BTC və BTQ-nin keçdiyi Tovuzda təxribatlar kimlərin marağındadır - ekspertdən açıqlama

16-07-2020, 17:46 186 dəfə baxılıb

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs imzalandıqdan bəri sərhəddə atışmalar, atəşkəsin pozulması, düşmənin təxribatları adətən işğal olunmuş ərazilərdə baş verirdi. Son 4 gündə isə düşmən gözlənilmədən Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonunun Ağdam kəndini atəşə tutdu. Daha sonra ağır artilleriya atəşləri Tovuzun digər sərhəd kəndlərinə də yönəldi. Ordumuz düşməni layiqli zərbə ilə geri oturtsa da, hərbçilər və dinc sakinlər arasında şəhid olanlar, yaralılar oldu. Hesab edilir ki, təxribatların məhz Tovuzdan başlaması təsadüfi deyil. Tovuz həm də Azərbaycanın rəhbərlik etdiyi beynəlxalq layihələrin keçdiyi rayondur. Bakı -Tiflis-Ceyhan neft boru xətti və Bakı-Tiflis-Qars dəmir yolu bu rayonun ərazisindən keçdiyinə görə təkcə Azərbaycan deyil, beynəlxalq konsorsiumun bütün üzvləri bu rayonun təhlükəsizliyində maraqlı olmalıdır.

Hazırkı durumda isə baş verənlər Azərbaycanın beynəlxalq layihələri üçün də disk daşıyır ki, bu vəziyyətin hansı ölkənin enerji maraqlarına uyğun gəlməsi də sirr deyil.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, əslində layihədə maraqlı olan bütün şirkətlər və dövlətlər bu rayonun təhlükəsizliyində maraqlı olmalıdır: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs elan olunduqdan sonra da müxtəlif zamanlarda Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kəmərləri çəkilərkən də müxtəlif təxribatlar olmuşdu. Hətta Gürcüstan ərazisində, Cənubi Asetiyada 2008-ci ildə boru kəmərinə yaxın ərazidə hərbi əməliyyatların olduğu ilə bağlı məlumatlar var idi. Beynəlxalq konsorsiumun iştirak etdiyi layihələr, böyük dövlətlərin, Amerikanın da maraqlarını təmin edən şirkətlərin iştirak etməsi transmilli layihələrin müəyyən qədər təhlükəsizliyini, qorunmasını təmin edir. Ancaq indiki dünyada, başını itirmiş bir dünyada müəyyən təxribatların və müəyyən addımların olması ehtimalı artır”.

İqtisadçı vurğuladı ki, son zamanlar Azərbaycan Türkiyə bazarında Rusiyanın qaz bazarını sıxışdırmağa başlayıb: “Türkiyə hazırda Azərbaycandan daha çox qaz alır, hətta gələcəkdə bu həcmlərin artması ehtimalı var. Çünki TANAP layihəsi artıq bitdi, TAP layihəsi də işə düşdükdən sonra Cənub Qaz Dəhlizi koridoru vasitəsilə Türkiyənin daha artıq qaz almaq imkanı olacaq. Son bir ildə Rusiya qaz satışı ilə bağlı Türkiyə bazarının 34 faizini itirib. Bunun hamısını Azərbaycan tutmayıb, Amerikanın da, Qətərin də Türkiyəyə sıxılmış qaz satışı həcmləri artıb. Ancaq Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə Azərbaycandan daha təhlükəsiz və keyfiyyətli qaz ala biləcək. Belə bir məqamda Tovuz rayonunda bu hadisələrin baş verməsi insanı müəyyən qədər düşünməyə vadar edir ki, nəyə görə işğal olunmuş torpaqlarda, Dağlıq Qarabağda yox, Azərbaycan-Ermənistan sərhədində belə təxribatlar törədilir, həm ordumuza, həm də dinc sakinlərə atəş açılır”.

N.Cəfərlinin sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində baş verən istənilən hadisədə sonradan tərəf kimi, Rusiyanın başında durduğu Kollektiv Təhlükəsizlik Şurasının münaqişədə iştirakına legitimlik yaranır: “Bu hadisə də Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Şurasının münaqişəyə rəhbərlik etməsi üçün əsaslar verir. Bu, ciddi bir təhlükədir. Bizim müəyyən təcrübəmiz var, qaldırdığımız məsələ ilə uzlaşa bilər. Rusiyanın qaz bazarında çox aqressiv davrandığı çoxdan məlumdur. Dövlət büdcəsinə gəlirlərinin əksər hissəsi də qazdan gəlir. Çünki qazı dövlət satır, neft isə özəl şirkətlərin əlindədir və onlar ancaq neft gəlirlərindən vergi şəklində dövlət büdcəsinə vəsait yönəldirlər. Ona görə də Rusiya üçün qaz gəlirləri daha əhəmiyyətlidir. Büdcəsinin formalaşmasında mühüm rol oynayır. Ötən gün Rusiya hökumətinin bir açıqlaması da oldu ki, qaz gəlirləri kəskin şəkildə aşağı düşüb. Hətta orta hesabla qiymətlər 67 dollara düşüb ki, bu da ”Qazprom"un təcrübəsində ən aşağı göstəricidir. Bütün bunları cəmlədikdə, belə bir ehtimal yaranır ki, həmin bölgədə Ermənistanın təxribatları, həm də Azərbaycanın beynəlxalq layihələrinə qarşı yönəlmiş bir addımdır".

Ekspert vurğuladı ki, hazırda Rusiya ilə Türkiyə arasında müəyyən fikir ayrılıqları da mövcuddur: “Liviyada, Suriyada aralarında çox ciddi rəqabət var. Çünki maraqları tamamilə ziddir. O baxımdan beynəlxalq qlobal mənzərədən baxdıqda, müəyyən təhlükələri görmək mümkündür”.

N.Cəfərli onu da diqqətə çatdırdı ki, Azərbaycan tərəfinin də beynəlxalq dəstəyi gücləndirməsinə ehtiyac var: “Transmilli korporasiyalar bu layihələrinin toxunulmazlığını, Ermənistanın təxribatlarının həm də bu layihələrə yönələ biləcəyini zaman-zaman tərəfdaşlarımız və dövlət rəsmilərimiz dilə gətirməlidirlər".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR