Ramiz Mehdiyevdən sonra yaranmış boşluq - əriyən klassik müxalifət, media və revanş planı..

6-07-2020, 23:54 377 dəfə baxılıb

Azərbaycan indi iki kataklizmdən keçir - pandemiya və postMehdiyev dövründən...Və hər iki proses ağrılı, mürəkkəb, ciddidir.
Anaxeber.info-nun Analitik Mərkəzi yazır ki, iqtidar sarayındakı daxili çevriliş və əl dəyişməsi avtokratiya görüntüsü yaradır. Sanki nəzarətsiz, qeyri-məhdud bir idarəçilik mövcuddur.
Dünənə qədər total və sistemli kontrolun olduğu hakimiyyətdə indi təmərküzləşmə və mərkəzçilik əldən çıxmış, idarəçilik pərakəndə görünməkdədir.
Bu da sabiq aparat rəhbəri, illərlə daxili siyasətdə qurulan oyunların əsas ideoloqu Ramiz Mehdiyevin və komandasının gedişindən, icra başçısı təyin etdiyi bəzi adamlarının rüşvətlə həbsindən sonra yaranmış mənzərədir.
İndi daşların yerinə oturması, yeniçərilərin avtoritetliyini qəbul etdirməsi lazımdır. Çünki qanun və sistem yox, fiqurlar üzərində qurulan idarəçilik avtoritar xarakterə malik kadrların gətirilməsini tələb edir.
R.Mehdiyevin yerinə təyin olunan Samir Nuriyevi isə ictimaiyyət yetərincə tanımır, bu müddət ərzində tutduğu posta görə hansısa ciddi qərar verməyib, cəmiyyətin gözünə girən addımlar atmayıb.
Əksində, bu yaşında AMEA prezidenti R.Mehdiyev bu və ya digər şəkildə gündəmdədir, verdiyi qərarlar, sərəncamlar müzakirə olunur.
Çünki R.Mehdiyev təkcə PA rəhbəri deyildi, hakimiyyətin ən güclü qruplaşmasının “babası”, Bakı-Moskva əlaqələrinin mühüm fiquru idi.
Onun kurasiyasında nazirlər, icra başçıları, siyasi partiyalar, media, QHT-lər, müxtəlif qruplar və klassik müxalifət var idi.
Yeri gəlmişkən, politoloq Eldar Namazov bu yaxınlarda eyham vurdu ki, R.Mehdiyevdən sonra sifarişli mitinqlər dayanıb.
Bu, keçmiş ideoloqun klassik və ənənəvi müxalifəti, vaxtilə E.Namazovun özünün də mütəffiq olduğu həmin düşərgəni idarə etməsinə bir işarə idi. Halbuki, həmin müxalifət dedikdə konkret hansı siyasi təşkilatlar və liderlər nəzərdə tutulduğu aydın olur.
Çox maraqlıdır ki, onların idarə olunduğunu zaman-zaman ismarışlar verən, həmin klassik müxalifətin saxta, xalqı hər prosesdə aldadıb qondarma birliklər yaradan liderlərinə qoşulmayan, əvəzində qınağa tuş gələn, lakin hər mərhələdə dediyi haqlı çıxan Ümid Partiyası və sədri İqbal Ağazadə bu evcik-evcik oyunlarında heç vaxt iştirak etməyib.
Haşiyədən kənara çıxmaq olmasın, sözün kəsəsi budur ki, postMehdiyev dövründə bütün bu proseslər, hakimiyyətin davranışları, Ramiz Rövşənin şeirində deyildi kimi - kimin əlinin kimin cibindən çıxması öz çılpaqlığı ilə diqqət cəlb edir.
Sabiq PA rəhbərinin və əlaltısı Əli Həsənovun siyasi hakimiyyətdəki təsirlərinin azalmasından sonra sözügedən sistem müxalifəti, “söyüş müxalifəti”, həmçinin, onların maraqlarına xidmət edən media şam kimi əriməkdədir.
Artıq intriqalar, süni gərginliklər, hakimiyyətin birinci şəxsinin Mehdiyev tərəfindən idarə olunan müxalifətin əli ilə təşkil edilmiş mitinqlərlə siyasi şantaja və sabotaja məruz qoyulması halları geridə qalmaqdadır.
Şübhəsiz ki, yuxarıda qeyd etdiyimiz nüansları da gözdən qaçırmaq olmaz - yeni formalaşan hakim komandada gənc kadrların naşılığı, səriştəsizliyi, özlərini təsdiqləyə bilməməsi, yumşaq reputasiya malik olmaları, ümumən Mehdiyevdən sonra yaranmış “boşluq”...
Anaxeber.info-nun təhlilçiləri Mehdiyevdən sonra hakimiyyətdaxili qalmaqalların, əmlak və kapital uğrunda mübarizənin başa çatdığı qənaətindədir.
Yeni nazirlər və məmurlar oliqarxlaşmamış, qruplaşma maraqları olmayan, klançılıq və traybalizm siyasətindən uzaq kadrlardır.
Lakin bu, sabiqlərin revanşizm ehtirası ilə alışıb-yanmaması kimi qiymətləndirilə bilməz. Keçmiş nazir Əli İnsanovun təşkilatlanması, çıxışları, R.Mehdiyevə verdiyi mesajlar, AMEA prezidentinin nəzarətində qalan tək-tük media orqanlarında köhnə qvardiyaya qahmar çıxılması, eyni zamanda idarə edilən müxalifətin əski mübarizə metodlarından imtina etməməsi, hələ də küçə döyüşləri ilə məsələnin həll olunacağına tərəfdarlarını inandırması məhz revanşistlərin şinelindən çıxan təşəbbüslərdir. Amma bu müqavimət bir müddət sonra imunitetini itirəcək və məğlub klan reallıqla barışmalı olacaq.
İndiki halda isə pandemiyanın yaratdığı sosial-iqtisadi çətinlik, karantinin yanlış olaraq uzadılması və bu səbəbdən artan gərginlik, əhalinin maddi şəraitinin ağırlaşması, yeni islahatçı komanda kimi təqdim olunan mövcud hökumətin xalqın mənafeyi naminə real, effektiv proqramlar, layihələr həyata keçirə bilməməsi keçmiş qvardiyaya revanş üçün fürsət, şans qazandırır və klassik müxalifətin əli ilə təzyiq rıçaqlarını işə salmaq imkanı yaradır.
O baxımdan pandemiyadan əziyyət çəkən narazı elektoratı fəallaşdırmaq üçün mehdiyevçilər payızda bir neçə uğursuz cəhdə təşəbbüs göstərməyə çalışacaq...
Ümumiyyətlə, bir çoxları elə hesab edir ki, Ramiz Mehdiyev hakimiyyət rıçaqlarından hələ tam uzaqlaşdırılmayıb və uzun illər boyu Azərbaycan siyasətində ikinci adam olaraq bilinən bu dövlət məmurunun əlində hələ də adminstrativ resursların qaldığını iddia edənlər var.
Bunu əsaslandırmağa çalışanlar Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasında vəzifə almasını önə sürürlər.
Bir çoxlarına görə isə Azərbaycan siyasətində yeni dönəm başlayır və islahatlar bundan sonra daha sürətlə və daha effektli həyata keçiriləcək, keçmiş klan iqtidarı yenidən götürməyə müvəffəq olmayacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR