Moskvanın Tovuz mesajı: Lavrov nə demək istəyirdi? - TƏHLİL

22-08-2020, 11:02 368 dəfə baxılıb

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Trud” qəzetinə verdiyi müsahibədə ötən ay Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar, Tovuz döyüşlərinin baş vermə səbəbləri haqqında danışıb. Bütün dünyanın izlədiyi döyüşlərin arxasında bir sıra səbəblərin dayandığını deyən XİN rəhbəri Ermənistan tərəfinin sərhəddən 15 kilometr məsafədə olan köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini yenidən qurmaq istəməsinin qarşı tərəfdə yüksək narahatlıq yaratdığını bildirib. O, həmçinin Ermənistanın uyğun olmayan- qeyri-adekvat reaksiyasını qeyd edərək bütün bunların gözlənilməyən nəticələrə yol açdığını vurğulayıb.

Bundan əlavə, Lavrov danışıqlar prosesinin tezliklə yenidən bərpa olunmasının vacibliyindən söz açıb.

Maraqlıdır, məsələyə bu formada yanaşan Sergey Lavrov hər iki tərəfə əslində nə demək istəyib? Ümumiyyətlə, onun fikirlərinin hansısa pərdəarxası məqamları varmı?

Lavrovun Tovuz döyüşlərini özünəməxsus şəkildə qiymətləndirməsini Azvision.az -a şərh edən politoloq Nəzakət Məmmədova deyib ki, əslində Rusiya XİN rəhbərinin “Trud”dakı sözləri sıradan bir təhlil və ya fikir deyil, müəyyən mesaj xarakterlidir:

“Öncə onu deyim ki, Sergey Lavrovun danışıqlar prosesinin təcili şəkildə Minsk qrupunun nəzarəti altında başlamaq təklifi bir neçə məqamdan xəbər verir. Rusiya regionda status-kvonu yenidən nəzarət altına almaqda israrlıdır. Xüsusilə də, Türkiyənin yüksək ordu heyətinin Azərbaycana səfər edərək Ali Baş Komandan İlham Əliyev tərəfindən qəbul edilməsi onu deməyə əsas verir ki, Rusiya yeni vəziyyətdən narahatdır və özü üçün ən əlverişli status- kvo olan Minsk formatında proseslərin əvvəlki məcraya qayıtmasında maraqlıdır. Ermənistan isə təbii ki, özünün havadarları olan böyük güclərin təhriki ilə Azərbaycan və Türkiyənin əsas maraq dairəsindəki enerji layihələrinə təhlükə törətməyə cəhd etmişdi. Doğrudur, təxribatlarından sonra bəzi gözləntiləri boşa çıxmışdı, KTMT və ələlxüsus da Rusiyadan istədiyi dəstəyi ala bilmədi, lakin onun hərəkətlərinə yönəlik qınayıcı bəyanatlar da verilmədi. Vəziyyət 12 iyuldan əvvəlki şəraitə qayıtdı”.

Lavrovun həmsədrlər məsələsini, köhnə formatda görüşlərin bərpasını gündəmə daşımasının boşuna olmadığını deyən politoloq Prezident İlham Əliyevin Minsk qrupunun fəaliyyətini kəskin tənqid etməsini xatırladıb. Nəzakət Məmmədova hesab edir ki, ölkə başçısının Ermənistana 400 ton silah göndərilməsi ilə bağlı Rusiya rəhbərinə - Vladimir Putinə narazılığını ifadə etməsini məlum hadisələrdə siyasi proseslərin kulminasiya nöqtəsidir: “Təbii ki, həmin tənqiddən sonra Rusiya öz nəzarətində olan mexanizmi əldən buraxmaq istəmir. Çünki Minsk qrupu buraxılacağı təqdirdə Rusiya üçün məqbul olmayan format yarana bilər. O cümlədən, hazırda regionda söz sahibi olan və Azərbaycanla çox yaxın hərbi-siyasi əlaqələri formalaşmış Türkiyənin, habelə digər ölkə və ya yeni formatın Minsk qrupunu əvəz etməsi gündəmə gələ bilər. Ümumiyyətlə, vəziyyət çox qarışıqdır, hətta Ermənistan özü də Rusiyadan narazıdır. İşğalçı ölkənin rəhbər şəxsləri hesab edirlər ki, Rusiya iyul döyüşləri zamanı müttəfiqi Ermənistana daha açıq dəstək verə bilərdi. Yəqin ki, münaqişə tərəflərinin narazılığı, Azərbaycanda son vaxtlar Rusiyaya qarşı aşkar etirazlar, habelə Türkiyənin regiona ayaq açması planları Lavrovu bu bəyanatı verməyə məcbur edib”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR