Hərbi təlimlər hər an real döyüşlərə çevrilə bilər...

21-05-2020, 09:46 138 dəfə baxılıb

Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri artıq dördüncü gündür ki, davam edir. Ötən gün genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhə bölgəsində olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti səhra şəraitində ərazidə açılmış komanda idarəetmə məntəqəsində olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunların döyüş fəaliyyətinin təşkilini yoxladıqdan sonra müdafiə naziri əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, kəşfiyyat, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına baş çəkib, idarəetmə orqanlarının fəaliyyəti ilə bağlı müvafiq göstərişlər verib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdəki hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarə edilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları icra edirlər. Bu, artilleriyanın tətbiqinin nəticələrini müşahidə və lazımi düzəliş verməyə imkan verir. Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş PUA-lardan istifadə olunur.

“AzeriDefence”nin məlumatına görə, təlimdə Azərbaycan Ordusunun silahlanmasında mövcud olan “Orbiter 3" kiçik ölçülü taktik PUA-larla yanaşı ”Aerostar TP" və “Heron” tipli taktik PUA-lar da istifadə olunur. Qeyd edək ki, Müdafiə Nazirliyi “Heron”ları təlimdə ilk dəfə nümayiş etdirib.

Eyni vaxtda Azərbaycanın işğal olunmuş ərazilərində təlimlər başlayıb. Ağdamın Uzundərə adlanan ərazisində keçirilən təlim zamanı ağır artilleriya qurğularından istifadə olunur. Mərmilərin səsi hətta təmas xəttinə yaxın yaşayış məntəqələrindən də eşidilir. Ermənistan ordusu yerli “Davaro” şirkətinin istehsalı olan “Drakon” adlı “gəzən sursat”ın (kamikadze dron) sınaqlarına başlayıb. Dağlıq Qarabağdakı separatçı rejimə bağlı sosial şəbəkələrdəki səhifələrdə videogörüntülər nümayiş etdirilib.

İşğalçı ölkənin rəhbərliyi Qarabağ danışıqlarını pozmaq üçün davamlı şəkildə təxribatlara əl atır. Şuşaya son gəlişindən bir həftə keçəndən sonra baş nazir Nikol Paşinyan növbəti dəfə Qarabağa gəlməyə qərar verib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, Paşinyan separatçı rejimin saxta baş naziri Araik Arutyunyanın “inauqurasiya” şousunda iştirak edəcək. 31 martda və 14 apreldə keçirilmiş “seçki” oyunu nəticəsində qondarma rejimin rəhbəri “seçilmiş” Arutyunyanın “andiçməsi” 21 mart, saat 18.00-da Şuşa mədəniyyət və gənclər mərkəzində keçiriləcək və canlı yayınlanacaq.

Azərbaycan xalqı düşmənin son həyasızlıqlarını, həmçinin qondarma rejimin “andiçmə” mərasimində Ermənistan rəhbərliyinin də iştirak etməsini qəzəblə qarşılamaqla yanaşı, hesab edir ki, bundan sonra İrəvanla danışıq aparmağın heç bir mənası qalmır və elə 21 mayda düşmən cəzalandırılmalıdır. Özü də “andiçmə”nin Xankəndində deyil, Azərbaycan üçün çox həssas bir ünvan olan Şuşada təşkil edilməsi açıq şəkildə həyasızlıq nümunəsi olmaqla yanaşı, ölkəmizi savaşa çəkməkdir. Milli Məclisin son plenar iclasında da separatçıların şousuna sərt reaksiya verməklə bağlı çağırışlar səslənib.

Rəsmi Bakı artıq məsələyə etirazını bildirib. “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni ”seçkilərin" və qondarma “andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir". Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin açıqlamasında bildirilir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən və müvafiq olaraq, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz: “Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejim təcavüzkar Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi, ərazilərinin beşdə birinin işğalı, qanlı etnik təmizləmə və yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulmasının nəticəsidir. Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində ”andiçmə" adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı, özünü “demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyil. Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı “seçki” və ya “andiçmə”dən danışmaq hüquqa zidd olduğu qədər, heç bir sağlam məntiqə sığmır və beləliklə də hamılıqla pislənir və rədd edilir".

Azərbaycan XİN bəyan edib ki, müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir: “Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini demək olar ki, heçə endirməklə, bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir. Heç kəs şübhə etməsin ki, işğal olunmuş ərazilərimiz işğaldan azad olunacaq, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və məcburi köçkünlərin fundamental hüquqları təmin ediləcək”.
Düşmənə sarsıdıcı zərbələr endirməklə bağlı çağırış edən QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilər artıq bütün “qırmızı xətləri” keçiblər: “Onlar həm dövlətimizə, həm də millətimizə açıq-aydın meydan oxuyurlar. Şuşada ”andiçmə" şousu keçirməklə bir daha geri çəkilməyəcəkələrin demək istəyirlər. Bunu açıq mesajla bizə çatdırırlar".

A.Nağı bildirdi ki, artıq buna susmaq mümkün deyil: “Düşmənin dərsini ləngimədən verməliyik! Cəbhə zonasında keçirilən hərbi təlimlər dərhal hərbi əməliyyata çevrilməli, ermənilərin ”andiçmə" şousu yas mərasiminə çevrilməli , “andiçmə” keçirdikləri məkan və digər mövqeləri raketlərlə vurulmalıdır! Keçirilən hərbi təlimlərin xarakteri də buna imkan verir. Belə ki, bu təlimlərdə düşmənin istənilən dərinlikdəki hədəflərinə raket və aviasiya zərbəsinin vurulması məşq edilir".

QAT sədri əlavə etdi ki, 21 mayda səhərdən bu məsələ ilə bağlı virtual mitinq-aksiya keçirəcəklər: “Şüarlarımız bunlardır: Azərbaycan prezidentindən, Ali Baş Komandandan işğalçı Ermənistana qarşı müharibənin başlanmasını tələb edirik! Azərbaycan Ordusundan erməni quldurlarının ”andiçmə" deyilən şou keçirdikləri məkanın vurulmasını tələb edirik! İşğalçı Ermənistan Qarabağımızdan, Şuşamızdan rədd olub getməlidir! Qarabağsız Azərbaycan olmayacaq! Ya Qarabağ, ya ölüm! Sosial şəbəkələrdə kütləvi şəkildə bu şüarlar səsləndiriləcək, erməni bayraqları yandırılacaq, cırılacaq. Hər kəsi bu aksiyada fəal iştiraka çağırırıq!"

Azərbaycanın hərbi təlimlərə başlaması Ermənistanda təşviş doğursa da, görünür, sonradan Rusiya rəhbərliyinin Bakıya telefon açması düşməni ürəkləndirib. Belə ki, erməni mediası heç bir əsaslı dəlil gətirmədən iddia edir ki, Rusiyadan Bakıya açılan telefon zəngləri Qarabağ bölgəsində güc tətbiq edilməsinin qarşısını almağa yönəlib. Hansı ki, Azərbaycan və Rusiya arasında normal münasibətlər mövcud olduğundan vaxtaşırı iki paytaxt arasında müxtəlif mövzulara dair telefon müzakirələri olur. N.Paşinyan və komandası son zamanlar həm də Rusiya hakimiyyətinin, o cümlədən Sergey Lavrovun üzünə “ağ olub”. Üstəlik, Minsk Qrupunun atəşkəsin pozulmasına rəvac verə biləcək addımlardan çəkinməklə bağlı çağırışına zidd olaraq təxribatları davam etdirirlər. Beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Qarabağdakı “seçki” şousunu tanımadı. Amma separatçılar Ermənistan rəhbərliyinin də iştirakı ilə “andiçmə” oyunu düzənləyəcəklər. Belə olan halda Azərbaycan Ordusunun beynəlxalq rəyə və hüquqa tüpürən işğalçıya zərbə endirməsinə kifayət qədər əsas var. Ordumuzun hərbi təlimləri hər an real döyüşlərə çevrilə bilər...
"Yeni Müsavat"


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR