“Hər kişinin 3-4 arvadı, 5-6 maşını var” – Partiya sədri

3-06-2020, 13:11 144 dəfə baxılıb

“Elə dövlətlər var ki, sərvətləri başından aşır, xəzinəsi ağzınacan doludur. Hər kişinin 3-4 arvadı, 5-6 maşını, malikanələri var. Amma belə dövlətlərin heç də hamısı güc sahibi sayılmırlar. Bir çox hallarda onlarla hesablaşmırlar da. Çünki həmin ölkələrin əhalisinin savad səviyyəsi aşağı, elmi zəifdir”.

Yenisabah.az xəbər verir ki, bu fikirlər Yurddaş Partiyasının sədri, keçmiş deputat Mais Səfərliyə məxsusdur.

Partiya sədrinin fikrincə, müasir dövlətin gücü onun pullarının miqdarına, bombalarının sayına, raketlərinin sürətinə deyil, vətəndaşına, insanına bağlıdır.

“Zəmanəmizin insanının gücü isə nə onun qolunun zorunda, nə var - dövlətində, nə də babalarından qalma sərvətindədir. Bugünki insanın gücü onun savadına, biliyinə, dünyagörüşünə bağlıdır”, - deyə o vurğulayıb.

Mais Səfərli daha sonra qeyd edib ki, dünya xəritəsində az qala kiçik bir nöqtə boyda dövlətlər də var ki, hər kəs onlarla hesablaşır. Çünki həmin ölkələr yüksək təhsil sisteminə, böyük elmi potensiala malikdirlər. Partiya sədri daha sonra əlavə edib:

“Təhsil insana daxili qabiliyyətini üzə çıxarmağa, anadangəlmə yetənəklərini inkişaf etdirməyə imkan yaradır, potensialına elmi biliklər qatıb, onu həyat yollarında güclü edir. İnsan məhz təhsilin sayəsində kamilləşir, suallarına cavab tapır. Bütün bunlar ona rahat, parlaq, maddi və mənəvi cəhətdən zəngin həyat bəxş edir. Odur ki, güclü dövlətlər təhsilə, elmə böyük diqqət və pullar ayırır,gəlirlərini insan kapitalına çevirirlər. Bu kapital- sərvətlərin sərvətidir.

Ölkəmizdə təhsilin Avropa standartları səviyyəsinə yüksəlməsi üçün hələ zaman lazımdır. Ancaq açıq görunən odur ki, təhsil Azərbaycan dövlətinin diqqət mərkəzindədir. İldən - ilə büdcədən bu sferaya ayrılan xərclərin əhəmiyyətli dərəcədə artması müsbət qiymətləndirilməlidir”.

Partiya sədri əlavə edib ki, koronovirus pandemiyası həyatımızın bütün sahələrində olduğu kimi, təhsilimizə də ciddi zərbələr vurdu. İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə 2019-2020-ci tədris ilinin ikinci yarısında təhsil ocaqlarımız, demək olar ki, qapalı qaldı. “Buna baxmayaraq, Təhsil nazirliyinin təşkilatçılığı, müəllimlərimizin zəhməti nəticəsində tədris prosesi internet üzərindən aparıldı, teledərslər təqdim olundu. Ekstremal şəraitdə şagirdlərin yeni biliklərə yiyələnmələri üçün xeyli işlər görüldü. Başlıcası,məktəblilər bunun hesabına fasiləsiz maariflənmə prosesinə cəlb edildilər. Bu bir fədakarlıq, vətənpərvərlikdir. Pedaqoqlarımıza, təhsil təşkilatçılarımıza hamılıqla "Var olun !"-deyək”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR