İdarəetmədə yeni dönəm: ”Oliqarxik quruluş dağılır” - Sərdar Cəlaloğlu

30-07-2020, 21:04 200 dəfə baxılıb

Son illər vəzifədən uzaqlaşdırılan məmurların böyük biznes imperiyalarına malik oldğuğu ortaya çıxıb.
Sabiq nazirlər Ziya Məmmədov (Grant Holdinqin sahibi), Fazil Məmmədov (ATA Holdinqin sahibi), Eldar Mahmudov (Avtomobil mərkəzləri, restoran və hotellər sahibi), Heydər Əsədov (əsasən Türkiyədə ailə biznesi var), Elmar Məmmədyarov (Londonda milyonluq mülkləri var) və digərləri də böyük biznes və pullara sahibdirlər. Bununla yanaşı rayon İcra hakimiyyəti başçılarından da oliqarxiyaya doğru irəliləyən də vəzifədən uzaqlaşdırıldı.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İcra hakimiyyətlərində keçirdiyi əməliyyatlarda üzə çıxarılan sərvətlər bunu deməyə əsas verir. Sirr deyil ki, hələ də hakimiyyətdə təmsil olunan oliqarx məmurlar var və görünən odur ki, iqtidar onları vəzifədən uzaqlaşdırmaqda qərarlıdır. Hər halda yeni təyinatlar da bunu deməyə əsas verir. Hazırda görüntü ondan ibarətdir ki, siyasi hakimiyyətin kursu oliqarxiyanın təsirinin azaldılması, texnokratların iş başına gətirilməsidir.
Maraqlıdır, bu kurs uğurlu olacaqmı? Əsas maneələr hansı istiqamətdən ola bilər?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında ilk olaraq texnokratların hakimiyyətə gətirilməsi fikri ilə razılaşmadığını deyib:
“Texnokrat sənayeçilərin, iş adamlarının hakimiyyətə gəlməsidir. Bunlar hamısı məmurdur. Onlar texnokrat adlana bilməz. Amma tamamilə doğrudur ki, oliqarxik quruluş dağılmaq üzrədir. Doğrudur, yeni təyinatlarda müəyyən yerliçilik, qohumluq nəzərə çarpır. Yəni oliqarxların zəifləməsinə razıyam, amma texnokratların hakimiyyətə gəlməsi məsələsi düz deyil”.
Partiya sədri qeyd edib ki, bu kursun uğurlu olacağını söyləmək tezdir:
“Bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin etdilər, amma özünü doğrultmadı. Kadrları yalnız peşəkarlığına, dövlətə, xalqa bağlılığına görə təyinatı müsbət nəticəsi ola bilər. Yeni təhsil nazirinin danışığına, bəyanatlarına baxıram, bir dənə ümidverici fikri, ideyası yoxdur ki, təhsildə nə edəcək, özünün təhsil konsepsiyasi varmı? Ümumiyyətlə, təhsillə, pedaqogika ilə bağlı geniş bilgiləri varmı?”.
Siyasi hakimiyyətin tutduğu kursa gəlincə isə S.Cəlaloğlu vurğulayıb ki, oliqarxiya sistemindən birdən-birə uzaqlaşmaq mümkün deyil və onlar iqtidara təsir etməyə çalışacaqlar:
“Azərbaycan hələ bir müddət də bu istiqamətdə inkişaf edəcək. Biz Rusiyanın təsirindən nə qədər azad olacağıqsa, bir o qədər də oliqarxik sistemdən uzaqlaşacağıq”.
Vilayət Muxtar


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR