyd edib ki, GUAM-ın ən fəal dövrü Azərbaycanın təşkilata sədrliyi dövrünə təsadüf edir”.

Politoloq fikirlərinə bu cür davam etdi: “GUAM-ın bir təşkilat olaraq kölgəyə çəkilməsində isə Rusiya ilə Gürcüstan arasında baş verən hərbi münaqişə xüsusi rol oynadı. Bu hadisədən sonra Rusiya postsovet məkanında öz təsir gücünün qorunub saxlanılması ilə bağlı şərtlərini diktə etməyə başladı GUAM-ın vahid inteqrasiya məkanı kimi formalaşmasında maraqlı olan Qərb dövlətləri öz əvvəlki mövqelərindən geri çəkildilər və nəinki GUAM-ın inkişafına dəstək verə bilmədilər, hətta Gürcüstanın ərazi bütövlüyü ilə bağlı da olduqca dişsiz bir mövqe nümayiş etdirdilər. Şübhəsiz ki, yaranmış vəziyyət GUAM-a üzv olan digər dövlətlərin də mövqeyinə öz təsirini göstərdi. Gürcüstanda yaşanan təcrübə sübuta yetirdi ki, Qərb dövlətləri prinsipial məqamlarda, xüsusilə də dövlətlərin ərazi bütövlüklərinə, suverenliklərinə real təhdidin yarandığı məqamlarda yaranmış vəziyyətdən əsasən öz maraqlarının qorunması üçün istifadə edirlər, bu və ya digər böhranlı vəziyyətləri özlərinin bazarlıq predmetinə çevirməyə çalışırlar. Baş verənlər ortalığa başqa bir reallığı da çıxardı: Qərb ölkələrinin məqsədi yeni demokratiyaların inkişafına dəstək verməkdən ibarət deyil, onlar üçün elan etdikləri ideoloji prinsiplərdən daha önəmlisi öz praqmatik maraqlarıdır. Bu yanaşma özünü daha sonralar Ukraynaya münasibətdə də nümayiş etdirdi. Nüvə silahından imtinanın qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verən 3 böyük dövlətdən biri Krımı ilhaq etdi, digərləri isə demək olar ki, müşahidəçi mövqe tutdular və yalnız bəyanat verməklə kifayətləndilər. GUAM-ın bir təşkilat kimi inkişafına mane olan amillərdə təşkilatın formalaşdığı əsas prinsiplərə dəstəyini ifadə edən dövlətlərin nümayiş etdirdiyi qeyri-müəyyən, dişsiz, prinsipsiz və bəzi hallarda isə simasız mövqe nümayişidir. Başqa bir amil isə Qərbin yeni demokratiyaları qorumaq, onları regional güc mərkəzlərinin təhdidlərindən müdafiə etmək, həmin mərkəzlərə açıq təzyiq göstərmək əvəzinə, GUAM üzvü olan ölkələrə müxtəlif institutlar, beynəlxalq təşkilatlar vasitəsilə təzyiq göstərmələri, daxili siyasi proseslərə müdaxilə cəhdləridir. Amma GUAM-ın indiki passiv durumu heç də o demək deyil ki, bu təşkilatla bağlı heç bir perspektiv yoxdur. Əksinə, hesab edirəm ki, postpandemiya dövründə GUAM-ın beynəlxalq münasibətlər sistemində öz yerini tutması üçün geniş imkanlar yaranacaq”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR