Qarabağ da, Şuşa da, Xankəndi də həmişəlik ermənilərdə deyil

25-05-2020, 17:46 237 dəfə baxılıb

Qarabağ da, Şuşa da, Xankəndi də həmişəlik ermənilərdə deyil

Qısamüddətli dustaqçılıq həyatımda çox nəfərlik kameraya köçdüyümün üçüncü gecəsi idi. Narkoman kamera yoldaşımın narkotik aclığı (“lomka” ağrıları) başlamışdı. İlk dəfədir belə halın şahidi olurdum. O sancılar içində qıvrlır, başın divara döyür, yerlə ilan kimi sürünür. Necə, nə cür kömək etmək olar axı?! O adı narkomandır…

Bir təhər özünə gəlib stolda oturdu. Oyaq olan hərkəsdən üzr istədi. Bədbəxt olduğunu dilə gətirib, ilk dəfə onun damarını deşən tanışının bir salamat yerin qoymadı, hamısın söyüb batırdı. Ağırılardan sümüklərinin çarta-çart çatladığını dedi. Başın qaldırıb: – Elgün, çöldə olsaydım anamın belə şəxsi əşyasını satardım bu “lomka” zəhrimardan çıxmaq üçün. Amma belə qalmazdım, – dedi.
-Səni anlamağa çalışıram, -dedim.

“Çöldəki” həyatından, gəncliyindən xeyli söhbət etdik. Dedim bəlkə bir az ovundura bilərəm. Sonra bir sual verdim: – Bəs elə olubmu ki, pulun olub amma “lomka”dan çıxmağa yox başqa şeyə xərşləmisən?! – Sualımı eşitdi. Hələ ki heç bir reaksiya vermirdi. Zağ-zağ əsən bədənini titrəyən əli ilə gah qaşıyır , gah da ovuştururdu. Birdən başın qaldırıb: Hə… – başın silkələdi – Eldənizin marketnə girib 18 blok siqaret oğurlamşdım. Amma onu mala vermədim.
– Bəs necə elədin? – təəccüblə soruşdum.
– Aprel döyüşləri idi, qaqam, – deyib, gözünü bərələ qalmış gözümün içinə zilləyib davam elədi – Mən bir narkoman kimi özümə o siqaretlə alacağim malı haram bildim. Siqaretləri götürüb Tərtərin Düyərli kəndi istiqamətinə gəlmiş topculara verdim. Əsgəri canımdan vacib bildim. Ondan sonra iki gün ağrıdan zülüm çəkdim. Amma şiddətli ağrılar içində partlayan bədənimi bir təsəlli ilə sakitləştirdim: Bizə görə vuruşan əsgərin siqareti var… Stop!!!

Dünən Bərdə şəhərində:

Dostum Tofiq lə Bərdə şəhərində yerləşən “Bazar store” marketlər şəbəkəsindən 40 ailəlik bazarlıq edirik. Ərzaq həddən artıq çoxdur. Bir yandan kassada hesabladıb, bir yandan da maşına daşıyırıq. Marketin qarşısında duran qaraçı uşaqlarının bəziləri oradan yüklə çıxan müştərilərə 20-30 qəpik qarşılığında köməklik edir, bəziləri isə marketin qarşısında duran bahalı maşınların təkərin qaraldıb, gördükləri iş müqabilində pul tələb edirlər. Həmin maşınlardan birinə içidolu təkərli səbətlə yaxınlaşan məni görən uşaqlar, qarğa leşə toplanan kimi toplanıb üstümə gəldilər. Hərəsi bir ağızdan: – Əmi, sən Allah, bizə bir çörəkpulu ver, – dedilər. Dinmədim… Tərs-tərs üzlərinə baxıb, baxışlarımı yayındırdım. Dostumun “cip”inin yük yerini açıb ərzağı yığdım. İkinci səbəti gətirəndə eyni hal baş verdi. Daha sərt davrandım. Qaraçı uşaqlar üzlərinə salıb əl çəkmək bilmirlər. Daha sərt ifadələrlə onları sakitləşdirdim. Dördüncü səbəti maşına gətirəndə onlar mənə tərəf yaxınlaşıb ən cəsarətlisi sakitcə soruşdu: – Əmi, səni and verirəm Qurana, de görək bir belə ayn-oyunu neynirsən?! – Sualda səmimilik hiss elədim və cavablandırdım: – Ramazan bayramına görə cəbhədə yerləşən imkansız ailələrə verəcəyik. Bir anda hər şey dəyişdi. Mənə sual verən uşaq orada olan bütün qaraçı uşaqları səfərbər elədi. Səbəti daşıyıb , təkəri qaraltdılar. Hərəkətlərinə ciddi nəzarət elədiyimi görən uşaqlardan biri dilləndi: – Başına dönüm, müəllim , bizdən narahat olma, çöpə də dayəsi deyilik. Yükü özümüz daşıyıb, təkəri pulsuz qaraldacağıq. Siz yaxşı adamsınız. Heç olmasa imkan verin cəbhədəki adamlara bizim də köməyimiz dəysin, – dedi. Gözlərim doldu. Uşaqları qucaqlayıb hönkürmək istədim. Amma dözə bildim…

Onlar sona qədər yardım elədilər. Hətta maşının sıxlıqdan çıxıb yola düzəlməsinə kömək elədilər. Hay-həşirlər, səs-küylə “Allahın zaminində olun!”, -deyib yola saldılar.

Bu gün… Cəbhə kəndlərində ərzaq payı paylayırıq.

Getdiyimiz evlərdən birinin sahibi əlimizdə ərzaq bağlamasını görüb bizi xoş üzlə qarşıladı. Çay təklif elədi. Bayramımızı təbrik etdi. Sonra təmkinlə ona gətirdiyimiz bağlamanı əlimizdən alıb dedi: – Bunu alan da, hazırlayan da , gətirən də sağ olsun. Amma mən loxma çörək tapıb yeyə bilirəm – deyib bağlamanı qaldırıb, sözlərinə davam elədi – Gəlin bu bağlamanı məndən iki çəpər o yanda yaşayan qonşuma aparaq. O məndən daha çətin vəziyyətdədir…

Hərdən milli mentalitetimizin darmadağın edilməsinə hesablanan xarici televiziya kanallarında evirə gedən gic-gic bacarıq yarışmasındakı ovsunçuların nömrələrınə “sözün bitdiyi an…” – deyirik. Amma mənim üçün sözün bitməsi “lomka”dakı narkomanla türmədə, talançı qaraçı uşaqları ilə Bərdədə, ağdamlı cəbhə kəndinin sakini ilə cəbhədə baş verdi.

Cənablar, vallah, billah, biz mükəmməlik. Əvəzolunmaz və bənzərsizik. Dünyada yeganə ölkə vətəndaşıyıq ki, ən rahat yatağı, ən dadlı yeməyi qonağa veririk. Bütün çətin sınaqları bədnam qonşularımızdan fərqli olaraq öz hesabımıza dəf edirik. Biz bu birliyi klaviatura arxasında öz generallarımıza “Şuşanı vur!” əmri verməkdənsə birləşib Şuşanı əldə etməyin ideoloji yollarını axtarmağa və tapmağa sərf etməliyik.

Sakit, təmkinlə və dərindən düşünün cənablar. İtirdiklərimizi qazananlar, hazırkı müvəqqəti qazancları üçün iki yüz əlli il hər şeylərini veriblər. Amma onlar bizdən də yaxşı bilirlər ki Qarabağ da, Şuşa da, Xankəndi də həmişəlik onların deyil. Biz tam həmrəy olana qədər onlar orda olacaq…


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR