“İlham Əliyev də “5-ci kolon”dan danışanda, onları nəzərdə tutur”

24-08-2020, 19:26 275 dəfə baxılıb

“Eldar Həsənovun həbsindən sonra hakimiyyətdaxili qruplar arasında gedən mübarizə açıq müstəviyə çıxıb”. Yenicag.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq, nəvəsinə toy etməsinə və o mərasimdən sonra yaşananlara münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin bu hərəkəti prezident İlham Əliyevin yürütdüyü siyasətə qarşı çıxmaqdır:

“O, özünün mövqe və imkanlarını hələ də qoruyub saxladığını sübut etməyə çalışır. Toy mərasimində keçmiş nazirlərin, indiki deputatların, çox sayda vəzifəli şəxslərin iştirakı onu deməyə əsas verir ki, Ramiz Mehdiyev bununla hökumətə mesaj verib.

Demək istəyib ki, “Guya məni “vurmusunuz?” Mən istəsəm, hazırda sizin yüksək vəzifə verdiyiniz insanları toyuma çağıraram, onlar da qanunları pozaraq, gəlib mənim yanımda yer alararlar”. Hökumət də təbii ki, buna reaksya verməli idi. Demək lazımdır ki, hökumət o toyda olanların cəzalandırılmasında bir sutka ləngidi.

Mən həmin toyun xəbərini alan kimi qeyd etmişdim ki, bu, açıq üsyandır və dövlət buna mütləq reaksiya verməlidir. Əks təqdirdə, dövlətin nüfuzu ciddi zərbə alacaq. Ancaq o ərəfədə müvafiq dövlət orqanları, hakimiyyətə yaxın media və deputatlar susdular. Birinci şəxsdənmi və ya kimdənsə reaksiya gözlədilər, yalnız bundan sonra hərəkətə keçdilər.

O toyda iştirak edənlər hakimiyyətdaxili mübarizənin tərəfləridir. “Köhnə”lər və “yeni”lər dediyimiz qruplar var. Mehdiyevin nəvəsinin toyuna gedənlər məhz “köhnə”lərin nümayəndələridir.

İlham Əliyev hər dəfə “5-ci kolon” ifadəsini işlədəndə, bu, müxalifətə deyil, daha çox o qrupa şamil olunmalıdır. Bu gün də sübut olundu ki, məsələ bizim düşündüyümüz kimidir. Eldar Həsənovun həbsindən sonra hakimiyyətdaxili qruplar arasında gedən mübarizə açıq müstəviyə çıxıb. Ramiz Mehdiyev artıq özü hücuma keçib. O, bilir ki, itiriləsi heç nəyi qalmayıb.

Bizim mövqeyimiz ondan ibarətdir ki, həmin mərasimdə iştirak edən hər kəs cəzalandırılmalıdır. Bu, həm hüquqi, həmdə həm də siyasi formada olmalıdır. O şəxslər tutduqları postlardan istefa verməlidirlər, komandadan uzaqlaşdırılmalıdırlar. Əks təqdirdə, bu tendensiya çox təhlükəli şəkil ala bilər. Ona görə də, dövlətin gücünü hər kəs hiss etməlidir”. //Yenicag.az//


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR