Paşinyanı sərhəddə təxribata nə vadar etdi? - TƏHLİL

14-07-2020, 09:26 317 dəfə baxılıb

Ermənistan tərəfinin Tovuz istiqamətində sərhəddə təxribat törətməsi, atəşkəs rejiminə riayət etməməsi rəsmi İrəvanın danışıqlar prosesinə münasibətinin göstəricisidir.

Siyasi şərhçilər baş verən təxribatı fərqli istiqamətlərdə şərh edirlər. Əsas diqqətçəkən məsələlərdən biri isə Ermənistan daxilində baş verən problemlərdən diqqəti yayındırmaq istəyidir ki, ekspertlər ermənilərin təxribatı məhz bu səbəblə törətdiyini düşünürlər. Məlumdur ki, Ermənistanda koronavirus pik səviyyədədir və pandemiya ölkəni ağuşuna alıb. İqtisadi problemlər, xalqın narazılığı da vurusla bərabər ölkə boyunca yayılır. Pandemiyanın və narazılığın qarşısını ala bilməyən Paşinyan hökuməti əhalinin sosial etirazına qarşı da duruş nümayiş etdirə bilmir.

Belə olan vəziyyətdə yarıtmaz idarəetmə sistemindən, sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ katından istifadə edərək təxribat əmri verməsi tamamilə gözlənilən idi.

Digər tərəfdən, Paşinyana qarşı daxildə etirazlar güclənir, hətta çevriliş cəhdindən söhbət gedir. Artıq Paşinyana qarşı olan qüvvələrin əlini gücləndirdiyi də müşahidə olunur. Görünən odur ki, baş naziri dalana dirəyiblər.

“Çiçəklənən Ermənistan” Partiyasının sədri, parlamentdəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın da müxalifətə keçməsi Paşinyanın işini daha da çətinləşib. Paşinyan müxalifətin bu təzyiqindən xilas olmaq üçün müharibə tezisindən istifadə etməyə çalışır. Amma artıq idarəetməni tam itirdiyindən, müharibə ritorikası ilə diktatura qurmaq istəyinə çatması da inandırıcı görünmür.

Ermənilərin törətdiyi təxribata, səslənən fikirlərə münasibət bildirən deputat Arzu Nağıyev Cebhe.info-ya açıqlamasında maraqlı məqamlara toxunub.

A.Nağıyev düşünür ki, ermənilərin son tərxibatı çox məqsədyönlü idi:

“Əgər belə demək mümkündürsə, bu, gözlənilən idi. Çünki Tovuz rayonunda Ermənistan sərhədi 69 kilometrdir. Cəbhə bölgəsinə Əlibəyli, Hacıalı, Ağdam və s. dağ kəndləri düşür. Məhz Ağdam istiqamətindən bu təxribatı törətmək də özü məqsədyönlüdür. Çünki bir sıra yüksəkliklər var ki, birmənalı şəkildə beynəlxalq kommunikasiyalara nəzərət etmək üçün ən mühim strateji nöqtələrdir. Ermənilər bir neçə müddət əvvəl də istər Qazax, istərsə də Tovuz istiqamətindən Ermənistan-Azərbaycan sərhədində bu təxribatı törətdilər. Məlumdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu gün Ermənistan daxilində istər siyasi, istərsə də iqtisadi baxımdan hakimiyyət vətəndaşlarına verdiyi sözü tuta bilmədiyi üçün nəyin bahasına olursa olsun, yenə də Qarabağ kartından və digər müharibə mövqeyindən istifadə etməli idi. Bu da ondan ibarətdir ki, ermənilər sərhədlərdə təxribat edəcəklər. Bir vaxt da Qazaxda Sərhəd Qoşunlarına qarşı bu təxribatı etdilər. İndi də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində bu təxribata gedirlər. Sonradan beynəlxalq təşkilatlar qarşısında bir hay-küy qaldıraraq bu proseslərə KTMT və orada təmsil olunan dövlətlər tərəfindən qiymət verilməsini istəyəcəklər. Əsas məqam da bundan ibarətdir ki, həm kommunikasiyalara nəzarət etmək üçün yüksəklikləri ələ keçirmək, həm də əks istiqamətdə Azərbaycan Ordusunun atacağı hər bir addımı təxribat kimi qiymətləndirərək KTMT üzvü olduğunu bir daha ortaya qoymaq”.

Deputat beynəlxalq təşkilatları da ermənilərin bu təxribatına susmamağa çağrıb:

“Beynəlxalq təşkilatlar, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri birmənalı şəkildə bu təxribatın ermənilər tərəfindən edildiyini açıq formada bəyan etməlidir. Əgər bu gün ermənilər dinc əhalinin yaşadığı Tovuzun Ağdam və digər kəndlərini iriçaplı artilleriya qurğularından atəşə məruz qoyurlarsa, düşünürəm ki, birmənalı şəkildə BMT, Avropa qurumları, ATƏT səviyyəsində buna qiymət verilməlidir. Təəssüflər olsun ki, bu təxribat nəticəsində hərbçilərimiz şəhid olub, yaralılarımız var. Düşünürəm ki, Azərbaycan Ordusu öz üzərinə düşən funksiyanı layiqincə yerinə yetirib, erməniləri məqsədlərindən əl çəkməyə məcbur edib. Bu təxribatların davam etməsinin qarşısını almaq üçün güclü Azərbaycan Ordusu öz əməliyyatlarını davam etdirəcək. Beynəlxalq təşkilatların da birməanlı şəkildə kimin təxribatçı və işğalçı olmasına cavab verməsinin vaxtı çoxdan çatıb”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR