“Şimal qonşumuz strateji müttəfiqimizdir, iqtisadi əlaqələrimiz var, amma...”

18-08-2020, 15:01 363 dəfə baxılıb

Rusiyanın Rostov şəhərindən havaya qalxan hərbi yük təyyarəsi Qazaxıstan, Türkmənistan və İran hava məkanlarından keçməklə İrəvana eniş edib. Bəzi araşdırmaçılar Ermənistana daşınan yükün silah-sürsat olduğunu yazır. Rusiyadan Ermənistana iyul ayının 17-dən avqust ayının 4-dək təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların hava məkanından daşınmasına icazə vermədiyi üçün reyslər Rostov-Minvod(RF)–Aktau(QR)–Türkmənbaşı(TR)–Novşer-Rəşt (İİR) – Mehri – İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Təəssüf ki, Gürcüstandan fərqli olaraq, Qazaxıstan, Türkmənistan və İran Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq verib. Hər üç ölkənin respublikamızla yaxın siyasi və iqtisadi münasibətləri var. Buna rəğmən həmin ölkələr işğalçı Ermənistana Azərbaycana qarşı istifadə etmək üçün silah-sursat daşınmasına etiraz etməyiblər. Amma Azərbaycan tərəfi bu ölkələrlə bağlı dəyanətini dəfələrlə sübut edib. Rusiyanın hər zaman Ermənistana silah verdiyini deyən millət vəkili Vahid Əhmədov “Sherg.az”a bildirib ki, Kreml yeri gəldikdə Ermənistandan pul da almır. Parlament üzvü qeyd edib ki, bu gün Ermənistanda olan silahların hamısı Rusiyadan alınıb: “Silahlar hansı dövlətlərin hava limanından keçirsə, onlar yaxşı düşünməlidirlər. Çünki həmin ölkələrin Azərbaycanla iqtisadi-humanitar əlaqələri var. Ölkə başçısı hər zaman onlarla yaxşı münasibətdə olub. Amma onlar imkan verirlər ki, hava limanlarından silahların aparılması həyata keçirilsin. Ən düşündürücü məsələlərdən biri budur. Dövlətlər bu barədə yaxşı düşünməlidirlər ki, “niyə Azərbaycan kimi ölkə ilə münasibətləri korlayıb öz hava limanımızdan istifadəyə icazə verməliyik?!”.

V.Əhmədov vurğulayıb ki, Rusiya həmişə Ermənistanın yanındadır: “Tovuz hadisələri göstərdi ki, Rusiya baş verənlərdə çox maraqlıdır. Ona görə də Rusiyadan yaxşı heç nə gözləmirəm. Şimal qonşumuz strateji müttəfiqimizdir, iqtisadi əlaqələrimiz var. Amma onların Ermənistana mövqeyi tamamilə başqadır. Ona görə də hər zaman düşməni silahla təmin ediblər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR