Erməni separatizmi Amerikada dəfn olundu: - ABŞ Konqresində baş verənlərin səbəbləri nədir?

22-07-2020, 18:22 216 dəfə baxılıb

ABŞ Konqresi Amerikadakı erməni lobbisini məyus etdi. Amerika Erməniləri Milli Komitəsinin icraçı direktoru Aram Hamparian Amerikanın siyasi elitasında erməni lobbisinə işləyən konqresmen və senatorlar üzərindən 2 tələb irəli sürmüşdü:

1)ABŞ Azərbaycana 120 milyon dollarlıq yardımı dayandırsın;

2) Ermənistandan Stepanakertə mülki təyyarələrin uçmasına Azərbaycan mane olmasın. Alınmadı. Hər iki tələb rədd edildi.

5-6 gün əvvəl yazmışdim ki, erməni lobbisi istəyinə nail ola bilməyəcək. ABŞ Rusiyanın yanında yer alan Ermənistana görə son 3 ildə (2018-ci ildən) 120 milyon dollar yardım etdiyi Azərbaycana arxa çevirməz. Müqayisə üçün deyim ki, ABŞ Ermənistana heç qara qəpik də vermir.

17 iyul tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar haqqında Komitəsinin iclasında sürpriz sayıla biləcək olay da yaşandı. Belə ki, ABŞ tarixində ilk dəfə olaraq Ermənistan əleyhinə düzəliş qəbul edildi. Söhbət 296 saylı düzəlişdən gedir. Sənəddə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən” söhbət gedir. Yəni ABŞ adıçəkilən dövlətlərin ərazisinin işğal olunduğunu rəsmən qəbul edir. Əslində, bu zamana qədər ABŞ Ukrayna, Gürcüstan və Moldovaya münasibətdə işğal faktını həmişə etiraf etmişdi. Azərbaycana gəldikdə isə ABŞ sürüşkən mövqe tutmuşdu. Dolayısı ilə erməni separatizminə dəstək də vermişdi. Donald Tramp administrasiyası iqtidara gəldikdən sonra vəziyyət dəyişdi və erməni lobbisinin təsir dairəsi xeyli məhdudlaşdı.

296 saylı düzəliş əslində Rusiyanı hədəf alıb. Adı çəkilən dörd dövlətin dördündə də ortaya çıxan separatizmin arxasında Rusiya dayanıb. Yalnız Azərbaycanda Rusiya Dağlıq Qarabağdakı erməni separatizmini Ermənistanın əli ilə həyata keçirib. Belə deyək: Rusiya arxa planda baş rolu oynayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qərarı Ermənistanda təəccüb, Azərbaycanda isə çöşqu yaratdı. Bu qərarı gözlənilməz hesab etmək olarmı? Olmaz. Niyə? 10 iyun 2020-ci ildə Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırdı. Həmin sənəddə deyilirdi: “Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda öz öhdəliklərini gücləndirməyə çağırırıq”.

BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı rəhbərliyi rəsmi İrəvandan tələb edir ki, qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxartsın. İslam ölkələri də oxşar mövqedən çıxış edir.

Avropa Parlamentinin həmin sənədindən sonra ABŞ-ın da belə bir addım atacağı gözlənilirdi. Bu baxımdan, ABŞ Konqresinin Nümayəndələr Palatasının Ermənistana qarşı olan 296-cı düzəlişi təsadüf sayıla bilməz. ABŞ ən yaxın müttəfiqi olan Avropa Birliyinin tutduğu yolla getməyə qərara verdi.

Deyim ki, separatizm təkcə Azərbaycanın problemi deyil. Avropanın özündə 270-ə qədər separatizmə meylli ərazi var. Onların bir çoxunda vəziyyət kritik həddədir. Məsələn, İspaniyanın Kataloniya muxtar vilayətində vəziyyət istənilən vaxt nəzarətdən çıxa bilər. İtaliyanın Lombardiya və Vetodo vilayətiləri müstəqilliyə can atır. Avropa Birliyi separatizmin Kataloniyadan Korsikaya (Fransa) , şimali İtaliyaya, Belçikada isə flanderlər arasında yayılmasından ehtiyat edir. Əlbəttə, Bask separatçılarını da unutmaq olmaz. Şimali İrlandiyanın radikal qruplarından biri olan İrlandiya Milli Azadlıq Ordusu 2010-cu ilə qədər Britaniya hökuməti ilə silahlı mübarizə aparıb.

Bir ovuc erməninin marağını ödəmək üçün o boyda Avropa Birliyi öz varlığını təhlükə altına ata bilməzdi. Ona görə də Avropa Birliyi separatizmin, o cümlədən də erməni separatizminin əleyhinə qərar verdi. Təbii ki, həmin qərar təkcə Azərbaycana aid deyil. Digər ölkələrdə də, məsələn, Gürcüstan, Ukrayna və Moldovada da eyni yanaşma tətbiq olunacaq. Sonda ABŞ da Avropa Birliyinin bu mövqeyinə dəstək verdi. Azərbaycan ərazilərinin işğalı ilə bağlı, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də var. Çinin də separatizmə qarşı barışmaz mövqedə olması kimsəyə sirr deyil. Yəni hazırda vəziyyət kəskin şəkildə Azərbaycanın xeyrinə dəyişib. Təbii ki, ermənilər də bunun fərqindədir.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun bəyanatına bir daha diqqət edək. Tovuz rayonuna Ermənistanın hərbi hücumu ilə bağlı o, belə demişdi: ”Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşüb. Ona görə də Qərbdəki dostlarımızı Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi baxımdan qorunmasını təmin etmək barədə düşünməyə dəvət edərdim”.

Heç şübhəsiz ki, Ermənistanın Azərbaycanın tranzit kommunikasiyalarına nəzarəti ələ keçirmək istəyi də ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycan torpaqlarını işğalı faktını etiraf etməyə təşviq edib.

907-ci düzəliş — 1992-ci ildə-Əbülfəz Elçibəy dönəmində erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktı kimi qəbul olundu. Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş hər birimizin yadındadır. Həmin düzəliş 2001-ci il 11 sentyabr hadisələrindən sonra donduruldu. Çünki Əfqanıstanda terrora qarşı müharibə aparan Amerikanın Azərbaycanın dəstəyinə ehtiyacı yarandı.

Azərbaycan beynəlxalq siyasi arenada elə bir oyunçu olmalıdır ki, hətta super dövlətin belə ondan işi keçsin. Bunun üçün Azərbaycan iqtisadi və hərbi baxımdan güclü olmalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan nə qədər güclü olsa, onunla bir o qədər hesablaşacaqlar. Biz dövlət və millət olaraq güclü olmağa məhkumuq. Heç kəs unutmasın ki, bu dünyada zəifləri “uf” demədən tapdalayıb, keçirlər.

Son olaraq onu da deyim ki, Avropa Birliyi və ABŞ-ın Dağlıq Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyü prinsipinə üstünlük verməsi Ermənistanda ruh düşkünlüyü yaradıb. Kosova Serbiyadan öz müstəqilliyini 2008-ci ildə elan etdi. İndiyə qədər Kosovanı müstəqil dövlət kimi 91 ölkə tanıyıb. Ancaq Kosovonu tanıyanlar arasında Ermənistan yoxdur. Çünki Rusiya Serbiyanın parçalanmasının əleyhinə çıxıb. Ermənistan Dağlıq Qarabağ üçün Kosovonu nümunə kimi təbliğ etsə də Rusiya amilinə görə bu ölkənin müstəqilliyin tanıya bilmədi. Kosovodan sonra isə heç bir muxtar qurum dünyada müstəqil dövlət statusu almayıb. Elə Kosovunun özünü də dünyadakı dövlətlərin yarıdan çoxusu tanımır. O sırada Azərbaycan da var. Rusiya tərəfindən tanınan Cənubi Osetiya və Abxaziyanı isə cəmi 3-4 çırtdan ölkə tanıyır. Təbii ki, Avropa Birliyinin və ABŞ-ın atdığı son addımlar onu deməyə əsas verir ki, bundan sonra heç bir muxtar bölgənin və ya separatist hərəkatın müstəqil dövlət yaratması mümkün deyil, o cümlədən Dağlıq Qarabağın müstəqil dövlət olmaq ehtimalı belə sıfırın altındadır. Ona görə də əminliklə demək olar ki, bundan sonra ermənilər danışqlar zamanı maksimalist mövqedən uzaqlaşmalı olacaqlar. Zamanın çağırışı separatizmi rədd edir və ermənilər də bu reallıqla razılaşmaq zorundadırlar.
Elbəyi Həsənli, Musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR