Bir tərəfdən irad bildiririk ki, niyə Rusiya işğalçıya hərbi texnika göndərir, digər tərəfdən...

21-08-2020, 19:02 484 dəfə baxılıb

Azərbaycanla Rusiya arasında silah qalmaqalında son günlərdə səngimə müşahidə olunur. Tovuz döyüşlərindən dərhal sonra Kremlin Ermənistanı silahdandırma prosesinə start verməsinə, həcmi 400 tondan artıq olan hərbi təyinatlı yükləri bir aya yaxın müddət ərzində forpostu hesab etdiyi təcavüzkar ölkəyə daşımasına edilən etirazlara demək olar ki, bu günlərdə, rast gəlinmir.

Çoxları düşünür ki, Rusiyanın erməniləri silahlandırması barədə faktlar üzə çıxan kimi Azərbaycan tərəfdən göstərilən sərt təpki şimal qonşumuz üçün gözlənilməz olub. Eyni zamanda, narazılığın səngiməsində avqustun 12-də Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan telefon danışığının da ciddi rol oynadığı qeyd olunur. Həmin telefon zəngini dövlət başçısı İlham Əliyev edərək, rusiyalı həmkarı Vladimir Putinə bu məsələdə öz kəskin iradını bildirmiş və zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdı.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında deyilənlərə bu cür mövqe sərgilədi: “Ölkə başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığında açıq iradını söylədi ki, sərhəddəki son insidentdən sonra belə Rusiya Ermənistana 400 ton hərbi texnika və sursat aparıb. Hətta bu söhbətdən sonra başqa məlumatlar gəldi ki, Rusiya yenə də hərbi texnikanı düşmən ölkəyə daşıyır. Bu günlərdə Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyan aprel döyüşləri ilə bağlı mətbuat konfransı keçirdi. O da etiraf etdi ki, onun zamanında Rusiyadan tonlarla hərbi texnika daşınırdı. Yəni Rusiya heç zaman bu prosesi dayandırmayıb. Bu haqlı olaraq, Azərbaycanın siyasi elitasının, cəmiyyətinin narazılığına səbəb olub. Belə bir vəziyyətdə Rusiya necə vasitəçi ola bilər? Axı vasitəçi qarşı-qarşıya duran tərəflərlə bərabər məsafədə durmalıdır. Biz anlayırıq ki, Rusiya Ermənistanın hərbi-strateji müttəfiqidir, orada hərbi bazaları var. Ancaq müharibə getdiyi bir şəraitdə Ermənistana bu qədər hərbi texnika göndərmək artıq onun vasitəçiliyi ilə düz gəlmir. Biz bu məsələni də rahatlıqla qaldıra bilərik. Aydındır ki, Rusiyanın böyük təzyiq imkanları var, şimal qonşumuz böyük ölkədir. Amma bu o demək deyil ki, biz Rusiyadan çəkinməliyik. Dövlət başçısı əgər Kremlin sahibinə açıq şəkildə sözünü deyirsə, demək siyasət də bu yöndə aparılmalıdır.Çox təəssüf ki, son günlər bu məsələni sanki unutdurmağa çalışırlar. Hətta hiss olunur ki, hakimiyyət içərisindəki müəyyən qruplar yenidən Rusiyaya strateji tərəfdaşlıqdan söz açmağa başlayıblar. Bunun nümunəsi kimi dövlət başçısının rusiyalı həmkarına iradını bildirməsindən sonra rus hərbi gəmilərinin Bakı limanında lövbər salmasını, hərbi yarışlarda birgə iştirakı, onların gül-çiçəklə qarşılanmasını göstərə bilərik ki, bu, dövlət siyasətimizə tamamilə zidd idi.

Bir tərəfdən iradımızı bildiririk ki, niyə Rusiya işğalçı Ermənistana hərbi texnika göndərir, digər tərəfdən də bu ölkənin hərbi gəmisini gül-çiçəklə qarşılayırıq. Bu, ziddiyyətdir. Düşünürəm ki, ola bilsin hakimiyyət içərisində Rusiyapərəst qüvvələr var ki, onlar Moskva ilə yenidən tərəfdaşlıq münasibətlərinin bərpasına çalışırlar. Bu da doğru bir yanaşma ola bilməz. Maraqlarımıza birbaşa ziddir. Heç kim demir ki, Kremllə düşmən olmalı, baş-başa gəlməliyik. Rusiyanın gücünü və imkanlarını bilməmiş deyilik. Amma onun qarşısında diz çökmək, titrəmək də doğru siyasət deyil. Bizim hərbi-strateji müttəfiqimiz Türkiyədir. Həmin dövlətlə hərbi müttəfiqliyi gücləndirməliyik. Qardaş ölkə görəndə ki, rus hərbi gəmilərini gül-çiçəklə qarşılayırıq, o zaman rəsmi Ankara bu haqda nə düşünəcək? Ona görə düşünürəm ki, hakimiyyət içərisindəki həmin ruspərəst qüvvələr bu siyasətdən əl çəkməlidir. Yaxşı xatırlayıram ki, bir neçə il öncə hakimiyyətə yaxınlığı ilə seçilən bəzi deputatlar təklif edirdilər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmalıdır. Təsəvvür edirsinizmi ki, həmin təşkilatda işğalçı Ermənistan var. Və təcavüzkar ölkə ola-ola bəzi deputatlar bu təklifi irəli sürürdülər. Mənə maraqlıdır ki, dövlət başçısı Rusiyaya Ermənistana bu qədər silahlar daşıması barədə iradını bildirdikdən sonra yenə də həmin deputatlar düşünürlər ki, Azərbaycan KTMT-nin üzvü olmalıdır? Bu düşüncə tərzi rus hərbi gəmisinin Azərbaycana gəlişini sürətləndirdi. Halbuki bu baş verməməli idi. Biz həm bu hərbi yarışlardan imtina etməli idik, həm də rus hərbi gəmilərinin Azərbaycanda qarşılanmasını təşkil etməməli idik. Bununla Kremlə narazılığımızı bir daha göstərmiş olardıq”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Azərbaycan bacardığı qədər reaksiya nümayiş etdirir. Bilirsiniz ki, Rusiyaya qarşı bizim ictimai fikirdə əsasan pafosa söykənən düşüncələr tirajlanır və demək olar ki, bütün dövrlər ərzində Rusiya ilə qarşıdurmalardan itkilərlə çıxmışıq. Ona görə də obyektiv yanaşmalıyıq, hansı ki, məhz Prezident İlham Əliyev həyata keçirir. Bu cür də strategiya üzərindən davam etmək lazımdır. Bütövlükdə isə Rusiyada diaspor, diplomatiya, maliyyə və elm sahəsinə soydaşlarımızı yerləşdirmək lazımdır. Hazırkı məqamda diplomatik etirazlar daha rahat yoldur, təəssüf ki, güc anlayışının sərhədi elə burda da bitir. Ona görə İlham Əliyev dostluq, yaxınlıq yanaşmaları ilə Rusiya və Türkiyəni TAR ittifaqına gətirməklə Qarabağı üçlüyün uzlaşan marağı əsasında qansız-qadasız həll etməyə çalışır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR